Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Ədəbi komplimentlərimiz dəyişməlidir


-

Ədəbi komplimentlərimiz dəyişməlidir

Bir şeir, hekayə, yaxud roman yazırsan, ən yaxın dostundan xahiş edirsən ki, oxuyub fikrini desin. Dostun oxuyur, sənə ümumi xoş sözlər demək istəyir yazın haqqında. Bu məqsədlə o, hansı sözləri seçir?

Həmin sözlər bizə çağdaş Azərbaycan ədəbiyyatının problemini anlamaq üçün açar verə bilər.

Azərbaycanda, mənim dəfələrlə təkrarlanmış müşahidələrimə əsasən, belə deyirlər: “Təsirlidir”, “Məhv elədi məni”, “Çox gözəl yazmısan”, “Qələminə sağlıq”...

Qərb ədəbiyyatında isə, bu sözlərlə yanaşı, mənim dəfələrlə təkrarlanmış müşahidələrimə görə, bir adamın o biri adamın əsərinə kompliment məqsədilə ən çox dediyi söz budur: “Orijinaldır”.

Bizdə “orijinallıq” meyar deyil, yaxud əsas meyar deyil. Bizim “İdeal əsər” anlayışımıza görə, bir əsər insan hisslərinə təsir etməlidir, mənalı olmalıdır. Bu, pis bir şey deyil, elə Şekspirin də yüzillərdir yaşayan yaradıcılığının sirri insan hisslərini mövzu etməsi, təsirli və mənalı olmasıdır.

Qərblilər orijinallığın onlarda ədəbi dəyərə çevrilməsinin 18-ci əsrdə Romantizm ədəbiyyatından başladığını deyirlər. Deyirlər ki, 1750-ci illərə qədər Almaniyada kitablar kollektiv surətdə yazılırmış.

Necə ki, əl sənətlərinin ustaları birlikdə samovar düzəldirlər. Orta əsrlərdən qalmış bir iş tərzi idi bu. Kitabın ərəsəyə gəlməsində bir yazıçının əməyi o birindən fərqləndirilmirdi, heç kəs üstün deyildi, hamı bərabər idi. Orijinallıq isə yalnız bir müəllifin unikal roluna aid məsələdir.

Orijinal - yaradılmış əsərin özündən əvvəlki əsərlərlə müqayisədə nə dərəcədə yeni olması xüsusiyyətidir. Orijinal əsər başqalarının əsərlərini yamsılamayan unikal ideya, üslub və məzmun deməkdir.

Doğrudur, 20-ci əsrin ikinci yarısında “Artıq orijinal yazmaq mümkün deyil”, “Biz indi sevgilimizə məktub kimi çox özəl mətnlər də yazanda əvvəllər başqalarının dəfələrlə müxtəlif kombinasiyalarda yazdıqları cümlələrindən istifadə edirik”, “Müəllif və onun orijinal rolu ölüb” kimi bəyanatlar verildi.

Amma bunlar nəzəri söhbətlər olaraq qaldı. Real ədəbi prosesə həlledici təsir göstərə bilmədi. Əgər belə olmasaydı, bu günün böyük Qərb nəşriyyatları və ədəbiyyat agentllikləri eyni bir cümləni tutuquşu kimi təkrarlamazdılar: “Biz yeni, orijinal əsərlərin və orijinal yazıçı səslərinin axtarışındayıq.”

Bizim də ədəbi komplimentlərimiz, deyəsən, dəyişməlidir. Hərçənd, “orijinaldır” kimi komplimenti çox kitab oxuyan adamlar deyə bilərlər. Çünki onu deyən adam təkcə öz hisslərinə əsaslanıb tərif deyən adamdan fərqli olaraq, yazılmış başqa əsərlərdən çıxış edir, onlarla ani bir müqayisə aparır.

Yəni asan deyil “orijinaldır”, “əvvəl oxuduqlarıma bənzəmir”, “təzədir” kimi komplimentlər demək.

Bizim ədəbi komplimentlərimiz “Oxuyub ağladım” olduqca bir-birindən daha kədərli şeirlər, ədəbi meyarlarımız “hər misrasında bir məna var”, “fəlsəfi şeirdir” olduqca peyğəmbər ayələrinə oxşayan şeirlər, yanında da boz nəsr kitabları yazılır.

Əgər yazan gənclik Qərb ədəbiyyatına doğru yol alıbsa, onda Orijinallıq, Yenilik ədəbi dəyər kimi bizim üçün də vacib amilə çevrilməlidir.

Məsələn: “Oxudum göndərdiyini, orijinal ideyası var, amma hələ nəmdir, qurumayıb.”

Oxu zalı

XS
SM
MD
LG