Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:16

Bakı məktəblilərinin az qala yarısı imtahanlardan 2 və 3 qiymətlər alıb. Prezident göstəriş verib ki, test suallarını asanlaşdırsınlar, camaat narazı qalmasın.

“Çox qorxurdum ki, suallara cavab yaza bilməyəcəm. Amma imtahanda gördüm ki, suallar çox asandır”. Bunu Bakı məktəblisi, 9-cu sinif şagirdi Nərmin Vəlizadə deyir. O, repetitor hazırlığına da gedir. Soruşanda ki, “əlavə hazırlığın olmasa idi, imtahan suallarına cavab verə bilərdinmi?” deyir: “Əlbəttə. Düzünü deyim ki, hazırlığa getməsəydim də cavab yazardım. Hamısı keçdiklərimiz idi. Çətin bir şey yox idi. Azərbaycan dili riyaziyyatla müqayisədə daha asan idi. Sinif yoldaşlarımın çoxu 4-5 qiymət alıb”.

Nərmin imtahandan “4”, “5” alıb, amma bir neçə gün öncə buraxılış imtahanı verən Bakının 9 və 11-ci sinif şagirdlərinin heç də hamısı uğurlu nəticə göstərməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı imtahan nəticələrinə görə, Azərbaycan və rus bölməsi üzrə 31 min 9-cu sinif şagirdinin yarıdan çoxu ana dili və riyaziyyatdan “2” və “3” alıb.

İmtahan nəticələrinin təhlilləri “danışır”

İmtahan nəticələrinə görə, ana dili və riyaziyyat üzrə “2” qiymətinin sayı 8500, “3” qiymətinin sayı isə 25 mindən çoxdur. 4 və 5 qiymətinin sayı isə birlikdə təxminən 22 mindir.

TDQK bildirir ki, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85 faizi ana dili fənni üzrə, 57 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar

Yalnız 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci siniflər 4 fənn üzrə imtahan veriblər. TQDK-nın analizinə görə, 4 fənn üzrə 5 min “2” 23 min “3” qiyməti var, 4-5 alanların sayı isə çoxdur. 24 min şagirddən cəmi 12-si kimyadan suallara cavab yazıb. Onların da arasında “5” alan olmayıb.

TQDK-nın təhlilinə görə, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45 faizi ana dili fənni üzrə, 35 faizi riyaziyyat fənni üzrə “2” və “3” alıblar.

Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54 faizinin, riyaziyyat fənni üzrə isə 64 faizinin qiyməti “4” və “5” olub.

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36 faizi ana dilindən , 27 faizi riyaziyyatdan “2” və “3” alıblar. Rus bölməsindəki şagirdlərin 72 faizinin qiyməti “4” və “5” olub.

11-cilər arasında cəmi 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb, - TQDK-nın məlumatında deyilir.

“Bölgələrdə vəziyyət bundan pis olacaq”

Nabatəli Qulamov

Nabatəli Qulamov

“Bu, hələ Bakı məktəblilərinin nəticəsidir, bölgələrdə vəziyyət bundan pis olacaq”, - təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlu AzadlıqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləndən bəri hər il eyni nəticə müşahidə edilir:

“Söz yox, bunun bir günahını TQDK-nın üstünə atmaq olar ki, test sualları çətindir. Ancaq bu il istisna olmaqla, mən hər il araşdırma aparmışam və məlum olub ki, buraxılış imtahanlarının sualları ali məktəblərə qəbul imtahanına nisbətən qat-qat asan tərtib edilir. Çünki dövlət başçısının göstərişi olub ki, sosial narazılıq yaranmasın deyə test sualları asanlaşdırılsın”.

Nabatəli Qulamoğlu deyir ki, imtahan nəticələri orta məktəblərdə keçirilən tədrisin keyfiyyətini göstərir. Onun fikrincə, orta məktəblərdə verilən təhsilin səviyyəsi şagirdlərə attestat almaq imkanı vermir.

Dövlət başçısının göstərişi olub ki, sosial narazılıq yaranmasın deyə test sualları asanlaşdırılsın

Bir-iki il öncə təhsil naziri dəyişəndə çoxları yeni nazirin tədrisin keyfiyyətində dəyişiklik olacağına inamını bildirmişdi. Nabatəli Qulamoğlu deyir ki, bir nazirlə təhsildə keyfiyyətə nail olmaq çətindir:

“Təhsilin inkişafı tək-tək subyektlərdən asılı olmaz. Bunun üçün təhsil islahatı aparmaq lazımdır. Naziri dəyişiblər, bir-iki ildən sonra düşəcəklər üstünə ki, sahəni irəli apara bilmədin. Halbuki, sistem dəyişməlidir. Sistemin mahiyyətində təhsilə hörmətsizlik var, təhsil prioritet deyil”.

“Təhsil Konsepsiyasının bir müddəası da işləmir”

Nabatəli Qulamoğlu deyir ki, Təhsil Konsepsiyası hazırlandı, amma bir müddəası da işləmir: “Qoy Mikayıl Cabbarov yuxarılara desin ki, niyə bu Konsepsiyanın bir müddəası da işləmir? Müəllimlərin attestasiyasını keçirdilər, manatın devalvasiyasından sonra cüzi maaş artımı oldu. Amma bilirsiz, bu, yerində qaçmağa bənzəyir, istəyirsən hansı sürəti yığırsan, yığ, yenə də yerində qaçırsan. Keyfiyyətli təhsilə pərakəndə şəkildə nail olmaq mümkün deyil”.

“2 alanlara da attestat veriləcək”

Təhsil Nazirliyi Bakı məktəblilərinin imtahan göstəricilərini hələ şərh etməyib, bununla bağlı açıqlama verəcəklərini bildiriblər. Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov “Həftə içi” saytına yalnız onu bildirib ki, məzunların hər birisinə attestat veriləcək:

“Kəsilmək söhbəti yoxdur. Bütün hallarda məzun olan şəxslərin hər birinə attestat veriləcək. Söhbət şagirdlərin 2, 3, 4, 5 qiymət almasından gedir. Ancaq hansı qiymət əldə etməsindən asılı olmayaraq attestat alacaqlar. Bununla bağlı qərar 2013-cü ildən qüvvədədir. Bir qədər sonra biz bu haqda rəsmi şəkildə ətraflı məlumat verəcəyik”.

9 və 11-ci sinif şagirdlərin buraxılış imtahanları isə bölgələrdə davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG