Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:55

Edam


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Sevinc Nuruqızı

EDAM

Günəş ağır-ağır boz-bulanıq bulud topasının arxasına girib qüruba enirdi.

Göy üzünün çirkli toranını işıqlandıran sonuncu şəfəqlərinin əl-ayağını yığıb, qarsılmış, parça-parça olmuş, qurumuş torpağı bomboz səma, ağır-ağır üzü şimala doğru yeriyən bulud topası ilə baş-başa buraxıb yox olurdu.

Səmanın pərişan qoynunda boğulub göyərmiş adam təlaşı hiss olunurdu. Buludlar üst-üstə qalaqlanmışdı.

Batmaqda olan günəşin hələlik boş qalmış qırmızımtıl-mavi yeri üzərində mübarizə gedirdi.

Yerdən buxarlanıb qalxmağa heç nə yox idi.

Göydəki qara, çirkli buludlar dili-dodağı susuzluqdan cadar-cadar olmuş torpağa ümidverici bir şey vəd etmirdilər.

Yol üstə idilər. Hara isə köçürdülər. İlk baxışda bağrı çatlayan Yerə elə gəlirdi ki, Tanrı ona ayırdığı səma payını bu qara, çirkli buludları, batıb-görünməz olan günəşi ilə birlikdə hara isə çəkib aparacaq.

O, başının üstü bomboş uçurum qədər dəhşətli nəhayətsizliklə tək-tənha qalacaq.

Səması çəkilən Yer gözünü axan bulud topasına zilləmişdi.

Tanrının belə bir haqsızlıq etməyəcəyinə inana-inana səmaya sonuncu su payını yollamaq üçün qurumuş ciyərlərini ağrıyana qədər gərib, orada qalmış son damcıları buxara çevirib Tanrının çəkib apardığı çirkli səmaya doğru yönəltdi.

Dəhşətli sükutu maşın mühərrikinin gurultusu pozdu. Ətrafda hər şey səmanın acı mənzərəsindən gözünü ayırıb gələnlərə zillədi.

Gələnlər saqqallı çənələrini qaşıya-qaşıya yerə atıldılar.

Sonra gurultu qopdu. Maşından aşırdılan enli dəmir boru torpağın bomboz qoynu ilə bir xeyli diyirləndi.

Buludların qara kölgələri onu ağ-qara ləkələrlə müşayiət etdi. Sonra iyrənc gülüşmə bayaqdan köç edən göy üzünün həyəcanından nəfəsi qarsılan torpağı titrətdi:

- Əla düşünmüsən. Genialnaya ideya. Ara, heç kimin ağlına gəlməzdi bu. Necə fikirləşdin?

- Qəfildən... Durduğum yerdə.

- Sən möhtəşəm planlar, layihələr ustasısan. Budəfəkinə isə heç nə çatmaz. Amma gərək fotoqraf gətirəydik.

- Nəyə lazım... Belə şeyləri fotoaparatın yaddaşına atmaq riskdir.

- Yox, bu lazım idi. Ha-ha-ha... Doğrudan da, genialnı ideyadır...

Ətraf çəkiliş meydançasına bənzəyirdi. Maşından qaynaq qurğusu da düşürtmüşdülər. Bir neçə üzü qorxu və iztirabla dolu uşaq maşının yük yerinə qısılmışdı.

Gözləri aşağıda dayanıb zarafatlaşanlara dikilmişdi. Tərpənmirdilər. Plastilindən düzəldilmiş fiqurlar kimi istidən əriyib bir-birinin üstünə qalaqlanmışdılar sanki.

Amma bu böyük plastilin topası nəfəs alırdı. Üst-üstə qalaqlanmış təpəcikdəki gözlərin bəbəkləri dəhşət içində oynayırdı.

Qara buludların bayaqkı köçü indi də tövşüyən uşaq qalağına kölgəsini salmışdı.

Aşağıdakılar diyirlənib maşından uzaqlaşan dəmir borunun üstündə oturmuşdular. Ciyərlərinə çəkdikləri siqaretin acı tüstüsü burunlarından qopub çirkli səmaya doğru millənirdi:

- Dur, başlayaq.

- Bir az dayan.

- Niyə...

- ...

İkinci müsahibinin verdiyi növbəti sualı cavabsız buraxıb, cibindən çıxartdığı yeni sıqareti yandırdı, acgözlüklə sümürdü.

Bığının altındakı təbəssümü yastı sifətinə doğru gətirdi. Üzü işıqlandı. Sonra işıq sinəsinə endi. Dərindən nəfəs aldı. Baxışlarını çirkli səmada gəzdirdi. Hoppanıb oturduğu borunun üstündən endi:

- Dur. Qaranlıq düşür. Sonra əla həzzi əldən qaçıra bilərik. Görə bilmərik etdiklərimizi...

Durdular. Əllərini aparıb çiyinlərini ovdular. Başlarını çiyinlərinin üstündə samballayıb, yenə səmaya baxdılar:

- Elə bil köçürlər.

- Hara gedəcəklər... Ha-ha-ha. Hara getsələr də, ayaq saxlayıb indi baş verənlərə baxmalıdırlar. Buna baxmamaq olmaz. Bu mənzərəyə... Ha-ha-ha.

Səs parça-parça olub köçən buludların üstünə səpələndi. Buludlar üzü aşağı boylandılar. Ordan çıxıb düşəcəkmişlər kimi qapqara boyunları əyildi. Üzləri qəribə görkəm aldı.

Qəzəbli səma mələklərinə döndülər. Köç dayandı. Səma fotoşəkil kimi bu anı özündə dondurdu.

Sonra boyunlarını tük basmış kişilər yük maşınına atıldılar. Üst-üstə qalaqlanmış plastilin topasından parça-parça qopardıb yerə atmağa başladılar.

Dəhşətlə baxan səma hər dəfə qopan plastilin topasının üstündə iki gözü açıq-aydın sezirdi. Başqa heç nəyi... Başqa heç nəyi... Heç nəyi...

Toranlaşdı. Boğucu hava kimin isə ciyərlərinə dolub onu tıncıxdırmaq üçün girəvə gəzirdi.

Təbiət lal olmuşdu. Plastilin topasını istədiyi kimi əzib hövkələyənlər özləri də yerə tullandılar.

Yük maşını içindən daş boşaltmış kimi yüngülləşdi. Rahat nəfəs aldı. Yerə düşənlər donuq nəzərlərini ətrafa gəzirdilər:

- Hara gətiriblər?

- Bilmirəm.

- Yəqin buraxacaqlar.

Pırtlaşıq saçları kürəyi boyu səpələnmiş arıq, titrəyən qızcığazın son pıçıltıları hərəkətsiz uşaqları tərpətdi. Qəfil ümid parıltısını itirmiş gözləri böyütdü. Həyəcan artdı:

- Bəs, yolu necə tapacağıq?!

Arxadan pıçıldaşanları itələdilər. Üzü üstə yıxılanlar torpağın sərt üzünə sürtülüb qanayan dizlərini ovuşdura-ovuşdura irəlilədilər. Səmada günəşin boş qalmış yeri tutuldu.

Bu yeri zəbt etmiş canlı-cantaraq bir bulud kədərli gözlərini gördüklərindən ayrıra bilmədi.

Bayaqdan dili ağzında od tutub yanan torpağa heç nə vəd etmədiyinə baxmayaraq, heydən düşmüş plastilin parçalarının üstünə bir ovuc, təkcə bir ovuc su çilədi. Uşaqlar diksindilər:

- Yağış yağır.

Arxadan gələn böyüklər həyəcanlandılar:

- Tələsmək lazımdır. Deyəsən, yağacaq.

- Tez olun. Tərpənin. Tez...

Dəmir borunun yanına çatanda arxadan gələnlər ayaq saxladılar:

- Durun. Getməyin.

Durdular. Uşaqlar arıq barmaqlarını əsən dodaqlarının üstündə gəzdirə-gəzdirə baxışdılar. Donuq baxışlar enli dəmir boruya dikildi. Nə baş verəcəyini anlamadılar!

Onlardan olsa, balaca əllərini bu dəmir borunun quru ot yapışmış üzünə qoyub onu çöl boyu diyirləyər, qısa ömürlərinin harasındasa ilişib qalmış şən qəhqəhələrindən bir ovuc götürüb yanan torpağa çiləyərdilər.

Gülüşərdilər. İndi isə... Hər şey dəhşətli idi. Onlara nə pislik edə biləcəyi məlum olmayan enli dəmir boru belə...

- Tez... Tez olun. Cəld. Doluşun bura. Tez...

Onlar bir-bir dəmir borunun önündə dayanıb maraq qarışıq dəhşətlə onu seyr edən körpə canları tutub onun yumru ağzından içəri atırdılar.

Plastilin topasından parça-parça qoparılanlar borunun içində qaynaşırdılar. Əvvəlcə səbəbsiz bir şənlik dalğası belə ötdü.

Bu dar məkanda içəri atılanlar borunun çökək dibinə balaca yanlarını yerləşdirib ayaqlarını və başlarına onun dəyirmi divarları ilə üzüyuxarı uzatdılar. Hətta yellənməyə cəhd edənlər belə oldu.

İtələşdilər. Hətta bu sevimli əyləncəni yarıda qoyub borudan bayıra atılan və çölboyu arxasına baxmadan qaçan da oldu.

Qorxu ani sevinci boğdu. Qəfil açılan atəş içəridəki səs-küyü susdurdu. Qoçaq çıxıb qaçan nöqtə havada nizamsız rəqs etdi. Sıçradı, çabaladı. Sonra sakitləşdi:

- Atdın?!

- Əlbəttə. Qoy gəbərsin. Kimdir onun dalınca qaçan?

İçəridəkilər balaca qollarını boru boyu sürüyüb çölə çıxmağa çalışdılar. Borunun ağzında dayananlar çıxmağa cəhd edənləri təpiklədilər. Buruq saçları gözlərinin üstünə tökülən qızcığaz titrək səslə pıçıldadı:

- Hanı? Qardaşım... Yoxdur. - Sonra bir-bir ətrafdakıları silkələdi. - Cavid yoxdur. Hara getdi?

- Bilmirəm.

- Qaçdı.

Qızcığaz əsdi. Çirkli yanağından gümüşü damcılar süzüldü:

- Cavidi öldürdülər.

Yanındakılar balaca barmaqları ilə tökülən damcıları sildilər. Borunun bir yanı qapandı. Qaynaq cihazının ağzından çıxan qığılcımlar ətrafa səpələndi. Düşən parıltılı damcılar içəridəkilərin yalın ayaqlarına, boyun-boğazlarına qondu. Çaxnaşma düşdü. Çox keçmədi borunun ağzında parlayan fişənglər səngidi...

- Bu belə. Tez tərpən. O biri qapağı götür.

- Bu saat... Bu saat...

Sonra... Bu dəmir dünyaya dolan son işıq kəsildi. Zülmət qaynaq cihazının ağzından çıxıb içəri təpilən təsadüfi qığılcımlarla cızıq-cızıq oldu. İçəridən qalxan vəhşi qışqırıq borunun dəmir divarları boyu fırlandı.

Çöldəkilər düzəltdikləri edam alətini seyr etdilər. Bir-birinin çiyninə təntənə dolu zərbələr vurdular:

- Halaldır...

- Sənə də...

- Bu əla oldu.

- Bundan əlası bir də çətin düşünülər.

Yük maşını uzaqlaşdı. Bomboş çölün ortasında tək qalan boru yırğalandı. Nehrə kimi içindəkiləri çalxaladı. Boğuq hönkürtüləri heç bir çıxışı olmayan qoynunda yellədi.

Buludlar dözmədi. Uzun-uzun şırımlar borunun dəmir üzünü döyəclədi. Səma onun içindəki alovu səngitdi. Sonra külək yalquzaq təki uladı. Fırtına qopdu. Boru susdu...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG