Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:56

Sağ çıxmaq


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Hacıbala Səfərov

SAĞ ÇIXMAQ

Uzaqda parıldayan işıq gözlərimi qamaşdırır. Uzaqda nəsə parıldayır. Uzaqda.

Yaxınlaşdıqca məni öz içinə alır və hər şeyi etmə hüququ verir.

Qaçmağa başlayıram, əllərim var yanımda. Sürətləndikcə daha da asanlaşdırıram işimi, düz ürəyindən tuta biləcəyəm xoşbəxtliyi.

Sevinc hissi ana bətnində yenidən yaranır, səssizcə içimə dolur.

Göz qapaqlarımda işıldanma var. Gözlərim partlamağa hazırdı, işıq partlamadan yaranır.

Kipriklərimi qaldırmaq Sizifin işi qədər mənasızdı, amma bunu etməliyəm. Nə olduğunu hələ tam anlamadığım nəsnəyə ehtiyac duyuram. Bu ehtiyac məni məhv edəcəkmiş kimi oluram.

Daştək yuxarı doğru daşıyıram kipriklərimi və işimi mükəmməl bacarıram.

Yatağım boşdu, arvadım yanımda deyil. Heç kimsə yoxdu, oğlum Rəhman da evdə deyil. Allahdan paltarlarım üstümdədi.

Bilinməzliyin siqaret sevdası olduğunu qavrayıram. Həyat yoldaşım işə getmiş, gedərkən məni geyindirmişdir.

Rəhman mütləq məktəbdədir, ən azından mənim bildiyim qədəriylə evdən məktəb adıyla çıxır.

Dərslərini yaxşı oxuyur, belə davam eləsə, normal bir işə sahiblənə bilər. Mən ona güvənirəm. İki dəfə yataqdan qalxmağa çalışıram; üçüncüdə bacarıram. Televizor yanılı deyil, təkrarçılıq baş alıb gedir.

Ştepselə astaca toxunsam, işləyəcək televizor və hər zamankı kimi eyni sözləri söyləməyə başlayacaq hamısı bir ağızdan. Buna heç həvəsim yoxdu; siqaret lazımdı, siqaret.

Özümü güc-bəlayla bayıra çıxara bilirəm. Küçəyə baxıram, həmişəki kimi halını heç pozmadan bozluğu ilə sonsuzluğa doğru uzanır.

Çürümüş maşının yanında iki daşın üstünə karton qoyaraq oturmaqdadı məhləuşağı İsa. Məni görəndə gülümsəyir və hərəkətlənir dodaqları kənara doğru.

Müdrik baxışlarla ona tərəf gəlməyimi izləyir və bu xoşbəxtlik hissini üzündə həmişə görmək üçün beş yüz il də yeriyə bilərəmmiş kimi hiss edirəm özümü. Sağ əliylə siqareti tutur, sol əliysə dizinin üzərində səssizcə yatır. Məni görüncə,

- Salam, Cabbar,- deyir.

- Sabahın xeyir, İsa,- deyirəm mən də ona.

- Necəsən?,- deyir yan tərəfdən keçən xanıma baxaraq.

- Babatam, əşşi. Elə eyni şeylər. Siqaretin var, brat?- deyə soruşurum ondan. Bunu gözləyirmiş sanki, üzündə çiçəklər açır, çöhrəsi o qədər gözəldir ki, izah edə bilmərəm.

- Heç elə şey olar ki, sən istəyəsən və olmaya, Cabbar?

Sol əlini oyandırır, sağdakı siqareti sola keçirir, sağ əlini cibinə atır.

Beş saniyəlik axtarışdan sonra çıxardır paketi, içindən bir dənə götürüb yerinə qoyur. Soldakı siqaretlə sağdakını yandırır, dodaqlarıma yaxınlaşdırır, içimə çəkirəm tüstünü.

Tez-tez çəkərək bitirmək istəmirəm, erkən bitməsi heç xoşuma gəlmir. Lakin İsanı çox gözlətsəm, mənə əsəbiləşər deyə qorxuram. Sol əlindəki siqareti yerə atıb, sağ əliysə gözlərimin qarşısındadı.Ovcunun içindəki yara diqqətimi cəlb edir, soruşuram,

- Əlinə nə olub elə?

Sualı eşidəndə heç təəccüblənmədi.

- Bu sualı hər gün verirsən, Cabbar. Əlimin hekayəsini bilməyən adam qalmadı, ən çox sən dinlədin, amma yenə də unudursan, - güləndə siqaretin ucbatından saralmış dişlərini görürəm, - yaxşı, yaxşı, eybi yoxdu, yenə danışaram. Bundan ötrü xətrinə dəyəcək deyiləm ki.

Bilirsən də, uşaq vaxtı futbol oynayırdıq uşaqlarnan. Məni sevməyən gombul, qaça bilməyən, bundan dolayı da həmişə ötüb keçdiyim biri künc zərbəsinin yaxınlığında məni yerə yıxdı.

Bəxtimə bax ki, orda taxta var idi, mən də onun üstünə yıxıldım. Adam yıxılanda üzü-gözü əzilməsin deyə əllərini qabağa atır. Mən də eynisini elədim, taxta sən demə mismarlıymış. Düz sağ əlimin ortasından deşik açıb o tərəfə keçdi.

İsa düz deyirdi. Bu söhbəti istər ondan, istərsə də başqalarından dəfələrlə eşitmişdim, yenə də unudurdum. Bəlkə bunu hər səfər ona xatırladaraq kədərləndirirdim, deyəsən gizlin-gizlin zövq də alırdım.

Siqareti çəkib qurtarmışdım, İsa da əllərini gözlərimin önündən çəkmişdi. ”Allah razı olsun” dedim, asta addımlarla evə tərəf addımlamağa başladım, yoxsa evmi mənə tərəf gəlirdi? evə tərəf yeriyin davay səssiz olun yoxsa başıvızla futbol oynuyarıq Həqiqətən bilmirdim. yobana blyat. Ev yenə boş idi, evdə heç kim yoxdu, kapitan yoxdu yo yoxdu kapitan mən siqaret çəkəndə Rəhman qayıdar deyə düşünmüşdüm halbuki. Gələcəkdisə küçə tərəfdən gələcəkdi, mütləq görərdim gəlsəydi. bu kənddə yaşayan qalmadı gedib İvanyanı mühasirəyə alan dostlarımıza kömək edək yeriyin görək Ştepselə çənəmlə toxundum, illərdir öyrəşmişəm buna. Televizor işləməyə başladı. Köhnəldiyindən cızıltılı səsi kapitan bu əsirləri özümüznən aparmayaq öldürək gəbərib getsinlər otağa yayıldı.

Beynimin içində kimisə öldürdülər, zabitdən başqa digərlərini öldürün zabiti axırda dəyişdik bəlkə deyəsən. Yenə səhər proqramlarında dəyərsiz problemləri həll etməyə çalışır, sifarişlə musiqi oxudub insanları xoşhal edirlər.

Maraqlıdı, bugün belə musiqili, çal-çağırlı veriliş yoxdu. Saatın əqrəblərindən asılmış dünənim var, anlayıram bunu. Anlamadığım şey bunların saatlarca nə danışdığıdı.

Saatın əqrəbindən asılıb dünənim, bugünüm və sabahım. Oğlumun yalvarıram mənə nə istəyirsiz edin amma oğluma toxunmayın özünüzlə aparın hələ çox balacadı təzəlikcə üç yaşı oldu məktəbdən qayıtmasına hələ üç saat var, indi fərqinə varıram bunun.

Beş dəqiqə sonra xəbərlər bu qadının oğlunu gözünün qabağında öldürün ilk öncə sağ əlini sonra sol ayağını başlayacaq. Görəsən, yenə nələr dönür bu dünyada?

Əvvəla, bunu qərarlaşdırmağımız gərək; dünyamı dönür, yoxsa dünyadakılarmı dönür?

Dünya dönürsə niyə dönür? Mən onun sol əlini, sağ ayağını kəsin son olaraq da yerində olsaydım bu qədər israrla dönməzdim. Başım dönür, dünya dönür, oğlum dönür, Odissey dönür. Dönürük. qulağını kəsib anasının ağzına tıxayın bəlkə Bu təkrarlanma içində özümüzü tapsaydıq, daha gözəl olardı.

Əllərimizin, ayaqlarımızın, qulaqlarımızın, bizə aid olan hər şeyin bizim olmadığının fərqinə varmaq, anladıqdan sonra bizim olmayanları bizim olana çevirmək son dəqiqələrində oğlunun qulağına pıçıldayacaq sözləri vardır anasının istəyi ilə gerçək mənalarını qavraya bilərik. İndi də xəbərlərin başlamağına otuz saniyə var deyə göstərir böyük saat. Xəbərlər dəyərsizləşdirməkdən başqa işə yaramır.

Çində -mədəndə- ölən anaa aanaaaa annnaaa 219 nəfərin varlığı sadəcə rəqəm olaraq deyil, eləməyin yalvarıram sizə eləməyin eləməyin oğlum gerçək həyatda da özünü isbatlamalıdır.

Həyatı, uşaqları, sevgiləri, xatirələri, düşüncələri, hədəfləri olan, ətdən və sümükdən ibarət olan insanlar deyil sanki kapitan həll elədik narahat olmayın yer altında və ya yer üstündə rəqəmlər ölür. Məzarın altında yatacaq, külü göyə sovrulacaq, ya da dini hansı qaydayla deyirsə, onunla dəfn ediləcəklər adamlardan daha çox rəqəmlərdir. “Cənab Yüziyirmisəkkiz çox gözəl bir şəxs idi, iki üstü yeddi edirdi” deyəcəklər Çindən beş min kilometr uzaqda. Xoş görünümlü, incə və gözəl səsli xanım kameradan mənə baxıb əsas işlərimiz hələ qabaqdadı salamlayır.

Mənimlə danışır, mənimlə dərdləşir. “Nolacaq bu işlərin axırı” deyir gözləri, dili fərqli şeylər desə belə. Xəbər başlıqlarına girir, yenidən qayıdacaq xəbərlərə. Mən də oğlumunu qayıdışını düşünürəm.

İndi köhnə-möhnə paltarlarıyla ön partada oturmuş, müəllimləri diqqətlə dinləməkdədir.

Ataların qayıdışda bir xeyir olmadığını görüb qayıdışdan əl üzəli çox oldu. Mən geriyə qayıtdım az qaldı uşaqlar İvanyana girəndə qabağınıza kim çıxsa amansız davranın guya nə oldu. Heç çəkinmədən saymağa başlayır hadisələri, “Xocalının işğalından 10 il keçdi” deyir gözlənilmədən.

Yaddaşımın bugünü niyə xatırlamadığını, mənə niyə xatırlatmadığını anlamış deyiləm. şəhərin giriş və çıxışlarına nəzarət edin insanları öldürdükdən sonra evlərin yandırın Uzaq keçmişdə gizlənmiş olsa da mənimçün bunun önəmi var.

Dostlarımı orda itirmişdim, qrupdan ayrılıb kəşfə çıxmam özlüyündə ən böyük şəhər çox zəif qorunur kapitan kənarlarda mən saya bildiyim qədər üç manqa var və mərkəzdə səhvim idi, özümü heç vaxt bağışlaya bilməyəcəm.cəmisi 30-40 əsgər var

Onlarla olan şəkillərimi tapmalıyam. Şəkillərin harda olduğunu bilmirəm, yadıma düşmür. Yoxsa şəkilləri də öldürür müharibələr?

Dostlarımı itirmişdim, amma eyni zamanda onları tapmışdım da. Fotolarımızı gözümün qabağında tutub incələdiyim müddət ərzində canlı kimidilər, şəkillərdə ölməyi unutmuşdular.

Canlı olmasalar da, ən azından ölü deyillərdi. Daha çox ölümlə heç əlaqəsi olmayan, ölümün heç vaxt girə bilməyəcəyi aləmin içində müvəqqəti dondurulmuş, oraya həbs olunmuşdular.

Hardaydı zibilə qalmış şəkillər? “Mənə fotolarımı tapın” deyə qışqırıram divarlara və onlar heç məni adam yerinə qoyub öz səsimi geri qaytarmırlar. İnsan qardaşlarını unudarmı gecə hücuma keçəcəyik kimin hardan gəldiyini nəyin nə cür olduğundan heç ruhları xəbər tuta bilməyəcək heç?

Yoxsa hafizəmin onları mənə unutdurmağa çalışması soylarını qurudacağıq, yaşasın ordumuz yaşasın müqəddəs erməni xalqı günahkarlıq hissimin daha üstün gəlməsindən ötrümü olur?

Geriyə qayıdıb özümü 1992-ci ilin 25 Fevralında axşam saat səkkiz radələrində saatdan asmaq istəyirəm, hərəkət eləməsin saatlar. Başım hərlənməyə davam edir, özümü divana atsam yaxşı olacaq.

Divan kainatlararası səyahət xəttinin başlanğıcıdır, burdan Marsa qədər davam edir.

Mən də davam edirəm bilinməyən yerlərə tərəf. İndi divanda mən varam, yaşayıram meyitləri bir yerə toplayın və yandırın evlərdə dişə dəyən nə varsa alın qalan hamısını yandırın tez olun tez nəfəs alıram, dostlarım isə çoxdan öldülər.

Mən də ölə bilərdim, ölə bilmədim. İntihar edərdim heç olmasa, amma bunu edə biləcək gücüm yoxdu.

Orada durub əsirliyə boyun əymişkən dostlarıma hücuma keçdilər, yazıqlar heç nə olduğunu tam bilmədi. Axırda ayağından vurulmuş Rəhim erməni əsgərinə qarşı çarəsizcə baxarkən bunun qarşısını almağa çalışdım. Ani bir qərar həyatımın dönüş nöqtəsi olmuşdu. Səssizcə dayansam, ən yaxın dostlarımdan birinin mənə hüznlə baxaraq ölməsinə göz yumsam, hər şey daha fərqli ola bilərdi.

Rəhimi öldürməyə çalışdığı o anda iplə bağlanmış əllərimlə əsgərə arxadan zərbə vurdum. Həyatımın dönüş nöqtəsiydi.

Həyatım fırlandı, mən fırlandım, ən əsası heç bir şey olmamış kimi erməni əsgəri mənə tərəf fırlandı və silahının arxasıyla alnımın ortasına vurdu. Ondan sonra nə olduğunu tam xatırlamıram, özümdən getmişdim.

Ondan sonrası yoxdu, ondan sonrası itkin. Ondan sonrası budur, divanda uzanmış yazıq veteran.

Rəhman harda qaldı? O, mənim müharibədən öncəki halımın ən gözəl örnəyidir.

Savaşa gedərkən arvadım ona hamiləydi, məni gözləyəcəyini söylədi, gözlədi də. Gələn zaman mən də fərqliydim, elə o da. Artıq hamilə deyildi, qucağında oğlum vardı. Mənim qucağım olmamasına rəğmən, onun qucağı doluydu.

Gözüm divarda asılmış xalçaya toxunur. Evləndiyimizdə mağarın ən başında asmışdıq xalçanı, kiril əlifbasıyla “Xoşbəxt olun!” yazmışdıq. O xoşbəxtlikdən geriyə nə qalıb? Heç nə yoxdu.

O qədər yoxdu ki, əlifba dəyişdirilib, kəlmələr məhv edilib. Durdum ayağa, yenə küçəyə çıxacam. Söyüd ağacının altında bəlkə kimsə olar, mənim üçün siqaret yandırar.

Uzaqda yanğınsöndürən səsləri eşidirəm meşədən baxdığımızda çox gözəl mənzərə görsənir insan qoxusu da əlavə gözəllik qatır boş yerə atalarımız yüzilliklər xərcləməmişdi ki odu tapmaq üçün atəşdə insanları yandıra bilməyəcəksək babalarımıza qarşı günah işləmiş olarıq və bir yerdə yanğın var.

Yanırıq insanlar. Hiss etmirik qoxumuzu, amma və lakin, yanırıq, əziz tamaşaçılar.

Söyüdlüklərin altında dincələn zabiti neyniyək kapitan şərəfsizin gözünün önündə dostunu öldürürdüm gözlənilmədən mənə hücum elədi öldürək rədd olub getsin kiminsə olduğunu görmək çox gözəl bir hissdir.

Siqaretin yanmağı da çox gözəldi, səhhətə ziyanlı olduğu deyilsə də yanmış insan qoxusundansa siqareti seçərəm.

Əvvəllər heç vaxt görmədiyim insan mənimçün siqaret yandırır və kömək edir çəkməyimə. Siqaret verən adama “çox sağ ol” deyib evə geri döndüm.

Oğlum gəlsəydi danışardıq. Hər gün başına gələnləri, məktəbdə olanları danışır. Dinləməkdən heç yorulmuram, gün ərzində ən maraqlı hadisə elə oğlumu dinləməkdi.

Evə girən kimi qaçaraq gəlib məni qucaqlayır. Mən qucaqlaya bilmirəm, qucaqlarım yoxdu. Üzündən qəribə təəssürat keçir mənə, hələ qavraya bilməmişəm.

- Necəsən, atacan?- qorxaq və ürkək səsiylə soruşur.

- Yaxşıyam, oğlum, yaxşıyam. Sən necəsən? Gözümə nəsə qəribə dəyirsən.

- Mən... Bir az pisəm. Bu gün Xocalının işğalının onuncu ili imiş. Məktəbin zalında tədbir keçirildi, çox qorxulu şeylərdən danışdılar.

- Qorxulu? Nə dedilər ki? – gülümsəməyə çalışaraq davam elədim.

- Direktor danışmağa başladı, ölənləri bir dəqiqəlik sükutla yad etdik. Sonra əllərində kağız vardı, mətni oxumaqçun soyuqqanlı bir gəncə ehtiyac varmış. İrəliyə təqribən bir yetmiş boyu olan, sarışın, çəkisi boyuna uyğun, yumrusifət, xırda burunlu on yeddi yaşlı gənc çıxdı. Direktorun dediyi ölüm rəqəmlərini yenidən saydı, amma dəhşətli olanı bu deyildi. Heç çəkinmədən oxumağa davam edirdi, bir hamilə qadının qarnını...

- Dayan, dayan. Demə ki, belə şeylərə inanmısan? Oğlum, elə şeylər yoxdu. Mətni oxuyan gənc bütün bunları özündən uydurub. İnsanlar bu qədər pis deyildir,- dedim şəfqətlə. Gözlərimi içinə baxdı, gözləri parladı.

- Yoxdu? Çox sevindim, atacan, çox sevindim. Çox qorxmuşdum, xatırlamaq istəmirəm heç.

- Əlbəttə, yoxdu, mənim balam. Elə şeylər olmayıb. İnsanlar pis ola bilməzlər axı.- deməyim və məni qollarıyla bərk bərk qucaqlamağı bir oldu.

Günboyu əhvalı durğun oldu. Durduq yerdə üzünü turşudarkən ağlından keçənləri təxmin edə bilirdim. Hələ çox balaca idi, on yaşında üzünə kədər çökməməliydi.

Hansı yolla qayğısına qalacağımı bilmirdim. Anası evə qayıdanda olanları danışdım, o da yenidən və yenidən başa saldı. Nə qədər yararlı olduğu şübhəlidir.

Artıq yaşamaqdan zəhləm getməyə başlayır. Bu, hər gün səhərdən axşama qədər uzanan insan taleyidir.

Zaman bizi çox sevinclidən çox bərbada doğru sürükləyir.

Zamanın mənası yoxdu. Həyat yoldaşım tapdı şəkilləri və yatana kimi fotolara baxdım. Həbs etmişdim dostlarımı şəkillərə və uzağa baxaraq mənim onların başına nə gəldiyini bilməmə rəğmən gülürlərdi. Heç kədərli görünmürlərdi, sanki beş yerindən vurulan, beyni yolun ortasına dağıdılan bu insanlar deyildi. Nə gözəl çəkilmişdik fotoya.

Yatdım, yüz illər boyu yatdım. Oyandığımda yanımda həyat yoldaşımın da yüz illərlə yatdığını gördüm.

Dəyişən heç nə yoxdu. Ay göy üzündə növbəsinə əskiksiz, gecikmədən davam edirdi. Yataq otağından çıxdım, oğlumun otağına keçdim. Yatağın başucuna oturdum və baxmağa başladım. Birdən qışqıraraq öldürmək sənə vurduğu üçün yüngül cəza olar onun qollarını dibindən kəsin və bir daha heç kimə toxuna bilməsin yersiz hərəkətin cəzası budu özü qaşındı yuxudan oyandı. Eyni yuxunu görmüşdük, deyəsən. Mən öyrəncəli olduğumdan qışqırmamışdım.

Onun ilk çığırtısı idi. İllər keçdikcə öyrəşəcəkdi. Həlim və yumşaq səslə “qorxma, oğlum, qorxma, burdayam” deyirdim ona. Məni görəndə rahatladı, çəkinərək qucaqladı.

Əllərim yox idi, həyatım bu boşluğu doldurmağa çalışaraq keçirdi. Əllərimin olmamasına da öyrəşmişdim, amma necə deyim, indi öyrəşmək də yetərsiz qalırdı.

İndiyə kimi heç bir zaman bu qədər dəlicəsinə qucaqlamaq, oğlumun başını oxşamaq istəyi içimdən keçməmişdi.

Edəcək nəsə qalmamışdı, boşluq bədənimə və ruhuma çökmüşdü. İndi tək ümidim Rəhmanadır, mərhəmətiylə bədənimdəki boşluğu dolduracağına ümid edirəm.

2014 dekabr- 2015 aprel

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG