Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:34

Hə ata, axı məzarlıq həyatın pıçıltısıdır...


-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.

Nurlana Həşimova

QONŞUM!

Axır ki, bu yaz evimə köçə bildim.

Bu evə köçməyimi nə qədər istəməsələr də, başqa çarələri qalmadığını anlayanda atam alıb.

Həyətimizdəki tut ağacının altında oturmağı çox sevdiyim üçün atam evimi də böyük çinar ağacının altında tikdirib. Bağçamda rəngbərəng çiçəklər əkib və onlar qurumasın deyə də bulaq düzəltdirib.

Bu evə köçməyim neçə ilimi aldı. Əvvəllər ailəmlə qalmağı çox arzulasam da, sonra evimi dəyişməyimin mənim üçün yaxşı olacağını dedilər. Köçəndən sonra anladım ki, bu həqiqətən də beləymiş. Indi heç yerim ağrımır, azad və gümraham.

Çinar yarpaqlarının sərin xışıltısı isə mənim ən gözəl musiqimdir. Tez-tez anam, atam və qardaşım mənə baş çəkməyə gəlirlər.

Onları görəndə elə sevinirəm ki. Anam hər dəfə kövrəlir, yalvarır ki, onlarla qayıdım.

Mən isə onu başa salmağa çalışıram ki, bu evdə mənim üçün hər şey əladır. Anamsa məni dinləmir.

Gəldiyim gündən məni təbəssümlə qarşılayan yeni qonşularım var. Hamısı da məni çox sevir. Əsas da biri. Mən onunla elə gəldiyim günün səhəri tanış oldum.

-Salam gözəl qız, axır ki, gəldin!

Səsə diksinib başımı qaldıranda qarşımda tanımadığım bir gənci gördüm. Gözləri elə aydın, parlaq idi ki, gözümü qamaşdırırdı. Üzündəki bitmək bilməyən təbəssümünə baxdıqda adama elə gəlirdi ki, həyat xoşbəxtlik mayasını buradan götürür. Əynindəsə ona daha da yaraşıq verən ağ kostyum vardı.

-Necə yəni axır ki, gəldim? Sən mənim gələciyimi hardan bilirdin? Axı mən səni heç tanımıram.

- Sakit ol, qorxma. Biz bəzən bizi tanımayanları da tanıya bilirik. Mənə gələcəyini bura ilk köçdüyümdə demişdilər. Əslində səninlə dünən görüşəcəkdim. Amma gözlədim ki, evinə bir az uyğunlaşasan. Axı ilk köçdüyün gün bir az təlaşlı olursan.

- Hə, düzdür. Dünən çox həyəcanlı idim. Evimi ilk dəfə görəcəkdim.

- Bəyəndin?

- Hə, əlbəttə bəyəndim. Atamın zövqünə heyran olmamaq mümkün deyil.

- Mənim də evimi atam alıb. Mən onda indikindən çox kiçik idim. Yadımdadı təzə köçərkən elə darıxırdım ki, hətta tez-tez evimizə qaçırdım. Sonralar yeni qonşular gəldi, evlər sıxlaşdı, mən də darıxmağın daşını atdım. Artıq evə də can atmıram. Bura elə yaxşıdır ki.

Ona qulaq asarkən ətrafıma göz gəzdirir, qonşuların bağçasına boylanırdım. O, bunu hiss edib dedi ki, əgər istəsəm, məni qonşularla tanış edə bilər. Mən də razılaşdım. Ilk tanış etdiyi arxa qonşularım oldu.

- Bu yaşlı insanlar ikisi də həkimdirlər. Bir oğul, bir də qızları var. Əvvəllər valideynlərinə tez-tez baş çəkirdilər. Sonra oğlu görünmədi. Amma qızı arabir bayramlarda gəlir. Mənim yanımdakı bu yaşlı kişi isə bir neçə ildir ki, bura gəlib. Elə qəzəblə baxır ki, söz soruşmağa da qorxuram.

- Bəs o həyətində heykəl olan kimdir?

- Ehh, o xala bura əvvəllər oğlunu görməyə gəlirdi. Oğlu gənc yaşlarından o bağçada yaşayır. Oğlu anasını həmişə yanında hiss etsin deyə özünə bənzər heykəl də qoydurdu. Amma dözmədi bir gün özü də gəldi oğlunun yanına.

- Bəs o heykəl nəyə lazımdir?

- Nə bilim. Bilirsən, çoxları bura köçəndə əzizlənir, sevilir. Sonra bir gün tamam unudulur. O heykəl də elə sevilən vaxtlarında tikilib. Indi heç kəsi gəlmir.

-Bəs bu kimdir? – mən yan qonşumu göstərərək soruşdum.

-Sağındakı? O evdə isə tək qadın yaşayır. Bura köçəndə çoxları kimi fikri evdə qalmışdı. Sonra öyrəndim ki, evdə kiçik qızı varmış. Onu da gətirmək istəsə də, icazə verməyiblər. Indi qızı yanına gəlib-gedir. Bir də nəvəsi var. Keçən ilədək məndən kiçik idi. İndi mən ondan kiçiyəm.

O, bunu elə gülərək dedi ki, səsi şirin musiqi kimi qulaqlarımda cingildədi. Mən də ona qoşulub gülməyə başladım. O zaman mənə elə gəldi ki, mən onu bax elə bu gülüşüylə illər öncə yuxumda görmüşdüm.

-Mən deyəsən səni lap çoxdan yuxumda görmüşdüm - astaca pıçıldadım.

- Hə, mən sənin yuxuna gəlmişdim. Onda sən elə gümrah idin ki. Sonralar zəifləməyə başladın.

- Axı mən hələ xəstələnməmişdim. Heç özüm də bilmirəm necə oldu. Gözümü açanda isə...

- Elə yaxşı ki, xəstələndin.

- Niyə elə deyirsən, axı mən çox narahat idim. Həm də ağrı mənə əziyyət verirdi.

-Çünki sən xəstələnməsəydin biz tanış olmayacaqdıq. Adama bəzən xəstəlik də sevilir xəstənin xatirinə.

Bu sözdən sonra heç nə danışmadıq. Sadəcə, bir-birimizə baxıb gülümsədik. Artıq hava da qaralmağa başlamışdı.

Mən evə baş çəkmək istəyirdim. Ona görə tez hazırlanmağa başladım. Saçlarımı səliqəylə darayıb çiyinlərimdən aşağı tökdüm.

Bura gələndən saçlarım da xeyli uzanmışdı, daha parlaq görünürdü. Üzümdə isə xəstəlikdən əsər-əlamət belə yox idi.

Əynimə yeni alınan ağ don geyindim. O mənə elə gözəl yaraşırdı ki, anam görsə mütləq bəyənəcəkdi.

Həyətə girən kimi atamla qarşılaşdım. Tut ağacının altında oturub gözləri yumulu fikrə getmişdi. Hətta ağlamışdı da.

Əlimi uzadıb gözünün yaşını sildim. Məni görən kimi sevincək boynuma sarıldı. Dedi ki, çox gözəlləşmişəm, donumsa mənə çox yaraşır. Sonra anamı, qardaşımı soruşdum.

Dedi ki, mənim üçün çox darıxırlar. Onları görmək üçün evə doğru qaçdım. Barmaqlarım ucunda sərin meh kimi otaqlara girdim. Əvvəlcə qardaşımla görüşdüm, sonra anamın otağına keçdim. Elə qapının ağzındaca üstümə atılan suyla büsbütün islandım.

- Ehh ay ana, neylədin? Yeni alınan donumu niyə islatdın?

Su əvvəlcə istiydi, sonra soyudu və məni üşütməyə başladı. Anamsa məni eşitmədən yatağına uzandı. Bir az sonra keçib qarşısında dayandım və məni onda gördü.

- Qızım, nə yaxşı gəldin. Elə darıxmışdım ki, boynuma sarılarkən təlaşla soruşdu:

- Bu nədi, sən bütün susan ki?

- İndicə sən tökdün, ana! Axı bilirsən ki, mən üşüyənəm. Belə etsən bir də gəlmiyəcəm.

- Bağışla, mənim balam! Getmə, indicə əynini dəyişdirərəm. Bütün paltarların burdadı.

- Yox, qalsın ana, artıq onlar mənə lazım deyil. Evə çatanadək havada quruyar. Sadəcə, sizə baş çəkməyə gəlmişdim. Istədim biləsiz ki, mənim üçün hər şey yaxşıdır.

O, məni dinləyərkən elə sevinirdi ki, sanki yenə onlarla idim. Ancaq qayıtmalıydım, axı səhər açılırdı.

Anamla görüşüb tələsik evimə qayıtdım. Mən dönərkən artıq Günəşin ilk şəfəqləri səmanı aydınladırdı. Ilıq hava üzümü oxşadıqca, saçlarım sübh mehinə qoşulub havada ağ kəpənəklər kimi uçuşduqca hiss etdim ki, mən indi daha xoşbəxtəm.

Evimə girərkən üzbəüz qonşumun bağçasına boylandım. Ağlıma gəldi ki, axı mən onun adını heç soruşmamışam. Tez adının yazılı olduğu qapısına baxdım. .....Ilqar.

Evimə girərkən hər şeyin yaxşı olacağını pıçıldadım.

Artıq onunla tanışlığımdan aylar keşib. Birlikdə gəzişir, bəzən küləyə qoşulub uçuruq da. O gün də xoşbəxtliyimi ilk duyan elə o olmuşdu.

- Ooo, bu nə hazırlıqdı belə?

- Bilirsən, bu gündən atam mənimlə yaşayacaq. Bax burda, bu güllərin lap yaxınındakı otaq da onundur.

- Məni də atanla tanış edəcəksən?

- O, artıq səni tanıyır. Mən ona sənin barəndə demişəm.

Gülümsündü. Üzündəki ölməz təbəssüm ona elə yaraşır ki, hər görəndə təkrar sevməmək və onu mənə yazdığı üçün Allaha şükr etməmək mümkun deyil.

Atam günorta gəldi. Onu Ilqarla birgə evimin qarşısındakı cığırda gözləyirdik. O, elə tələsirdi ki, məni görər-görməz boynuma sarıldı. Sonra məmnunluqla Ilqarla da görüşdü.

- Axır ki, gəldin, ata! Nə yaxşı ki, burdasan.

- Elə darıxmışdım ki, qızım.

- Anam bizsiz çox darıxacaq.

- Narahat olma tapşırmışam, qardaşın həyan olacaq. Onsuz da bir gün o da gələcək.

- Hə, elədir. Bizi birlikdə görəndə çox sevinəcək. Narahat olmağa ehtiyac olmadığını anlayacaq.

- Bura nə sakitlikdir - atam ətrafa boylanaraq əlavə etdi.

- Hə ata, axı məzarlıq həyatın pıçıltısıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG