Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

-

FƏRİD HƏSƏNZADƏ

Şeirlər

Baxmaq gözünün içinə,

Cəsarət filan istəmir.

Gərək deyil başqa heç nə,

Məhəbbət yalan istəmir.

Həqiqətdi, yozum deyil,

Kim itirdi, kim tələsdi.

Dəli kimi lazım deyil,

Adam kimi sevək, bəsdi.

Səadət lap yaxındadı,

Quş olub uça bilmirəm.

İki əlim yaxandadır,

Düyməni aça bilmirəm.

***

Çox baxma dərin-dərin,

Boşdu ürəkdə yerin.

Sənə olan hisslərim,

Elə sözüm rəngdədir.

Həsrət üzü küncədi,

Ayrılıq gülüncədi.

Qəmzələrin incədi,

Yəni həzin rəngdədir.

Uzanıb sənə əlim,

Sən çağır, mən də gəlim.

Dənizə bax, sevgilim

Dəniz gözün rəngdədir.

***

Bəlkə də sevgimi dərk eləmərəm,

Məsafə qoyaram, ərk eləmərəm,

Amma ki, evimi tərk eləmərəm

Ömürlük yadında qalaram sənin.

Dözmərəm özünü yormağına mən,

Nə deyim çox xəyal qurmağına mən.

O adı olmayan barmağına mən,

Şeirdən bir üzük dolaram sənin.

Çürüyər bu ürək dadına düşsə,

Ölərsən bəs adım yadına düşsə?

Könlüm gözlərinin oduna düşsə,

Gözünün odunu alaram sənin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG