Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:09

-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Xan Abdulla

Mən necə kafir oldum

Mən artıq kafirəm. Allahın qüdrətinə inanmıram.

İnanmıram ki, o, göydə oturub səbr və təmkinlə bizim dualarımızı dinləyir, kefi yaxşı olanda qəbul edir, olmayanda yox. Ancaq, bilirəm ki, o var. Kafir olmağım səbəbsiz deyil.

Mən allahdan küsmüşəm.

Çünki heç bir arzumu yerinə yetirməyib. Nə qədər duam kosmosda yiyəsiz qalıb, lazımsız səma cismləri kimi şütüyürlər özləri üçün.

Bəlkə də mənim qəlbimdə kiflənib qalmaqdansa kosmosda bihudə dolanmaq onlar üçün daha maraqlıdı, daha xoşdu.

Onlar yəqin xoşbəxtdirlər. Mən isə xoşbəxt deyiləm. İndi sizə həyat hekayəmi danışmaq istəyirəm.

Bu arada adım Arzumandı. Həqiqətən də, mən arzumanam. Arzulamaqdan başqa əlimdən heç nə gəlmir. Arzularımın taleyi haqqında da sizə bildirdim. Necə bədbəxt və şanssız insan olduğumu bilməyinizi istəyirəm..

Danışdıqca gözlərinizdən qış aylarında evlərin damında kirəmitdən aşağı sallanan sırsıradan su damcılayan kimi su damcılayacaq. Çox üzüləcəksiniz, bəziləriniz intihar edəcək.

“Ahh biçarə Arzuman, ahh zavallı, bəxtsiz cavan” deyə üz-gözünü cırmaqlayıb özünü öz qanına qəltan edib ağlayaraq göz yaşını qanına qatanlar da olacaq. Başlayıram, hazır olun.

Uşaqlıqdan kafirlik toxumları kiçik cücərtilər şəklində qəlbimdə öz yerini tutmuşdu.

Gecə-gündüz düşünürdüm. Görəsən allah necədi? Neçə yaşı var? Orda nə edir? Canı sıxılmırmı? Günlərin bir günü marağıma, daxili ehtirasıma qarşı gələ bilməyib dosdoğma babam olan Molla Cümşüdə sual verdim:

- Baba, sənə bir sual vermək istəyirəm. Bizi allah yaradıbsa, allahı kim yaradıb?

Sualı eşidən kimi rəngi qapqara qaralmış, gözləri pinq-ponq kimi hədəqəsindən çıxaraq mənə zillənmiş, kişmiş boyunda və rəngindəki dişlərini qıcamış qəzəbli babam əlindəki Maqsud babasından qalmış, iki yüz il qabaq Maqsud babanın babası Dilsuz baba tərəfindən Həccdən gətirilmiş nadir və nacizanə daşlardan düzəldilmiş namaz təsbehini başıma necə çırpdısa gözlərimə qaranlıq çökdü və ağzı üstə yerə yapışdım.

Bu hadisə cox uzun bir zaman allaha şəkk etməməyimə vəsilə oldu. Görürsünüz, necə məşəqqətlər çəkmişəm ona görə, necə müsibətlərə giriftar olub füqəra canım.

Bu hələ harasıdı? Allaha görə başıma gəlməyən qalmayıb. Təsəvvür edirsiniz, uşaq ikən boş kibrit qutusunu qarşıma qoyub saatlarla dua edirdim:

- Allahım, yalvarıram sənə, qutunun içindən min manatlıq çıxsın, gedim evimizin yaxınlığındakı video-oyun zalında yarım saat oyun oynayım.

Bu duanı minlərlə dəfə təkrar edirdim, o zamanlar çox kasıb idik. Duanı bitirdikdən sonra keçirdiyim həyəcanı təsəvvür edə bilmirəm.

Ümid dolu addımlarla kibrit qutusuna yaxınlaşırdım, əlim əsə-əsə açırdım və heç bir şey. Təsəvvür edirsiniz? Heç bir şey.

Xahiş edirəm, əlinizi vicdanınızın üstünə qoyun və deyin: Siz allah olsaydınız bu məsum uşağın məsum arzusunu yerinə yetirməzdinizmi? Sonra da deyir ki, mən mərhəmətliyəm.

Ancaq inamımı itirmirdim, inanırdım və uzun zaman da əbləhcəsinə inanacaq, dua edəcəkdim. Atam ən sevdiyim toyuğumuz və mənim yeganə dostum olan Dazbaşı qonaqlar üçün kəsəndə də inamımı itirmədim, anamın atamın maaşının üçdə biri qiymətinə mənim üçün aldığı boz pencək sinif yoldaşım Pota ilə davada cırıldığı gün maşa ilə döyüləndə də.

Halbuki Dazbaşın ölməməsi, anamın məni döyməməsi üçün saatlarla dua etmişdim. Təsəvvür edirsiniz? Görürsünüz necə böyük faciələr keçib başımdan?

Eşq bəlasına birinci sinifdə oxuyanda, yeddi yaşım olarkən mübtəla oldum. Sevdiyim, dərdindən köz kimi yanıb qaraldığım qız Tünzalə adlı sinif yoldaşım idi.

Bu qızda nə kəramət vardısa sinfin bütün oğlanları onu sevirdi.

Buna görə də bizim sinfin oğlanları arasında heç zaman mehribançılıq olmadı, hər kəs bir-birinə potensial əğyar gözündə baxırdı.

Ailəsi evdə darçın istehsal etdiyi üçün həmişə darçın qoxusu gələrdi Tünzalədən. Bəlkə də o qoxu idi Tıq-tıq xanıma bənzəyən bu balaca qızı bizə sevdirən.

Günlərin bir günü sinif yoldaşlarımızla qərara gəldik ki, dərsdən sonra məktəbin arxasında görüşüb dalaşaq.

Kim qalib olsa, Tünzalə onun olsun. Sabahkı gün döyüş olacaqdı və mən gecəni yatmadım, səhərə qədər dua etdim ki, qalib mən olum.

Baxmayaraq ki, hamıdan cılız və gücsüz idim, inanırdım ki, allah mənə kömək edəcək.

Bəs o nə etdi? Pota məni it kimi çırpdı. Pota sinifdəki ən kök şagird idi və hamımız ondan çəkinirdik. Mən isə onu döyəcəyimə inanmışdım. Təsəvvür edirsiniz bu nə deməkdi?

Pencəyim cırıldığı üçün anamın məni döyməməsi üçün allaha yalvardığımı və bu duanın da qəbul olunmadığını artıq demişəm. Qanuna görə Tünzalə Potanın olmalı idi.

Lakin qız Potanı yaxın buraxmadı və bizim yazılmamış müqaviləmiz bir müddət sonra kəsərini itirdi və unuduldu.

Yəni heç nəyə görə bir gün ərzində iki dəfə döyüldüm və məktəbə böyük qardaşımın köhnə və yamaqlı pencəyi ilə getməli oldum. Üstəgəl dualarım da qəbul olunmamşdı.

O vaxtdan anladım ki, qızların romantik oğlanlardan xoşu gəlir. Başladım şeirlər yazmağa. Gizlincə Tünzalənin dəftərini götürüb şeirlər yazırdım.

Sonda da “A” hərfi yazırdım ki, müəllifin mən olduğumu anlasın. Ancaq, o şeirlərin Arzu adlı oğlanın yazdığını zənn etdi. Hər şey də belə başladı... Ehh, bəlalı başım, ehh, yazıq canım.

Bilmirəm, baxdığım hansısa filmdə görmüşdüm, yoxsa kimsə məni hərifləmişdi, elə zənn edirdim ki, qıza orta barmağını göstərmək onu sevdiyini söyləmək anlamına gəlir.

Ona barmağımı göstərdiyim günün gecəsi səhərə qədər yatmadım və anladığınız qədəri ilə dua etdim.

-Allahım, xahiş edirəm mənə kömək ol. Sabah Tünzaləyə orta barmağımı göstərəcəm. Elə et ki, o da məni sevsin.

Ümid dolu gözlərimdə sevgi odu parıl-parıl yanaraq, titrəyən əlimi çəkinə-çəkinə qaldırıb orta barmağımı göstərdiyim an, Tünzalə təəccüblü baxışlarını mənə zillədi.

Sinifdə hamının zəhləsi getdiyi əyriayaq, atsifət Bəsti Tünzaləyə yaxınlaşıb qulağına nəsə dedi.

O gün bu gündür Tünzalənin mənimlə ulduzu barışmayıb. Həm barışsa nə olacaq ki? Hər şey üçün çox gecdi. Ehh zavallı bədbəxt Arzuman.

Tünzalə hər gün bir az daha Arzu ilə yaxınlaşırdı. Mən qəhrimdən ölürdüm. Arzunun atası varlı idi, məktəbə sürücüləri maşınla gətirirdi.

Yanıb yaxılırdım. Hər gün allaha dua edirdim ki, bizim də maşınımız olsun. Amma hardadı?

Bu minvalla illər keçdi, aylar dolandı, on birinci sinfə gəlib çatdıq. Tünzalə dünya gözəli bir qız olmuşdu.

Çoxları bu sevdadan əl çəksə də, mən əl çəkmədim. Hər dəfə onu görəndə içimdə kəpənəklər, milçəklər, ağcaqanadlar uçuşurmuş kimi hiss edirdim. Əlim dolanır, iki sözü ard-arda gətirib deyə bilmirdim.

Elə bilirdilər, ağlımın azlığındandı. Əksinə sevgimin çoxluğundan idi. Elə gülüşü necə sevməyəsən?

O almaz kimi parıldayan, həmçinin də gecə kimi qaranlıq gözləri necə sevməyəydim?

O çox gözəl idi. Evdə saatlarla güzgünün qabağında ona edəcəyim sevgi etirafını məşq edirdim. Di gəl ki onu görəndə hər şeyi unudurdum.

Çeynəyib tüpürdüyü saqqızı hələ də saxlayıram. Gizlincə çantasını açıb götürdüyüm darağında ilişib qalmış altı ədəd saç telini də həmçinin.

Hətta dərsdən sonra sinif otağımızın qapısının dəstəyini sığallayırdım ki, buna Tünzalənin əli dəyib.

Bax, belə sevirdim. Hər gecə saat on iki tamam olan kimi dua etməyə başlayırdım.

- İlahi, özün bilirsən onu necə sevirəm. Özün bilirsən ki, onu mənim qədər kimsə sevən deyil. Özün bilirsən, ona görə gözüyumulu ölümə də getməyə hazıram. Elə et ki, o da məni sevsin. Birlikdə olaq. Uşaqlarımız olsun. Ona oxşasınlar. Onun kimi gözəl olsunlar. İlahi, sən böyüksən. Mən ölənədək onunla birlikdə olmaq, öləndə də onunla birlikdə ölmək istəyirəm. Mən onu çox sevirəm. Arzularımı qəbul et, allahım. Baxmayaraq ki, o, Arzunu sevir, mən onu Arzudan bəlkə, milyon dəfə çox sevirəm. Sən ki bunu bilirsən, allahım.

Hətta bu duaları bir vərəqə yazmışdım, dini mağazalarda əlli qəpiyə satılan və boğazdan asılan dua qablarının içinə qoyub boynumdan asmışdım. Keçən ay kağızı dua qabı qarışıq yandırdım. Ehh, mən necə də zavallıyam.

Tünzalə bir həftə idi ki, məktəbə gəlmirdi. Kor bağırsağından əməliyyat olunmuşdu. Onun üçün narahat idim və həddən ziyadə çox darıxırdım. Həmin gün saat 12-dən sonra duanın sonunda belə bir arzu dilədim.

- Allahım, bir həftədi onu görmürəm. Elə et ki, bu gün yuxuma girsin. Mənimlə söhbət etsin.

Yay tətillərində belə duaları çox edirdim. Təbii ki, heç biri qəbul olmamışdı. O heç zaman yuxuma girmədi.

Həmin gecə yuxuma sinif yoldaşım Rüstəmin anası girdi. Çox qəlbitəmiz, mehriban qadın idi və mən onunla sekslə məşğul olurdum.

Dəfələrlə ehtirasla adımı çəkirdi, arada çevrilib geri baxırdı. Gözləri nədənsə şeytan gözləri kimi qıpqırmızı idi. Sonra Bəsti gəldi.

Çılpaq idi və üç dənə məməsi var idi. Yaxınlaşıb boyun-boğazımı yalamağa başladı.

Oyandım. Özümü islatmışdım və ömrümdə heç zaman özümü belə bərbad hiss etməmişdim. Hamama girib yuyundum. Vicdan əzabı çəkirdim və çox utanırdım. Sanki utanılacaq hərəkət etmişdim. Utanılacaq hərəkəti allah etmişdi.

Sabahsı gün Bəstinin sinəsinə baxdım və əmin oldum ki, üç yox, iki məməsi var. Ancaq, Rüstəmin üzünə baxa bilmədim. Özümə yazığım gəlir.

Məktəbi bitirdikdən sonra onu demək olar ki, görə bilmədim. Bakıya oxumağa getdi. Mən də hərbi xidmətə.

Şəklini özümlə aparmışdım. Özümlə də gətirdim. Əlimdən dua etməkdən başqa nəsə gəlmirdi.

Bilirsiniz mən az öncə nə etdim? İntihar. Daha doğrusu edə bilmədim. Allahdan ölməyi istəmişdim.

Kəndir hazırlayıb özümü asırdım ki, dilənçi qapını döydü. Qapını açana, pul tapıb verənə kimi anam evə qayıtdı. İntihar istəyimdən bir saat qabaq Arzu ilə Tünzalənin nişanlandığını öyrənmişdim.

Bütün bunlardan sonra mən kafir oldum. Allahdan da arzu edirəm ki, Arzu ilə Tünzalə dünyanın ən bədbəxt cütlüyü olsun. Ağladınız?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG