Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:26

Adamı adam kimi ölməyə də qoymurlar...!


Şəhla Nihan
Şəhla Nihan

-

Ruh isə maşının arxasınca uçaraq, dad-fəryad qoparırdı. “Məni hara aparırsız, oğrular!?... Mən ölmüşəm! Əl çəkin məndən!..

Şəhla Nihan

GÖL SAHİLİNDƏKİ TƏNHA EV

(qotik mistika)

Neçə gün idi ki, evdə idi, işə getmirdi, gedə bilmirdi. Xroniki mərəz yenə sifətini bozartmışdı ona.

Pəhrizinimi pozmuşdu? Yox əşşi, o elə ömür-billah pəhrizdə idi. Kim idi onun üçün dadlı-ləziz təamlar hazırlayan?..

İşi çətin deyildi, kontorda işləyirdi, kargüzarlıqla başını dolandırırdı. Qəsəbədə yaşayırdı, düz gölün kənarında. Yaşadığı bina qəsəbənin digər evlərindən bir qədər aralı idi.

Özü kimi evi də tənha idi, uzaq düşmüşdü qələbəlikdən. Amma buralar çox sakit idi deyə xoşuna gəlirdi. İşə şəhərə daşınırdı hər gün. Yaşı olardı ortadan bir az yuxarı, qocadan bir az aşağı.

Tək yaşayırdı. Amma təkliyi onu elə də sıxmırdı. Həyatı olduğu kimi qəbul edirdi, yəni yaş (çiy).

Qonaq-filan olmazdı evində. Bu məkanda canlılardan bir özüydü, bir dibçək gülü, bir də sırtıq milçəklər.

Nadir hallarda xəstələnərdi. Xəstələnəndə öldü-qaldı mücadiləsinə çıxardı., ölüm yatağına düşüb, “bir də qalxmam” deyərdi.

İndi də xəstə yatırdı. Hərarət və aclıq da onu taqətdən salmışdı. Bir də səhər ertədən başlayan taxikardiya yaman qorxulu gəlirdi ona.

Həmişə belə öləzi-gərgin məqamlarda başını bulayıb fikirləşərdi: “Gərək qovmayaydım onu (O – xanımı demək idi, özü yanında olmadığı üçün adını da dilinə gətirməzdi ki, tez unutsun).

İndiki günümdə karıma gələrdi.., yanımda olardı.., əlimdən tutardı., heyf...” – daldan atılmış daş kimidir bu sonrakı peşmançılıq. Heç kəs qocalıb günlərin bir günü möhtaclıq duyğusu yaşayacağına inanmır axı..

Belə-belə fikirlərlə əlini alnına atdı. Alnının hərarəti yandırdı ovcunu. Qorxudan ürəyi daha şiddətlə çabalamağa başladı.

Başa düşdü ki, bu həna o hənalardan deyil, adi soyuqdəyməyə oxşamır bu, pis qurtara bilər onun üçün.

Ağzı qupquru qurumuşdu, dilini güclə hərəkət etdirirdi, ətrafları isə bumbuz idi. Həkim çağırmaq lazım idi. İstədi qalxıb təcili yardıma zəng vursun. Telefon o biri otaqda idi, ora getmək var idi.

Getmək nədi, heç sürünə də bilməzdi. Başını yastıqdan qaldıran kimi gözləri qaranlıq gətirir, ürəyi bulanırdı.

Sakitləşməyə çalışdı. Halsız idi, amma yatmağa da qorxurdu yüksək temperaturla. Çırpınan ürəyi onsuz da qoymayacaqdı yata... Daxilindəki qorxunu qovmaqla məşğul idi ki, qəribə bir şey hiss etməyə başladı: ətrafında nə vardısa, hamısını qırmızı işıqda görürdü..

Yenə həyat yoldaşı yadına düşdü. “Eh, hardasan?.. bir bilsəydin, sənə nə qədər ehtiyacım var...” Çox süst idi və daxilindəki gərginlik anbaan artırdı. Zəifliyi və halsızlığı soyuqdəymə ilə aclığın ayağına yazdı, amma başındakı zindan ağırlığını heç nə ilə əlaqələndirə bilmirdi.

Birdən beynində sanki boşalma baş verdi, kəllə qutusu qaynar məhlulla dolmağa başladı. Daha baş verənləri müşahidə və analiz etmək iqtidarında deyildi... gözləri yumuldu… uzaqlara aparıldı, çox uzaqlara… Animi, müddətlimi oldu bu xaos, anlamadı.

Minlərcə kvarklara parçalandı sanki, bölünüb yayıldı, səpələnib bir dünya boyda məchulluğa dönüşdü... və bu möhtəşəm intişardan sonra yığılmanı, büzülmə, düyülməni yaşadı, bir nöqtəyə - yenidən tamlıq təşkil edən bir varlığa., olumunu bir daha duydu.

Əvvəlcə bu dəyişmədən müdhiş bir vəhşət bürüdü onu, özünü çarpayısında yox, qarşı divarda, evin yuxarı küncündə hiss etdi. Amma tamlığı ilə orda deyildi.

Başqa bir “mən” də aşağıda, yataqda uzanmışdı, onun yatağında… və bu “mən” eynən özü idi.

Amma heç görəsi halı qalmamışdı., büzüşüb yumağa dönmüşdü. Bir müddət tavandan asılıb çarpayıdakı proyeksiyasına baxdı, varlığının forma dəyişikliyi çox-çox qəribə gəldi ona.

“Ölmüşəm yəni?” – düşündü – “Ölüm buymuş? .. Allah rəhmət....” bitirə bilmədi.

Umsundu., ölümün niyə ona bu qədər təsir etdiyini anlamadı, ələlxüsus da varlığını hələ də duyurdu, sadəcə başqaları üçün (o başqaları ki, həyatını çoxdan tərk etmişdilər) yox idi bu varlıq, özü üçünsə vardı.

“Gedib-gəlməyəcəyin ximerik (əlçatmaz) arzun idi bir vaxtlar, noldu bəs? Nə səni bunca qorxudur?” – göydən asılmış “mən”i söyləndi yenə də.

Bir şeyə təəssüfləndi ki, təcili yardıma zəng vura bilmədi, imkan tapmadı. Bəlkə gəlib onu qurtara bilərdilər. Bəlkə də yox.. hər halda çağırmalıydı.

Çarpayıya yaxınlaşıb, bədəninin üstündən asılıb qaldı. O burda bədəni ilə təkbətək qalmaqda olsun...

- - - - - - - - - - - - - -

Dörd bir tərəfi ağappaq mərmər döşənmiş zal. Divar boyu xüsusi pərakəndəlik nizamı ilə düzülmüş konvertşəkilli bralar (divar qəndili) işıq selini üçbucaq kəsiyində yuxarı və aşağı buraxmaqla otağın ciddi həndəsi quruluğunu və soyuq ofis anturajını daha da sərtləşdirir. Otaq çox geniş və ellipsvaridir.

Dizaynı loft stilinə uyğun, bir tək iri pəncərələri çatmır, onları illüminatorlar əvəzləyir, hardan ki, kosmosun sirli sonsuzluğunu görmək mümkündür. İnteryer elementləri şüşə, plastik və metaldan hazırlanıb.

Otağın tən ortasında balıqqulağı labirintinə bənzər bir qurulu yerləşdirilib, siqnaltutucu cihazı xatırladır.

Divara yaxın yerdə üstü müxtəlif cihaz və qurğularla dolu, hündür ayaqlar üstə dayanmış nazik mizə bənzər nəsə də var.

Önündə bar stulunu xatırladan oturacaq. Elə bu mizin yanında divardan balaca bir lövhə asılıb, bomboş.

Yalnız yaxınlaşıb önündə dayananda, orda yazılar görünməyə başlayır: “Mən daim pisliklər istəyən, amma yaxşılıqlar törədən böyük bir qüvvənin balaca hissəsiyəm.”.

Qapı yoxdur. Döşəməni örtən kvadrat bölümlərin biri qalxır və burdan kabinəyə daxil olub, lift ilə yüxarı/aşağı qatlara düşmək mümkün olur.

Və bu soyuqluq, ağ yeknəsəklikdə son dərəcə yöndəmsiz və qrotesk görünən Çester sofası., açıq boz rəngli. Və...və otağın sakinləri: KonsTer və İnstEr.

Dolu vücudlu, cınaqlı, uzun bakenbardlı, sol qulağında nazik metal halqa olan, bir qədər apatik, bu - KonsTerdir.

Boyu güdə, sısqa, seyrək dişli, keçisaqqal, son dərəcə çevik, ötkəm – bu da İnstEr. Hər ikisi metal rəngli kombinezonlarda, hər ikisinin gözləri soyuq şüşə parıltılı..

KonsTer gəmiyə yeni daxil olub, sofaya çökmüş və ayağını ayağının üstə aşırıb yarımmürgülü halda oturmuşdu.

Monitor önündəki yoldaşı isə müxtəlif məkanlardan aldığı siqnallarla işləyir, aradabir əli altındakı onlarca qurğuya da nəzarət edirdi. Bir qədərdən sonra Koya tərəf dönüb alçaq səslə nəsə dedi.

Ko gözünün birini açıb, ona cavab verdi. İn eyni tonla tenə nəsə dedi. Ko ikinci gözünü də açdı və monitora yaxinlaşdı. Bir yerdə nəyisə müzakirə etdilər.

Beş dəqiqəmi, on dəqiqəmi, ..vaxtı ölçən olmadı., heç kimin ağlına da gəlmədi bu, çünki vaxt deyilən şey yox idi orda., və buna təəccüblənmək də həmçinin.., heç kimin ağlına gəlmədi., çünki adi bir şey idi.

Hər cür insani hiss, heyvani instinkt, və digər bu sıra bizə məlum meyarlardan xali 2 vücud.., 2 boz mələk...

Qəsəbə ilə şütüyən təcili yardım maşını filanıncı küçəni keçib, filanıncı evin qarşısında dayandı. Maşından 2 tibb işçisi düşdü, özləri ilə xərək götürüb, filan mənzilə qalxdılar. İrəlidə gedən bir qədər tosqun, şaqqalı, sol qulağı sırğalı, arxada gələnsə qısaboy, keçisaqqal, dişləri seyrək, çevik birisi idi.

Ünvana çatdılar. Qapının heç zəngini də basmadılar, bilirdilər ki, açan olmayacaq.

Rahatca bağlı qapıdan keçib, mənzilə daxil oldular. Tavandan asılmış ruh “gözlərini” bərəldib onlara baxırdı. Ağ xalatlılar onu əlbəttə ki, görürdülər, amma özlərini o yerə qoymurdular.

Onların biri masa arxasına keçib, çantasını açdı, kağızlarını çıxarıb, qeyd götürməyə hazırlaşdı. İkinci isə çarpayıdakı bədənə yaxınlaşıb, yarım dəqiqəlik müşahidə-müayinədən sonra xülasəsini verdi:

- Yaz, Ko. Nəbz, nəfəs itib. Soyuyub, kənar qıcıqlara heç bir reaksiya yoxdur. Pışık bəbəyi sindromu. Hemorragik insultdan keçinib. .....dolce vita..

- Bizlikdi. Tamam. Getdik, İn.

Daha çox danışmadılar, ölünü, ya xəstəni... ya ölü xəstəni.., yox, xəstə ölünü xərəyə uzadıb özləri ilə apardılar.

Ruh isə maşının arxasınca uçaraq, dad-fəryad qoparırdı. “Məni hara aparırsız, oğrular!?... Mən ölmüşəm! Əl çəkin məndən! Adamı adam kimi ölməyə də qoymurlar...!”

Ruh yolu yadda saxlamağa çalışırdı, qarşısına çıxan oriyentirləri əzbərləyirdi.

Budur, ağ-qəhvəyi frontonlu evlər bitdi. Xiyabanı da keçdilər. Kiçicik, tünd göy rəngli dəmir milləri olan hasarla dövrələnmiş məktəb binası, bank, poçt filialı, ailə institutu., sonra yarımçıq tikililər.

Bədənini bu quldurlardan necə qurtarmağı düşünürdü ki, maşın bir darvazanın qarşısında dayandı. Darvazanı açıb onları həyətə saldılar. Maşından düşən tibb işçiləri – onun bayaqki qonaqları- bədəni qoyulmuş xərəyin hərəsi bir tərəfindən yapışdı, onu qəbul şöbəsinə apardılar.

Qəbul şöbəsində bədəni böyük hörmət və ehtiramla qəbul edib lazımi sənədləşmə işinə başladılar.

Ölüsünə bu cür isti və insani münasibətdən ruh əlbəttə ki, xoşallandı.., hətta ölməyinə peşman oldu. Gözlədiyinin əksi baş verirdi.

Gözlədiyi oydu ki, onu da bütün başqa ölülər kimi çimizdirib kəfənləyib torpağa tapşıracaqlar. Xəstəxanaya aparılacağını heç ağlına belə gətirmirdi. Çox təəccüblənmişdi və işin ardını gözləyirdi.

Xərəyi liftə qoyub cərrahiyyə blokuna qaldırdılar. Bədən cərrahiyyə masasına köçürüldü və.... əməliyyata başlanıldı. Narkoz-filan, hər şey qaydasınca gedirdi. Bütün bunları müşahidə edən ruhun “ağzı” açıla qalmışdı.

Axı cəsəddə narkozla operasion aparmaq kimin ağlına gələrdi?.. “Macəralarım hətta öləndən sonra da məni tərk etmir” fikirləşən ruh özünə toxtaq verməyə başladı:

“Əşşi, nə edirlər etsinlər, daha bundan da pis olmayacaq ki...onsuz da ölmüşəm. Ən əsası odur ki, mən heç bir ağrı hiss etmirəm., yaxşı ki, narkoz yadlarından çıxmadı. Adımı ölü qoyub saymazyana hərəkət etmədilər. Sağ olsunlar.”

Ruh əlini qulağının dibinə qoyub, tam etinasız halda bədənin üzərində havada üfüqi vəziyyətdə uzanmışdı. Öz həyatını həkimlərə etibar etmişdi. Birdən 4 tərəfindən əllər peyda olub, qollarından, ayaqlarından, başından yapışıb onu aşağı dartmağa başladılar. Ruh çırpınır, sıyrınmağa çalışırdı.

“Əl çəkin, buraxın, məlunlar! Aman! Öldürürlər! Kömək!” deyə qışqırırdı.

Amma əllər kəlbətin məngənəsində daraşmışdılar onun gözəgörünməz canına. Əlqərəz, qapazlaya-qapazlaya onu aparıb cərrah masasının üstündə ölüsayağı uzanmış bədənə soxuşdurdular. Bədən onu böyük məmnuniyyətlə qəbul etdi, heç qımıldanmadı da.., qəribsəmişdi..

- - - - - - - - - - - - - - - - - - - -

Bu hadisədən bir neçə həftə ötdü. Xəstəxanadan çıxmışdı artıq, evdə idi. Özünü yaxşı hiss edirdi, hətta işə də gedirdi.

Başına gələnlərin reallığına özünü inandırmaq istəyirdi də, istəmirdi də. Beyni bu mistik hadisəni qəbul edib üyüdə bilmirdi heç cür.

Bazar günü qərara aldı ki, həmən klinikaya getsin, bəlkə həkimlərdən kiminləsə görüşə bildi. Hadisəyə kiminsə aydınlıq gətirməsi ümidi və ehtimalı ilə yola düşdü. Yolu yadında saxlamışdı.

Həmən o oriyentirləri bir-bir ötürərək getdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib yarımçıq tikililərin yanına çatdı. Klinika burda olmalı idi. İri, bir neçə korpuslu xəstəxana geniş həyəti, hündür darvazası ilə çox gözəl xatirində idi.

Amma heyhat! Burda düzlükdən savay heç nə görmədi. Düppədüz düzlük. Ora-bura zir-zibil tökmüşdülər, kərpic, taxta-şalban....tikanlıq.. bir-iki kol.. gözlərinə inanmadı. Bəs axı......? Noldu bəs.....? Bəlkə səhv gəlmişəm? Yox, yol həmən yol idi, xəstəxana yoxa çıxmışdı. Bəlkə söküblər, onları harasa köçürüblər? Geri döndü, tikinti olan terə çatanda ayaq saxladı. Əl arabası ilə daş-çınqıl daşıyan fəhləni saxlayıb soruşdu:

- Qardaş, burda xəstəxana vardı, onu söküblər?

- Burda yəni harda?

- Bax burda, sizin böyrünüzdə - əli ilə göstərdi.

- Burda xəstəxana-filan olmayıb.

- Necə yəni olmayıb? Mən özüm orda əməliyyat olunmuşam.

- Havaxt?

- Elə bu yaxınlarda. Yəni bu bir neçə həftəyə o boyda binanı söküb qoydular yerə? Heç izi-tozy da qalmadı?

Fəhlə ona şübhə ilə baxıb söylədi:

- Biz burada 11 aydır ki, işləyirik. Bizim böyrümüz nədi, heç bu ətraflarda xəstəxana olmayıb heç vaxt.

Əvvəl gördüklərinə inana bilmirdi, indi eşitdiklərinə inana bilmədi. Kor-peşman evə qayıtdı. Fikirləşdi ki, yəqin ağlı oynayır yavaş-yavaş... – hər halda belə açıqlama onu daim təqib edən cavabsız suallardan can qurtarmaq üçün yeganə vasitə idi.

Adamın başına daha nələr gəldiyi bizim üçün elə də maraqlı deyil. Onu həyatını yaşamaqda qoyub ayrılaq ondan.

- - - - - - - - - - - - - - - -

Aymı keçdi, ilmi keşdi, çoxmu keçdi, azmı keçdi – fərq etməz, bizim üçün vaxt önəmli və qiymətlidir, onlar üçünsə bizlərin aldanıldığı illyuzion metronomdan qeyri bir şey deyil vaxt.

Məkan – elə həmən orası. O ofis-laboratoriyanı xatırladan ağ anturajlı ellipsvarı geniş otaq. Üz-üzə dayanmış 2 varlıq – 2 boz mələk. Biri digərinə baxıb göz vurur, digəri ona qımışır. Gözləri ilə enerji və info mübadiləsində. Beləcə söhbətləşirlər. “Söhbəti” bitirən tək biri yüngülcə o birinin əlinə toxunub

- Gedəlim - deyir.

Sonra əyilib onun yerlə sürünən, ucu nizə ucluğunu xatırladan quyruğunu qaldırıb, qurtaracağını dostunun döş cibinə dürtür, burnuna bir çırtma vurub

- Belə daha impozantsan – deyir.

Yer. Hansısa bir şəhərin hansısa bir küçəsi. Tam məchulluqdan bir ambulans peyda olur. Həyətlərdən birirnə dönüb dayanır. 2 ağxalatlı düşür, əllərində xərək. Biri gövdəli, dolu vücudlu, cınaqlı, sol qulağında sırğa, digəri – alçaq boylu, sısqa, seyrək saçlı, çevik.....

Amma qətiyyən tələsmirdilər. Adam ölmüşdü zira, plandan kənar. Onları burda bağlı qapı, tavandan asılmış ruh, xəstəxanada isə cərrahlar gözləyirdi. Başlarınınsa üstündən yalnız onların eşidə biləcəyi bir səs dalğalanirdı fəzaya:

“....... mən daim pisliklər istəyən, amma yaxşılıqlar törədən böyük bir qüvvənin .....”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG