Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:17

Bakı sakini dönər köşkündə nələr gördü...


foto
foto

-

"Pəncərənin qarşısını karton parçasıyla bağladılar ki, içəridə baş verənləri görməyim. Ancaq artıq gördüyümü görmüşdüm".

AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edən Bakı sakini Elman Nuriyev dönər köşkündə təsadüfən müşahidə etdiklərindən dəhşətə gəldiyini deyir. Onun sözlərinə görə, iyunun 4-də səhər saat 8 radələrində "20 yanvar" metrostansiyasından çıxıb "Velotrek" ticarət mərkəzinin sırasında yerləşən dönər köşkünün qarşısında dayanıb dostunu gözləyərkən bir səhnənin tamaşaçısına çevrilib. Ancaq gödüklərini sonadək izləyə bilməyib:

"MƏNİ GÖRÜB QƏZƏBLƏNDİLƏR"

"İki gənc oğlan köşkün içərisində olduqca iyrənc, çirkab iri bir vannaya tökdükləri ət parçalarını dönər aparatının dəmirinə keçirirdilər. əti çox çox götürdüklərindən əllərindən çirkli döşəməyə tökülürdü. Döşəmədən yığıb təzədən vannadakı ət kütləsinə qatır, yenə dönər aparatına keçirirdilər. Əllərinin altında kirdən rəngi bilinməyən əski parçası vardı, aparatı onunla sildilər. Mənim şüşənin arxasından tamaşa etdiyimi görən gənclərdən biri mənə tərs-tərs baxaraq əlinə keçən karton parçasını pəncərənin qarşısına qoydu".

Elman Nuriyev gördüklərinə etiraz etmək üçün dönər köşkünə daxil olmaq istəsə də baş tutmayıb. O, gördükləri ilə bağlı müraciət edəcəyi ünvanı da bilmir.

"İnternetdən dəfələrlə oxumuşam ki, bu ətlərin mənşəyi bilinmir. Ancaq onun belə iyrənc şəraitdə hazırlandığını ilk dəfə görürdüm. Belə dönərxanalar xəstəlik mənbəyidir. İndi yaydır, belə məsələlərə xüsusilə diqqətlə yanaşılmalıdır. Yaxşı olar ki, dövlət idarələrindən birində bir "qaynar xətt" yaradılsın. belə şeylər görəndə zəng vuraq, gəlib yerindəcə araşdırsınlar".

Ekspert Nizami Quliyev deyir, Azərbaycanda bir neçə il əvvəl dönər standartı təsdiq edilib. Amma bu sahədə hələ də kifayət qədər nöqsanlar mövcuddur.

"Dönər fastfood qidalar arasında ən çox üstünlük verilənidir. Ancaq monitorinqlərin nəticələri də göstərir ki, dönər köşklərində gigiyenik və sanitar qaydalara riayət olunmur. Ətin mənşəyi bilinmir. Ətin mənşəyi ilə maraqlanan alıcı aldadılır, satıcılar tibbi müayinədən keçmir və sair".

DÖNƏRXANA SAHİBLƏRİ CƏRİMƏLƏNSƏLƏR DƏ...

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dəfələrlə bildirib ki, monitorinqlər zamanı dönərxanalarda ölmüş heyvan ətindən istifadə olunduğu aşkar edilib.

Ötən 6 ay ərzində 197 nəfər sanitar gigiyenik qaydalara əməl etmədiyinə görə cərimələnib ki, onlardan 23-ü dönərxana sahibləri olub.

Standartlara riayət olunmadığına görə fəaliyyəti dayandırılan 32 müəssisədən 4-ü də məhz dönərxanalardır.

XS
SM
MD
LG