Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:35

Məktub


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Nigar Şahsuvarova

MƏKTUB

O, digər qızlardan heç nə ilə seçilmirdi.

Parkda bir xeyli gəzib dolaşdıqdan sonra boş skamyaların birində əyləşdi. Xəfif külək şabalıdı saçlarını kefi istəyən kimi dağıdırdı.

Qol saatına nəzər saldı. Günortadan xeyli keçmişdi. Telefonu zəng çalsa da, ekranına baxmaqdan savayı heç nə etmədi.

Ayağa qalxıb getməyə hazırlaşırdı ki, skamyanın kənarında bir məktubun rəqsi ilə qarşılaşdı.

“Qızım!

İndi gecədirmi-gündüzdürmü, bilmirəm, düzünə qalsa, heç maraqlanmıram da.

Sən necə də məndən uzaqsan, əlçatmazsan, amma sənin portretin mənim gözümün qarşısındadır, masamın üstündə durur və necə də gülümsəyirsən mənə.

Harada olduğunu, “üşüyürsənmi?” deyə soruşmuram, çünki sənin ölümündə, torpağa tapşırılmanda mənim də günahım az deyil.

Gec bildim xəstəliyini. Sadəcə müalicən üçün pul ödədim. Maraqlanmadım səninlə, alnından öpmədim, “sağalacaqsan” demədim, xəstəxanada gecələmədim.

Və bir də ayıldım ki, sən yoxsan artıq. Dünyam qaralmadı o vaxt. İndi qaralır sürətlə.

Mənim dəyişməyimi çox arzuladığını gündəliyindən oxumuşam. Amma nə edəsən, mən belə idim.

Mən və sənətim, başqa heç nə. Hər nə qədər lənətəgəlmiş eqoma nifrət etsəm də, siqaretlə içimə zəhər hopdursam da, kobud barmaqlarımla saçlarımı qarışdırsam da, masamı darmadağın etsəm də, mən yenə də mənəm. Lütfən, qəbul et bunu.

Gecənin sakitliyində kiminsə addım səslərini, pıçıltılarını, gülüşlərini eşidirəm. Kimsə məni təqib edir.

Gözlər parıldayır. Kimsə kürəyimə bıçaq dayayıb ciblərimi yoxlayır. Heç nə tapmadıqdan sonra boynuma ağrılı zərbə vurub uzaqlaşır.

Əllərimlə özümə dayaq verib qalxmağa çalışıram. Gözlərim dumanlaşmağa başlayır.

Qaranlığı deyil, səni görürəm, qızım. Harada olduğumu təxmin etməyə çalışıram. Evdə, yoxsa çöldə?

Külqabıya buraxdığım siqaret artıq yavaş-yavaş sönməyə başlayır. Amma gec-tez simurq quşu kimi külündən təzədən və əvvəlkindən güclü doğulacağına inamım sarsılmazdır.

Darısqal otağı bürüyən üfünət qoxusundan qorxub qaçma. Sənə özümü təqdim etmək istəyirəm. Dinlə məni. Sonra bütün emosiyalarınla mənə üsyan et. Nifrət də edə bilərsən.

Mən alqış səslərindən həzz alırdım, onlarsız yaşamaq mümkün deyildi. Qeybə çəkiləndə sanki özümü itirirdim, labirintə düşürdüm.

Qarşımda saysız-hesabsız yollar açılırdı, məni gözləyirdilər, amma hansına ayaq basırdımsa tikanlı məftillərlə qarşımı kəsirdilər.

Ulduz olub parlamaq istəyirdim, alqışların məni sərxoş etmələrini dəlicəsinə arzulayırdım. Varlığımla, bütün qaranlıq tərəfimlə başımın gicəllənməsindən böyük həzz anı tanımırdım özümə. Hamısına nail oldum. İndi isə bunlardan mənə heç nə qalmayıb.

Mən sənin atananmı, qızım? Sən doğularkən qucağıma almadım, gecə yatarkən öpmədim, ilk addımlarını görmədim, ilk sözlərini eşitmədim. Hə, bunların səbəbkarı elə özüməm, mənəm, mən! “Qızcığazım mənim” demirdim, gözlərim qapanarkən yuxunu qovmurdum, sənin arzularını görmürdüm, gələcəyini hiss etmirdim.

Sən mənim üçün bir heç idin çünki.

Yüksəlirdim, inamla irəliləyirdim, rəqiblərimə fürsət vermirdim. Səhnədə yaşayırdım, səmada uçurdum, amma səni, mələyim, görmürdüm.

İnsanların pıçhapıçlarını, heyrətverici gözlərini, danışan əllərini bütün ruhumla hiss edirdim və bundan məmnuniyyət duyurdum, amma sənin istənilən səsinə reaksiyam əsəbpozucu idi.

Balaca əllərini mənə doğru uzadırdın, gözlərinlə məndən qayğı gözləyirdin, amma qarşılığında divarı yumruqlayıb masanı dağıdırdım. Sənsə qorxub ağlaya-ağlaya anana doğru qaçırdın.

Axı mən haradan biləydim ki, sonum qoca təlxəkdən heç də fərqli olmayacaq?

Cırıq şalvarımla insanlardan sədəqə diləyəcəyimi təsəvvürümə belə gətirmirdim. Məni doyunca ələ salacaqlarını, yumruqlara qonaq edəcəyini, təhqirlərə məruz qalacağımı bilmirdim.

Sənsə artıq şahzadə geyiminlə göylərə ucalırsan, oradan mənim yazıq halıma acıma, layiqəm buna.

Uç göylərə, bacardıqca uç, amma geriyə qayıtma. Anana görə deyil, mənə görə qayıtma. Yoxsa səni heç vaxt bağışlamaram.

Məndən fərqli olaraq sən adi insanların həyatını gördün, küçə uşaqlarının soyuqdan necə donduqlarını və kley iylədiklərini gördün.

Onların hekayələrini dinlədin, heç də maraqsız deyildi. Bir zamanlar ananın sehrli gecələrdə danışdığı nağılların sədası altında necə yatdığını xatırladın.

Heç vaxt kimsəsizlərə baxmadım, bir dəfə də olsun “mən də onlar kimiyəm” demədim.

Qürurlu idim, okean qədər qürurum vardı mənim. Aclığın nə olduğunu bilirəm artıq. Qəpiklər altında əzilməyimi artıq həzz etməyə alışmışam.

Sənin ürək döyüntünə heç vaxt qulaq asmadım. İndi özümə sual verirəm: “O, məni necə tanıyıb görəsən?” Hə, qızım, mən sənə necə ata olmuşam, anlat hamısını, vicdanım ol.

Mənim soyadımı daşımamalı idin. Yəqin ağır idi sənin üçün, eləmi? Mənim dünyama daxil olmağı nə qədər çox istəyirdin, amma mənə yaxınlaşmağını qadağan etmişdim.

Sənin ağlamağın əsəb sistemimi sıradan çıxardırdı. Hətta bir dəfə əl də qaldırmışdım sənə.

Anan səsə gəlməsəydi, səni vurmuş olacaqdım. Mənim otağıma icazəsiz girdiyin bəs deyil, üstəlik mənim masama toxunmağından dolayı iki ay sən məndən bacardıqca qaçdın.

Məhlədə uşaqlarla oynayarkən, məktəbdə dərslərini əla oxuyarkən məni düşünürdün.

“Görəsən atam niyə məni sevmir?” deyə anandan soruşurdun tez-tez. Etiraf edirəm, eşitmişəm anadan soruşduqlarını, amma içim bircə anlıq da olsa titrəmədi.

Anan mənə necə dözürdü, niyə dözürdü, onu da bu yaxınlarda sənin gündəliyindən öyrənmişəm. Məndən fərqli olaraq, o, məni sevirdi. Amma artıq sevmir, çünki sən yoxsan.

Mən xarici ölkələrdən iftixar hissi ilə qayıdırdım. Mənə göstərilən münasibətdən xoşhal olurdum. İnsanlar mənim imzamdan ötrü az qala yarışırdılar. Mən “ideal” idim.

Sürücümün həyat şəraiti ilə heç maraqlanmadım. Həyat yoldaşının xəstə olduğunu bilə-bilə həm də. O isə maşının güzgüsündən mənə baxırdı. Beynimi ələk-vələk edirəm. Əvvəllər mənə yardım gözü ilə baxırdı, sonralar təəssüf, ən sonda isə gözlərində acılı qəzəb vardı.

Beynimin içində səslər məni rahat buraxmaq bilmirlər. Naməlum səslər - uşaq çığırtıları, hönkürtülər, yalvarışlar. Hamısında baş rolda sənsən, qızım. O vaxtlar da beynim rahat deyildi.

İstərdim ki, möcüzə baş versin və sən həqiqətən dediklərimi anlayasan. Artıq qocalmışam qızım. Gec-tez sənin yanına gələcəm. Məni qəbul edəcəksənmi? Kefini pozmaq istəmirəm. Necə gülməli danışıram, elə deyil?

Aynaya baxanda zamanla necə böyük səhvlərə imza atdığımı anlayıram, qırışmış əllərimlə üz cizgilərimi incələyirəm. Sənin damarlarında mənim qanım axır.

Əslində sən mənim uğurum idin. Sən doğulmamışdan öncə mən adilərdən biri idim.

Sənin dünyaya gəlişinlə adilikdən çıxıb yüksəldikcə yüksəldim. 19 ilimi sənə borclu olmalı idim. Sənin gedişinlə hər şeyimi itirdim. Artıq mən heç kiməm, heç kim.

Sevdiyin oğlan vardı, hə? Hər gün səni görməyə gəlir. Əlində sıxdığı sevdiyin gülləri buraxarkən dizləri taqətdən düşür və hönkürtüsü ilə səni həyata qaytarmağa çalışır.

Sənsiz keçirdiyi 5 il ərzində küçə qadınlarından biri ona uşaq doğub. Yəqin ki, bilirsən, çünki bəzən qızı ilə birgə gəlir sənin yanına. Balaca qız heç nə anlamasa da, atasının boynunu qucaqlayır.

O səhnəyə dəfələrlə uzaqdan-uzağa şahid olmuşam. Sənin yanına gəlməyi çox istəsəm də, özümlə bacarmıram.

Sənin gündəliyini mənə anan verib ki, oxuyum. Anaт artıq süpürgəçidir. Qazandıqları ilə gecəqonduların birində yaşayır.

Günlərin birində qarşıma çıxıb məndən yaşadıqlarının hesabını istədi. Göz yaşları içində mənim ölümümü istədi. Sonra da gündəliyini üzümə çırpdı.”

Məktubu oxuyub bitirəndən sonra telefon təkrar zəng çaldı...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG