Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Hədiyyə Şəfaqət. Sözlər canımıza keçmədən...


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

“Ədəbi Azadlıq-2015” müsabiqəsinin qısa siyahisina keçmiş Hədiyyə Şəfaqətdən yeni şeirlər

Hədiyyə Şəfaqət

Şeirlər

..Usta,

Son rəsmini çəkməyindəydi...

Dayanmış zamanın tən ortasından uçub keçirdi,

Qanadlarının xışıltısı duyulan ağ kəpənək...

Başımı qaldırdım və buludlara baxdım...

Sonra sarı-yaşıl çöl boyu uzaqlara...

Şəffaf tül kimi dalğalandı ətrafdakı hər şey

Kəpənək qanadlarının havasında

Buludlar bir azca çölə qarışdı...

Çöl bir az daha yaxına gəldi

Və barmaqlarımın ucu toxundu tabloya...

Çobanyastığı çiçəklərinin tündlüyündəydi-

Rəng qoxusu yayıldı...

Kəpənək

Açıb-yumaraq ağ qanadlarını

Çərçivəyə doğru uçub getməyindəydi...

***

...Budur-

Bir şey daha istədim son olaraq

Heç kimsədən heç nə istəmədən həm də:

Danışmamaq...

İndi

İçmək tünd şərab kimi sehrli səssizliyi son damlasınacan,

Dayanılmış andan başlayaraq

Dairəni geri-geri getmək

Və yol boyu

İndiyəcən sərf edilmiş bütün kəlmələri unutmaq...

Zəhərlənmiş adamlar kimi...

Yaddaşı qusmaq və qurtulmaq....

Sözlər qanımıza keçmədən

Və dövr etmədən canımızda,

Və ruhumuza yetişmədən

Bunu bacarmaq...

Çəkilmək

Hələ heç nəyin olmadığı o nöqtəyə ki,

Orda

Tanrı hələ də düşünməkdədir-

"Yaratmaq, ya yaratmamaq?"...

İyun 2015

XS
SM
MD
LG