Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

Qorxunun rəngləri və ya ümid resepti...


Pərvanə Rəhimova

Pərvanə Rəhimova

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.

Pərvanə Rəhimova

Qorxunun rəngləri və ya ümid resepti...

“Miyoo! Miyoo!

Nə səfeh qızsan!

Hər gün məni döyməkdən başqa əlindən bir şey gəlmir.

Belə qoçaqsan, səhərin gözü açılmamış axşamadək az qala dilinlə təmizlədiyin hüquq bürosundakı o şorgöz vəkilə sözünü de. İşdən çıxarar deyə qarşısında udquna-udquna gözünü döyürsən.

Dilin ağzında quruyur. Nədi-nədi kifir, kimsəsiz yazığın birisən. Üstəlik onu varlı, nazlı müştərilərindən birilə öpüşən görmüsən.O gündən səni qaralayıb hisli çaynik kimi.

Onun kimilər üçün zəif, pulsuz zavallını əzmək zövqvericidir. Elə ki büroya qəşəng qadın, ya da varlı kişi müştəri gəlir, həmin an vəkilin sənə acıqlı quş kimi zillənən baxışlarından, üzündəki kinli qırışlardan əsər-əlamət də qalmır. O qırışlar elə açılır, o gözlər elə gülür, az qala ayaqlarına yıxılıb yalvarasan ki, nolar üzünüz həmişə gülsün.

Yaltaq şey...!

Zibil torbası olmağa razısan, amma qürurlu vicdan sahibi olmağı bacarmırsan.

Bilirsən, nə var?

Sən qorxaqsan!

Hə, qorxaq!

Səhər-axşam soyuq səkidə oturub qılçaları dizindən kəsilən dilənçiyə “bəxtəvər başına” deyirsən.

Ürəyində dədəsini qəbirdən çıxarıb, etdiyi “xətaya” görə “bəzəyib, düzəyib” təzədən qəbirə sallayan o bədbəxt səndən cəsarətlidir. Of, səni görüm elə qız qarıyasan!

Acam, ac!

Qorxudan hissləri paslamış quru qabıq, səfeh!

Siz insanlar özünüzü Allaha bənzədirsiniz.Əgər vəhşi insanların əlində hər cür işgəncə yaşacaqdıqsa onda o, bizi niyə yaratdı?! Yoxsa sizin kimi Tanrı da eqositdi?! Miyooo!

Nə gözünü bərəldirsən?

Özünü dilbilməz kimi göstərmə.

Daşla vurub tökdüyün kor gözümə,bax! Bığlarımı yolub təpiklədiyin pişiklərdən biriyəm. Sən qorxularına təskinlik vermək üçün məni o qədər təpiklədin ki, bətnimdəki balalarım ölü doğuldu.

Daha belə yaşaya bilmirəm! Yox, yaşamaq yox! Sürünürəm! Qaytar balalarımı! Bığım hanı?! Mənə ver gözümü! Ver! Miyooo!”

N. gözlərini açanda son nəfəsini verən qışın sübh şəfəqi sönük parıltılarla döşəmədə sürünürdü.

Gördüyü yuxunun (ya da qarabasma) təsirindən başı gicəllənir, boynunda küt ağrı vardı.

Qapıdan qarışıq səs gəldi.

Ürəyində kini coşdu:”Ah, lənətə gələsən ,kor pişik, yenə qapını cırmaqlayırsan?” Sinəsində gecədən açıq qalmış “Ölü canlar” sürüşüb döşəməyə düşdü.

”Ay stəkan alan! Qəşəng armudu stəkan satıram! Bu stəkanda çay içənin dərdi olmaz”. Gün doğular doğulmaz çəlimsiz səyyar satıcının da səsini eşitməyə adət etmişdi. Ürəyində onu yamanladı:

“Guya bu şans stəkanıdır.Yox bir! Camaat gicdir? Arsız, get birinci özün iç, bəlkə bəxtin üzünə gülə. Ömründə bir dəfə səhər yatağında rahat yatasan”.

N. iri göydələnlərin arasında gizlənib, miskin fasadı, çürük dam örtüyü, ləkəli divarları, solğun pəncərələri olan dörd mərtəbəli binanın birinci mərtəbəsində yaşayırdı.

Tərs kimi də çəlimsiz stəkansatan həmişə düz onun pəncərəsinin altında haray çəkirdi.

Şirin yuxuda ikən qəfil bir-birini ardıcıllıqla əvəzləyərək zildən muğam oxuyan qaraçı, dəmir-dümür yığan yeniyetmə, xlor, qatıq satan yaşlı kişinin avazımış səsləri “xor”la konsert verirdilər.

Yorğanı kənara atıb deyinə-deyinə geyinməyə başladı. Alnının düyünü açılmamış qaşları çatıldı. Yenə qarınağrısı tutmuşdu.

Gün boyu vəkilin qurumuş kötüyə bənzər üzünü görəcəyi üçün qarnında şiddətli sancılar artmağa başlayırdı. Nə illah edirdi, bu sancılardan qurtula bilmirdi.

Həkim “qorxu, həyəcan, əsəb simptomları” deyəndə utanıb özünü tox tutmağa çalışsa da, bacarmayıb hönkürmüşdü.

Nə əlindəki nəm əskini vəkilin başına çırpıb qorxularından yaxa qurtara, nə də bu qurumuş ”kötüyün” dilindən tökülüb, üzünə “tüpürülən” kəlmələri “iştahla” həzm edə bilirdi.

Bir saatdan sonra köhnə paltosuna bürünüb axşamdan qaxaca dönmüş qarı ayaqlayırdı. Solğun günəşin təsirindən soyuq hava bir qədər ilıqlanmışdı. Yuxulu insanlar tənbəl addımlarla küçədə var-gəl edirdilər.

Yəhudi rəssam emalatxanasını qaydaya salırdı. Müharibədə qılçaları dizindən kəsilmiş ortayaşlı kişi qarın soyuğuna və palçığa fikir vermədən dilənmək üçün “mövqe”yinə tərəf iməkləyirdi.

Hər kəs də bir-birlərini itələyərək, heç nə olmamış kimi yollarına davam edir, sürüşə-sürüşə qarışqa tək yeraltı yuvaya‒metroya hücum çəkirdilər.

N. tini çevriləndə səkidə ayaq saxladı. Yəhudi rəssamın emalatxanasından sağda yenicə quraşdırılan bilbord‒reklam lövhəsi diqqətini çəkdi:

”Qorxuların səni rahat buraxmır? Özünü azad və cəsarətli hiss etmirsən? O zaman burdan əks tərəfə‒sola yüz addım say və özünlə tanış ol. O sənə doğru yol göstərəcək.”

N. düşünmədən addımını saymağa başladı. Birdən vəkilin quru kötüyə bənzər simasını xatırladı. Qarnı sancılandı. Özünü qınadı ki, axı niyə baş qoşdu. Qərarsız da olsa maraq hissi içindəki qorxu və təlaşı üstələdi. Saymağa davam etdi: ”98,99 ,100”

Başını qaldıranda qarşısında daxili işıqlandırılmış elektron çərçivə gördü. Ehtiyatla yaxınlaşdı.

Çərçivədə yaraşıqlı bir gənc robot kimi səssiz və hərəkətsiz dayanmışdı. Xeyli baxdıqdan sonra “başla” yazılmış düyməni sıxdı. Dəyişiklik yox idi. Təəssüflə geri çevrilmək istəyirdi ki, birdən displey mavi işığa büründü və “gənc” gülümsədi:

‒ Cəsarət və azadlıq dünyasına xoş gəldiniz! - dedi. N. belə qeyri-adi, inamlı səs eşitməmişdi. Təəccübdən ağzı açıq qalmışdı. Çığırmaq istədi, səsi çıxmadı. Ömründə ilk dəfə idi ki,onunla danışan belə yaraşıqlı gənc görürdü. Üstəlik ekranın o tayından.

‒ Qorxmayın. Sizə qorxularınızdan silkinməkdə vasitəçi olaram. Təlaşla ətrafına boylandı. Kimsə gözə dəymirdi. Bəlkə yuxu görürdü? Elektron çərçivənin içindəki “gənc” əlini ona tərəf uzatdı:

‒Məndən sizə zərər gəlməz. Buna inanmanız üçün istəsəniz bütün həyat hekayənizi danışa bilərəm. Nəyə üzülür, kimdən qorxur, nədən zəhləniz gedirsə, sadalaya bilərəm.

Gözləri böyüdü. ”Gənc”sə udqundu:

‒Sizi zəif gördüyü üçün əzən insanın gözlərinə cəsarətinizi toplayıb baxın! Uşaqlıqda işgəncə verib indi də yuxularınızı kabusa çevirən pişiyə−zəif varlıqlara mərhəmət göstərmək şansınız hələ ki var.

-Axı sizə niyə inanmalıyam?- təəccüb və sevincdən bilmədi ki ağlasın, ya gülsün.

‒İnanmalısınız! Mən sizin özünüz, daxili “mən”inizin şüurunuzda arzuladığı xəyalam. Sadə dildə hisslərinizin güzgüsü. Bir az poetik səsləndi, amma bu ,həqiqətdi. Rahat olun. Məni sizdən başqa kimsə görmür.

Ürəyi şiddətlə döyünməyə, nəfəs aldıqca sinəsi enib qalxmağa başladı. Ətrafda qəribə, bir az da vahiməli sükut vardı. N. özünü çimdiklədi ki, bəlkə yuxu görür, şeytan oyunundan oyanar. Ekrana baxdı:

‒Sən... Siz... axı məni hardan tanıyır, necə tapmısınız?

“Gənc” gülümsədi:

‒Siz də öz qorxularınıza qarışıb əriməkdə olan milyonlarla insanlardan birisiniz. Mənim vəzifəm sizi anlamaqdır. Bəziləri məni fikirləri oxuyan robot, qoruyucu mələk, şeytan, ya da texniki inqilab hesab edir. Mənim üçünsə fərqi yoxdur. Əsas odur ki, adamlara içlərisində gizlətdiyi cəsarəti tapmaqda kömək edim, onlara özlərini tanıma fürsəti verim. Həmişə olduğu kimi sizi də mənə qorxularınız yönəltdi. Həyatınızı dəyişməyə cəsarət verməyə gəldim.

‒Axı necə?- N. fərqində olmadan sual vermişdi.

‒Artıq sual verməyiniz düşüncənizdə dəyişiklikdən, mənə inamınızdan xəbər verir. Bu, yaxşıdır. Sizin kimi qorxu ilə ümid məngənəsində sıxılan insanlar risk edib fərqli işlər görməyə daim çəkinər. Burda ən vacib şey insanın özünə inamıdır. Qorxudan azad olmaq əzablı yoldur. Kimi xəyallarına inanıb tədricən ümidinə sarılır, “maneə”sini, qorxularını dinləmir, istədiyi rahatlığı və uğuru əldə edə bilir. Kimisi də özünə qarşı çıxıb, hisslərini saf-çürük edə bilmir və nəticədə qorxularının zəncirində kölə həyatı yaşamağa davam edir. Siz necə?! Hansını seçirsiniz?!

N. bir qədər sakitləşmiş,hətta kövrəlmişdi. Kimsə onunla bu qədər mehriban danışmamışdı. Səsi titrədi:

‒Necə də xeyirxahsınız! O qədər doğru və yaxşı danışırsız ki... Uzun illər əvvəl oxumağı, musiqini sevirdim, amma indi bacaracağımı bilmirəm. Həm gənc deyiləm...

‒Yanılırsınız. Hər yaşda öyrənə, azad düşüncəyə mane olan hisslərdən qurtula bilərsiniz. Təki siz istəyin. Məcbur deyilsiz ki, bir tikə çörək üçün boynunuzda zəncir daşıyasınız.

‒Bəs nə edim? Necə yaşayım, iş tapım?

‒Öncə düşüncələrinizi ac buraxmayın. Bəzən özünü tanımaq, həyatını dəyişmək üçün ətrafında görməyə alışdığın pərdəni cırmaq lazım gəlir. Qorxularınız qabıq kimi ruhunuzu gizlədib. O qabığı parçalamaq gərəkdir. Siz əslində çoxlarına lazım daha faydalı işlə məşğul ola, təkcə özünüzü deyil, başqalarını da xoşbəxt edə, sevgisini qazana bilərsən.

‒Bu, ancaq yuxuda ola bilər -N. ağlamamaq üçün dodaqlarını dişlədi.

‒Əksinə, içinizdə tapılmasını gözləyən xəzinə gizlənib. Onu tapın!

N. dözə bilmədi və hıçqıraraq əllərilə üzünü örtdü:

‒Mənimlə niyə belə rəftar edirsiniz?! Daha ələ salmaq niyə?!

‒Mənə inanın. İndisə əlinizi mənə uzadın.

‒Nə?! - heyrətləndi. Ekranın o üzündən gülümsəyən “gənc” əlini ona sarı uzatmışdı.

‒Mənə güvənin. İndisə əlinizi mənə verin.

Hıçqıraraq gözünün yaşını sildi. Çaşqınlıq içində sağ əlinin şəhadət barmağını ona uzatdı. Barmağını “gənc”in uzanan əlinə ‒ ekrana toxundurdu. Sanki elektrik cərəyanı keçdi bədənindən. Tez əlini çəkdi. Qəribə yüngüllük və yorğunluq hiss etdi. Səhərdən qarnında qıvrılan sancı kəsdi.

‒Qayda bir: bu gün işə getməyin. Evə gedib dincəlin və mənə duyğularınız‒keçmiş səhvləriniz, sevinciniz, arzularınız haqqında məktub yazın.

‒Bəs iş?

‒Həyatında bir dəfə də olsa alışdığın qaydaların əksinə oyna. Qoy “kötük” hirsindən dodağını gəmirsin. Bu gün üstünə bağıracağı adam tapmasın. Bir günlükdə olsa istədiyiniz kimi yaşayın. Xəzinənizi tapmaq naminə bunu edin.

−Bəs ikinci qayda?

−Arzularının dalınca get, bu qaydanı özün öyrənəcəksən.

N. işə getmədiyi üçün vəkilin hirsləndiyini düşündükcə ilk dəfə ürəkdən gülümsədi. Yol boyu sevincindən uçmaq istəyirdi: ”Gənc adam” səndə xəzinə var” dedi. Bu gün nə gözəl gündür!”

Bir azdan o, köhnə dördkünc stolun arxasına əyləşib kağızı sığalladı:

“Şəhərdən uzaq əyalətdə yaşayırdıq. Uşaqkən pişik kimi miyoldamağı, fısıldamağı sevirdim.

Uzun qış gecələri onların aclıqdan, soyuqdan yazıq-yazıq, lap körpə uşaq kimi iniltilərini‒miyoldamalarını eşidirdim.

Kimsə bilməsin deyə, xüsusən, gecə vaxtı pişikləri təqlid edirdim. Bunu niyə edirsən sualını versəydilər, çiynimi çəkərdim.

Qəribədir, ya məzəli, bildiyim odur ki, onların daha acımasız uşaq kimi “iniltilərini” dinləməkdən zövq alırdım.

Tez-tez yuxuma kor pişik girib zarıyır. Dil açıb mənə: ”Atanın acığını səndən alan ananın xalçalarına uyub ilmə başında böyüdün! Uşaqlığını ip ərişləyib arğaclamaqla ananın dizinin dibində çürütdün”- deyir.

Anam məktəbimizdə xadimə işləyirdi. Vasvası, xəsis, məktəb avadanlıqlarının “təmizliyinə” barmağı ilə nəzarət edib baxmağa alışmış məktəb direktoru anamın gününü qara etmişdi.

Hər kəsin, hətta şagirdlərinin gözü önündə boğazının damarları titrəyib gərildikcə bağırır, ağzından tüpürcək yayıla-yayıla anamı “təmiz işçi“ olmadığı üçün işdən lazımsız əşya kimi atacağı ilə hədələyirdi.

Yazıq arvad qorxusundan başını sinəsinə əyib, gözlərini yerə dikir, dodağını büzüb susurdu. Mənsə susurdum, çünki onu qorumaqda acizdim.

Bilirdim ki, o əclafın danlamaq “təftişi” bitəndən sonra anam bir yol tapıb məni döyüb acığını çıxacaqdı. “Atan getdi, səni boynuma ilgək edib günümü qara etdi. O gün görsün, mən də hansısa şərəfizin tüpürcəyinə bulaşım!” deyəcəkdi.

Sonra da başına döyə-döyə ağlayıb hər əşyası başındakı yaylıq kimi sökük otağın küncünə çökərdi. Anamın ayaqlarını qucaqlayıb başını dizlərində gizlətməsinə dözə bilmirdim.

Mən də anamın qorxusunun intiqamını zavallı pişiklərdən alırdım: qəsdən qarınlarını təpikləyir, tapdıqları bir dilim kolbasanı belə onlara çox görür, bığlarını bir-bir çəkib yolurdum.İstəyirdim görüm iştahası kəsilsə, necə yaşayar.

Bunun üçün burun yollarını zədələməyə çalışırdım.

Direktor anama kinini qusur, anam məni döyür, mən də sahibsiz pişiklərə ağız-burunlarından qan gələnədək təpikləyib əzab verirdim.

Bütün gecə qan içində titrəyən, az qala uşaq kimi ağlayan pişiklərin ağrısına daha əvvəlki kimi həzlə deyil, əsəbi gərginliklə qulaq asırdım.

Nə qədər qulaqlarımı qapasam da, soyuq üzlü yorğan altında zarıltını eşitməmək mümkün deyildi.

Əzilən zəif digərini incidib əzməklə təskinlik tapır, hesabı belə ödəmiş olurduq. ”Günahçıxarma” bitdikdən sonra yenə həyatımızın qorxu dolu yeknəsəq bataqlığında üfunət qoxusuna alışırdıq.

Mənim üçün anam qorxudan başqa heç bir hissi dərindən yaşamamış əsəbi qadındı. Qorxu ilə ağrısını göz yaşına qarışdırıb ər şəfqətindən məhrum bir qadın qızına daha nə verə bilirdi ki?!

Atama acığım tutsa da, kinim yox idi. Hər gün dava, göz yaşı,qab-qacaq qırıntıları...

Bəzən ona nifrət edirdim, çünki oxuduğum kitab-dəftəri yandırır, piano çalmağa qoymur, məni özünə xalça toxumağa məcbur edir: ”Xalça toxu! Bizə çörək lazımdır” - deyirdi.

Bir dəfə yaşlı musiqi müəlliməsinin şəhərdə yaşayan oğlu anasına val gətirdi.

O da valı saatlarla eyvanda dinlərdi. Adını bilmədiyim bəstəkarın müsiqisini çox sevdim. Bir gün kimsə olmayanda məktəbdə kökdən düşmüş pianoya yaxınlaşdım.

Klavişləri sığalladım. Dinlədiyim sevimli musiqini elə çalırdım ki, saatın fərqində deyildim. Birdən arxamda kimsə əl çaldı. Musiqi müəlliminin yaşlı gözlərini gördüm:

“Sən Şopeni nə gözəl duyursan,qızım! Gözəl ifa edirsən! Musiqiçi olsan, gələcəyin parlaq olar” deyəndə həyəcandan uçurdum. Anamsa razı olmadı.

Arzularımı içimdə boğdum, kolleci də xəstə anama baxacaq kimsə olmadığı üçün atdım. Anamı dəfn etdikdən sonra atamın adından bir gün məktub gəldi.

Atam öləndə bu köhnə otağı mənə vəsiyyət etmişdi. Ağrılar, yarımçıq arzular, atasız və əsəbi qadının kifir qızı olmaq hissi məni tənha böyütdü. Bəzən ölmək istəyirəm.

Sonra “ölmək” hissi gücsüzləşirdi. Bu,sadəcə, çarəsizlikdən doğan hiss idi. Vaxt tapanda oxuduğum kitablarda təsəlli tapırdım. Amma indi qorxuram. Tənha olmaqdan çox insanlardan qorxuram”

N. növbəti gün səhər əlində məktub tələsik evdən çıxdı. Lakin elektron çərçivə yerində yox idi.

Çaşqın ətrafı dolandı. Kədər və hüzn içində xeyli gözlədi: “Bəs ikinci qaydanı niyə demədən yox oldu bu qəribə varlıq?”

Ayaqlarını güclə sürüyüb səkiyə çıxdı. Heç vaxt dolaşmadığı küçələri gəzib parklardan keçdi. Gecə düşürdü.

Çarəsiz evə dönərkən dünən qar üstündə iməkləyən, ayaqları kəsik kişini gördü: o, gözlərini qarşısından keçən insanların ayaqlarına zilləmişdi. Birdən cavan bir qadın yaxınlaşıb ona pul verdi, sonra da ərkyana: ”A kişi, bu soyuqda burda oturmaqdan qorxmursan?”- dedi.

‒Yox - dedi - qorxmuram. Qadın maraqla gülümsədi:

−Niyə? Sənin içində qorxu hissi yoxdur?!

−Nə qarşısında hesab verəcəyim kimsə var, nə də qorxuya xərclənəcək vaxtım!

N-nin başı gicəlləndi.Yanaqları alışıb yanırdı. Ayaqları bir-birinə dolaşa-dolaşa ordan uzaqlaşdı.Yeriməkdən məhrum kişinin cavabı ona şillə kimi ağır gəlmişdi: ”Bəs mən? Ayaqlarım varkən ümidsizəm. Alçalır, qorxuram. Demək, düşüncəm şikəstdir?”

Cavab onu sarsıtdı... Özü də bilmədən tanımadığı parka gəlib çıxmışdı. Yarıqaranlıqda rənglənmiş piano ağarırdı.

Elektrik fənərinin işığında pianonun üstündə “Ruhumu dindir, məni sevindir” sözləri yazılmış ağ lövhə gördü. Gecəyə bürünən şəhərin rüzgarları N-nin saçlarını sığalladı.

Qız bu “iltifatdan” məmnuncasına titrədi. Soyuqdan büzüşmüş barmaqlarını həyəcanla pianonun dillərinə toxundurdu və...

Kimsəsiz soyuq parkda ümidlərinə sarılan N dayanmadan çalırdı:

”Xəzinəmi tapdım! Ah! Mənim xəzinəm! Ey ağac! Ey torpaq! Ey dağ! Ey insan! Ey pişik! Sizləri sevəcəyəm! Eşidirsiz məni?! Sevəcəyəm! Xəzinəmi sizinlə bölüşmək üçün yaşayacağam!”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG