Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Gülşad Quliyeva. Sınıq şüşələr üstündə...


Gülşad Quliyeva
Gülşad Quliyeva

-

İki şeiri “Ədəbi Azadlıq-2015” müsabiqəsinin qısa siyahisina keçmiş Gülşad Quliyevadan yeni şeirlər

Gülşad Quliyeva

Sınıq şüşələr üstündə...

Günəşi gözlərin,
Yağışı əllərin,
Küləyi saçların aparacaq bu şəhərdən...
Öyrəşmələrdə bitəcək mübarizələr
Sözlərdə hərflər azalacaq
Bir də inanmaq vərdişini tərgidəcək barmaqların...
Sınıq şüşələr üstündə
Ayaqyalın gəzən adam!
Hər gecə şeir gələrdi qapına.
Dizlərini qucaqlayıb, divara qısılan zaman
Darıxmağı sətir -sətir tavana yazmağın vardı.
Ən son nə vaxt?
Harda "gələr" soyutdu çayını?
"Çünki"lər ağlatdı?..
Bir qucaq yalqızlıq,
Bir ömür də adamsızlıq dərdi var
Fotoların yaddaşına köçürdüyüm döngələrdə...
Boyat sevgilər boyadı həyatımızı
Təsəllilərlə,
Gümanlarla.
Və "sonra"lara qalanlar oldu heç vaxt edə bilmədiklərimiz...

2013

Limonlu çay

Sükuta qərq olmuş soyuq, qaranlıq otağın
Nəfəsinlə isinmək arzusuyla yaşıyarkən,
Tərk etdiyin xatirələr yaddaşına qayıdıb
Səni bir az da yaşlanmış, bu qədim şəhərə qaytarmaq istəyirlər.
Oxunmaq həsrətiylə saralıbdır
Tozlanmış kitabların vərəqləri.
Doğma insan əlləriyçün darıxıb əşyaların.
Divardakı rəsmlər pəncərəndəki çiçəklər qədər solğun,
Eyvanına qonan göyərçin qədər çarəsiz və yuvasızdır sənsizlik.
Heç vaxt
Həyat bu qədər mənasız,
Dünya belə qaranlıq olmamışdı.
Lampalar sönmüş, qrammafon susmuş,
Tavan, döşəmə, əşyalar,
Bu evdə hər şey keçmişdən danışır.
Sanki zaman dayanıb.
Bir şair ömrünü xatırladır mənə bu səssizlik
Ancaq əsən küləklər, yağan yağışlar poza bilir bu sükutu
bir də mənim gəlişim.
Sən də gəl..
Hamı və hər şey,
Hətta köhnə masa üstündə buxarlanan
Limonlu çay belə səni gözləyir...
2011

Dadını İtirmiş Dondurmalar...

Qamışla kağız parçasından düzəltdiyimiz
Çərpələnglər apardı usağlığımızı.
Göy qurşağını xatırladan toplarımızın,
Rəngsizliyinə, yoxluğuna qədərmişik.
Səbəblərimiz dəyişdi
Ya şəkillərimizdəki adamları həyatımızda tapmadıq,
Ya da həyatımızdakıları şəkillərimizdə.
Keçmiş təəssüfdən,
Gələcəksə ümiddən başqa bir şey deyilmis.
Nağıl kitabımızı hirslə əlindən alıb,
Sobaya atdığım gün
Mən Məlikməmmədi itirdim,
Sən də Göyçək Fatmanı.
Hər şeydən çox böyüməyi arzulamaqdır, uşaqlıq
Kiminsə hamı olduğunu,
Hamının kimsə ola bilmədiyini anlamaqdır, böyümək.
Sevincimizdən qollarımızı açıb,
Qucaqlamaq istədiyimiz dünyalar
Tərk eləməsəydilər bizi,
Ağaclarimizı unutmasydı torpaq
Dadını itirməsəydi dondurmalar,
İndi çəkməzdim içimə
Nəfəsimin dadsız soyuğluğunu...

2014

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG