Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:57

Vəfa Qafarova. Düşmənin bizik, vətən...


Vəfa Qafarova
Vəfa Qafarova

-

Iki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksələn Vəfa Qafarovadan şeirlər

Vəfa Qafarova (Mürsəlqızı)

Sənin gülüşün

Sen elə gözəl gülürsən,
Mənim ağlamağım gəlir,
Gülüşündən bircə ovuc
Alıb saxlamağım gəlir.

Gülüşlərin çiçək-çiçək,
Yolda qalsın, izdə qalsın,
Sən onsuz da gedəcəksən,
Gül, gülüşün bizdə qalsın.

Yazda gəlib qışda dönmək,
Asandır elə bilirsən?
Bu boyda qəmin içində,
Nə qəşəng gülə bilirsən.

Güləndə ağac olursan,
Bahar çağı gül-gül əsən,
Gülüşünə qurban olum,
Təki həmişə güləsən.

Gül mənim də əvəzimə,
Mən bacarsam hay verəcəm,
Gülüşümü harda tapsam,
Alıb sənə pay verəcəm.

Soyuqdurmu oralar?

Soyuqdurmu oralar?
Üşüyürmü ayaqların, su istəyəndə gecələr,
quruyurmu dodaqların?
Sən hər gecə dönə-dönə lənət deyib yatırsanmı,
bu dünyanın bütün kişi tayfasına?
Cavanına, qocasına, alçağına, ucasına,
səni atan, səni alan, səni satan
hamısına!
Nədir axı müharibə, sən bilmirsən,
Düşünürsən gecələri bu zülümü çəkməkdənsə
axı niyə sən ölmürsən?
Sənin üçün on dörd yaşın ləkəsidir müharibə.
Sinənə əyilmiş başın, gözlərinin kölgəsidir müharibə.
Sən utanma, biz utanaq, barı, gəlin.
Üzü qara, bəxti qara, sarı gəlin.
Biz utanaq toyumuzdan, kefimizdən vaz keçmirik,
Sənin zülüm çəkdiyin xarabadan təyyarəylə az keçmirik.
Yüyürürük yayda soyuq, qışda isti diyarlara,
Sənin isə günün qara, qəlbin para, cismin yara.
Efirlərdə heç nə üstə mübahisə edənlərin,
Bal ayına İsveçrəyə gedənlərin.
Sobasını dollarlarla qalayanın,
Mənfəətçün kimlərinsə çəkməsini yalayanın nə vecinə.
Can verirkən vicdanımız rahat-rahat otaqlarda,
rahat-rahat yataqlarda,
Tapdalanır ismətimiz, qeyrətimiz ayaqlarda.
Soyuqdurmu oralar?
Quruyubmu dodaqların.
Yox üşüməz mənim bacım, don vuranda kəsilmişdi ayaqların.

Özünü bizdən qoru

Vətən sənin alnına
yazıldıq günah kimi,
Dərdlərini qaladıq,
Üst-üstünə dağ kimi.

Namus girovumuzu,
Geri alan olmadı,
Bayrağın al gəngindən,
Üzümüz rəng almadı.

Bizim mütiliyimiz,
Sağalmaz azar oldu,
Kim üçün vətən məzar,
Kim üçün bazar oldu.

Qara torpaq, mavi göy,
Vətən deyil əslində,
Vətən bizik, mən, sən, o,
onlar vətən mislində.

Özümüzü qınayaq,
Alan da biz, satan da,
Bəd ayağa düşəndə,
Günah yenə vətəndə?

Bayrağı üstümüzə
ortüb yattdıq yetmədi?
Namusu yada verdik,
İtə atdıq, yetmədi?

Ay ürəyi yaralı,
yiyəsiz, əzik vətən,
Özünü bizdən qoru,
Düşmənin bizik, vətən.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG