Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:34

Vaqif Səmədoğlunun xanımı: “Əşyaları yetim qalıb”


Vaqif Səmədoğlu və həyat yoldaşı Nüşabə xanım

Vaqif Səmədoğlu və həyat yoldaşı Nüşabə xanım

-

"O gün bir nəfər yazmışdı ki, mən sizin üçün darıxmışam, bilirəm ki, siz yoxsuz, amma mən bunu yazıram.

Onun getməyi nəinki mənə, heç Vaqif müəlimin tanımadığı adamlara da çox pis təsir elədi, bu, adamı silkələdi".

Mərhum şair Vaqif Səmədoğlu yaşasaydı, iyunun 5-də 76 yaşı tamam olacaqdı. Amma şairi sevənlər, yaxınları ilk dəfədir ki, Vaqif Səmədoğlu işığına onsuz yığışır. Xanımı Nüşabə Vəkilova AzadlıqRadiosuna müsahibəsində duyğularını anladır:

- İyunun 4-də Bakı Caz Mərkəzinə yığışdıq, Vaqif müəllimin anım gününü keçirdik. Mən bir esse yazmışam, orda oxudum. Bu esse mənim bütün yaşantılarımı göstərir.

- Vaqif bəyin yoxluğunu daha çox harda hiss edirsiniz: şair kimi, həyat yoldaşı kimi, dostunuz kimi...

- İlk növbədə... təsəvvür eləyin... mənə danışmaq çox çətindir. Anım günündə Vaqif müəllimə həsr olunmuş kitab təqdim olundu. İndi o kitabı vərəqləyirəm.

Bəzi yerlərinə baxıram, o hissləri ki mən keçirmişdim 4 ay əvvəl, mən yenə də o hissləri yaşamağa başladım. Hər bir xırda detal bütün yaşadıqlarımı mənə yenidən yaşadır...

- Nüşabə xanım, Vaqif bəyin çap olunmayan şeirləri varmı?

- Çoxdur, çoxdur. Yığmışam hamısını komputerdə. Yaydan bəri yığırdım. Özü də bilirdi, məsləhətləşirdik.

(Ardı aşağıda)

Vaqif Səmədoğlunun evi

Vaqif Səmədoğlunun evi

Vaqif Səmədoğlunun evi

Vaqif Səmədoğlunun evi

- Elə bir şeiri oldumu ki, çapını istəmədi?

- Elə bir şeiri olurdu ki, soruşurdum, bunu ayırım, ya yox. Yəni bəlkə fikir təkrarçılığı var deyə. Ancaq çapını qadağan elədiyi şeir yoxdur. Müxtəlif dəftərlərindən, bloknotlarından topladım şeirləri. İndi bilirsiz, fikir çoxdur, plan çoxdur.

Sən bu planı qurursan, həyat, tale sənə öz diktəsini edir. Elə şeylər, planlar var ki, reallaşması tək məndən asılı deyil. Məndən nə asılıdır, onu edəcəm. Vaqif müəllim sadəcə şair deyildi, o, mütəfəkkir şair idi, hamı ilə bir səviyyəyə qoyulası şair deyildi.

Bunu həyat yoldaşı kimi demirəm, bu, artıq qəbul olunmuş, sübutunu tapmış fikirdir. O, şairdir, dramaturqdur, ictimai xadimdir, bundan əvvəl isə mənim sevdiyim insandır.

- Vaqif bəyin pyesləri də hər zaman maraqla qarşılanıb...

- Əfsuslar olsun ki, onun pyeslərinin çoxu səhnələşdirilməyib. Sağlığında da bu barədə danışırdıq. Pyesləri iki cilddə çap edildi. Mədəniyyət və Turizm Nazirliyi çap elədi. Özünə dedim ki, dramlar nəşr olundu, bir nüsxə gətirəcəklər bizə də. Amma elə oldu ki, səhəri kitabı gətirəndə artıq gec idi.

- Nüşabə xanım, Vaqif bəy "Facebook"da fəal idi. İndi də onun profili açıqdır.

- Açıqdır, hətta telefonu da açıqdır. Siz də onun nömrəsinə zəng eləmisiz. Facebook səhifəsinə də yazırlar. İndiyə kimi də ona yazırlar.

O gün bir nəfər yazmışdı ki, mən sizin üçün darıxmışam, bilirəm ki, siz yoxsuz, amma mən bunu yazıram. Onun getməyi nəinki mənə, heç Vaqif müəlimin tanımadığı adamlara da çox pis təsir elədi, bu, adamı silkələdi.

Elə adamlardan bunu eşidirdim ki, bu məni çox təsirləndirirdi. Söhbət yaşdan getmir, 75 yaş elə bir insan üçün böyük yaş deyil. Sizə necə deyim... belə insanlar millətin, ölkənin işıqverici qüvvəsidir.

Belə insanlar çox yaşamalıdır, əfsuslar olsun ki, onlar çox az qalıblar. Onların da yerinə heç kəs gəlmir, inciməsinlər, bu belədir. Vaqif isə başqa aləm idi; şəxsiyyət kimi, böyük yaradıcı bir insan kimi... Hələ onun yeri çox bilinəcək. Onun kimi səmimi olan ikinci bir insan ağlıma gətirə bilmirəm. Ən çətin vaxtında belə yumorundan qalmırdı.

- Nuşabə xanım, Vaqif Səmədoğlunun hansı şeirini pıçıldayırsız öz-özünüzə?..

- Bütün onun varlığı ilə, yaradıcılığı ilə nəfəs alıram. Hər an, hər saniyə ağlımdadı, heç fikrimdən çıxmır. Evdə əşyaları durur, onsuz qalıb, yetimləşib. Ən dəhşətlisi də yəqin ki, budur: əşyanın yetim qalması...

- Bəs xatirələrinizi necə, yazırsızmı?

- Xatirələrimi bir-iki il əvvəldən başlamışdım yazmağa. Özünə də oxumuşdum. Elə bilirdim yavaş-yavaş yazacam. Sonra ki səhhətində problemlər başladı, yazmağı dayandırdım. Amma yəqin ki, yenidən başlayacam və yazdıqlarım tamam başqa ruhda olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG