Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:58
-
Özüməməxsus ağrılar
Şeir
Saçlarımın ucuna qədər gedib çıxıb ağrılarım.
Bu dəfə başım yox,
bədənim yox,
saçlarımın ucu və dişimin dibi sızıldayır.
Səhəri özüməməxsus ağrılarımla açıram
Sağ əlim qabaq dişlərimdən əl çəkmir
Bilirəm,
çox iyrənc mənzərədir saqallı dişqurdalayan kişi.
Mətbəxdə oturub siqaret çəkirəm
Stolun üstündə axşamdan qalma gürcü çaxırı,
boş siqaret qutuları,
ağzınacan dolu külqabı
və çörək qırıntıları qəribə ahəng yaradıb.
Məndən bir az aralı
təkliyim özünə çay dəmləyir
Görsən bir gülüşü var,
elə bil tanrının ağzını əyir.
Sən ki, adi bir insanın təkliyisən,
otur oturduğun yerdə! deyən lazımdı
Çaydan da soyuyub, suyu buxarlanır, o da ayrı.
Qərarsız qalmışam,
durum ayağa, ya daha bir siqaret yandırım?
Ürəyim yandır deyir, beynim icazə vermir
Öl öldüyün yerdə! deyir, az çək o zibili!
Dur bir əl-üzünü yu, tualetə baş çək
Dünyanın ən zəhlətökən şeyidir,
səhər qəlyanaltısında özündən azar eşitmək.
Hələ o gün həftənin bazar günüdürsə,
dərdlərin ikiqat ağırlaşır
Günəş də çıxıb, ətrafa nur saçırsa,
hünərin var evdən çıxma,
tanrı bunu sənə heç vaxt bağışlamaz.
Tanrı demişkən,
bu gecə o tərəfdə verəcəyim cavabları tapmışam
Soruşsalar nə etmisən, neyləmisən?
İcazə verin, gedim bir az təkrarlayım deyəcəm.
Mənə kimi siz başqa birinin canını alın,
mənimkini isə özümə qaytarın.
Bir də yadınızda qalsın,
gələn dəfə çalışın avqust ayında çağırasız.
Avqust ayında ölmək daha asandı.

Günün bütün mövzuları

XS
SM
MD
LG