Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:21

İnşa


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Bilal Hüseynov

İNŞA

Həsən xoşbəxt uşaqlıq ömrünü yaşayırdı, İranın ucqar kəndlərindən birində dərd-qəmdən uzaq ata-anasının firavan ömrünə baxır, fərəhdən sinəsi atlanırdı.

Oxuduğu məktəb mərhum ümummilli şahın adını daşıyırdı.

Mərhumun yeganə varisi və layiqli davamçısı olan gənc şah atasının adını daşıyan məktəbdən heç nəyi əsirgəmir, ildə iki dəfə uşaqlara baş çəkir, çanta, dəftər-qələm və məktəbli forması bağışlayırdı.

Onlara şahın ailəsinə məxsus xəzinənin hesabına başqa məktəblərin şagirdlərinin həsəd apara biləcəyi son nəsil kompüterlər alıb göndərmişdi.

Gənc şahın arvadı – ölkənin birinci xanımı çadrasını çiyinlərinə salıb uşaqlarla şəkil çəkdirməyi xoşlayırdı. Şahın arvadı ilə şəkil çəkdirmək xoşbəxtliyi Həsənə də qismət olmuşdu.

Ölkənin bütün televiziya kanalları iqtisadi inkişafa, tikilən körpülərə, çəkilən yollara, ucalan göydələnlərə dair nəğmələri bülbül cəh-cəhi ilə oxuyur, vəzir–vəkillər, əyan–əşrəflər, təlxəklər, xəfiyyələr şahın, onun cənnətməkan atasının, arvadının, qızlarının və gələcək varisinin şəninə dastanlar söyləyir, bütün dünyaya səs salan folklor örnəkləri yaradırdılar.

Həsənin Tehranda günəmuzd tikinti fəhləsi işləyən qonşusu Məşədi Ağaqulu iş icraçısının beş razmer böyük ölçülü kostyumunu geyib cırıq qaloşları ilə televiziyaya çıxır, şaha və onun ailəsinə xalq üçün yaratdığı fərhəngə, gözəl məişət şəpaitinə görə minnətdarlığını bildirirdi.

Vaxtilə kənd oğlanlarının, üstünə fırtıq atmadıqları, amma indi Dubay gözəli kimi tanınan Fatmaxanım “işlərinin” çox olmasına baxmayaraq, hər dəfə təyyarədən düşəndə elə perrondaca o məşhur yerdə İran gözəllərini necə təmsil etməsindən danışırdı. İran inkişaf edir, düşmənlərinin gözunu çıxarırdı.

Dünyanın yarısı İranın qazı ilə yanını qızdırır, nöyütü ilə texniki tərəqqiyə nail olurdu. Avropalı qonaqları qəbul etmək üçün Tehranda ayrıca hava limanı tikilmişdi.

Qonaqlar İranın Avropaya inteqrasiyasından ağız dolusu danışır, ölkənin şahına güvəndiklərini gizlətmir, onu açıq-aşkar dəstəkləyirdilər.

Şahın səxavəti sayəsində bütün neft şirkətlərinə əcnəbilər başçılıq edirdilər. Neftdən gələn gəlirlər yardım və pensiya şəklində əhali arasında bərabər bölünürdü. Utopik sosialistlərin arzuladıqları ədalətli cəmiyyət əlini Qurana basıb xoşbəxtliyin qarantı olacağına and içmiş müdrik və uzaqgörən şahın dunyanı heyrətdə qoyan siyasəti nəticəsində İranda çoxdan qurulmuşdur.

Həsən üçün hər şey maraqlı görünürdü, ölkənin inkişafından qürur duyurdu.

Günlərin bir günü məktəblərdə internet yarışması keçirildi. “Sən kim olmaq istəyirsən?” inşasını Həsən böyük həvəslə yazdı və özünün şah olmaq istəyini ortaya qoydu.

İran kimi inkişafda olan bir ölkənin şahı olmaq Həsən üçün romantik arzu idi. İnternet yarışması qurtarar–qurtarmaz xəfiyyə idarəsindən gəlib Həsənin kompüterini apardılar, özünü isə sorğu-suala çəkdilər, boynuna qoymağa çalışdılar ki, inşanı atasının rəyi ilə yazıb.

Həsənin doğmaca müəllimləri üzünə durdular ki, bəs, bəli, atası onun oxuması ilə müntəzəm maraqlanır, hətta tez-tez məktəbə gəlir.

Bu faktı sənədləşdirib Həsənin atasını Amerikaya sürgün etdilər, qoy gedib oradakı demokratların arasında acından köpük qussun, oğlunu şah olmaq həvəsinə saldığı üçün ölkənin inkişafına baxıb qovrula-qovrula qalsın.

Sonra məlum oldu ki, Həsənin təhsili ilə əmiləri də maraqlanıblar.

Şahın üzünə ağ olduqları üçün Həsənin əmilərindən birini zindana saldılar, o birini Almaniyaya sürgün etdilər ki, Həsənin atası ilə birləşib gənc və şan-şöhrətli şaha sədəmə yetirməsinlər. Həsənin sinif rəhbəri ağayi Qulamşah, Həsənin dayısının üzünə durdu ki, bəs əlahəzrət şahı yıxmaq və bacısı oğlunu onun taxtında oturtmaq planını məhz o hazırlayıb.

Ölkədə ölüm hökmü olmadığına görə gənc şah bütün dünyaya humanistlik nümayiş etdirib Həsənin dayısının danışan dilini və yazan əllərini kəsdirməklə kifayətləndi.

Həsənin anasıyla çoxdan ədavət aparan qonşusu–cavanlığında mərhum şahın kənizi olmuş, indi şahın ailəsinə məxsus xəzinədən xüsusi təqaüd alan doxsan doqquz yaşlı Tükəzban xala hökumətə çuğulladı ki, ərləri xalq düşməni çıxandan sonra Həsənin anası, dayısı və əmisi arvadları gizlincə bir yerə toplaşıb şahın gördüyü möhtəşəm işləri gözdən salmağa çalışırlar.

Şah sərəncam verib onları ev dustağı elədi ki, bir-biri ilə görüşüb dərdləşməsinlər, üzr istəyirəm, xosunlaşmasınlar.

Həsəni isə hələ də xəfiyyə idarəsində xüsusi nəzarət altında saxlayırlar. Hələ də onun dindirilməsi davam edir.

Şahın rahat taxtına su calamaq, tacına yiyələnmək istəyənlərin axtarışı dayandırılmayıb.

Həsənin sinif yoldaşları, internetlə məktublaşdığı adamlar nəzarətə götürülüb ki, kimsə şah olmaq arzusuna düşməsin. Həsən adı təhlükəli ada çevrilib, çoxları bu xalq düşməninin adını daşımamaq üçün xərc çəkib pasportunu dəyişir.

Ölkədə Həsən adının qoyulması yasaq edilib. Həsəni qabaqda daha nələr gözləyir, bir Allah bilir. Ölkəyə isə Allah deyil, şah başçılıq edir.

Gərək Həsən internet yarışması üçün yazdığı inşada şah olmaq istəyini bildirməyəydi, məktəbi də yarımçıq qaldı, arzusu da…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG