Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:44

İnternet dövründən əvvəl "Google"


-

Bir filin səni qarabaqara izlədiyini xəyalına gətirirsənsə, bu nə deməkdir? 27 may, 1947

İnternet dövründən əvvəl "Google"

Nyu-York İctimai Kitabxanasının arxivində 20-ci əsrin ortalarından qalmış bir topa “kartoçka” tapılıb. Onların hərəsində kitabxanaçıya bir sual yazılıb.

Sualları oxuyanları gülmək tuta bilər. Amma bu suallar İnternet dövründən əvvəl kitabxanaçının cəmiyyətdə nə qədər böyük rol oynadığını göstərir.

İnsanlar həkimə, vəkilə, hətta keşişə aid suallarını kitabxanaçıya ya yazılı, ya da telefonla ünvanlayırmışlar. Kitabxanaçı ən çox bilən insan sayılırmış.

Nyu York Kitabxanası indi öz Instagram və Twitter səhifələrində həmin kartların fotolarını yayıb.

Bəzi kartlardan sualları təqdim edirik:

“Bir filin səni qarabaqara izlədiyini xəyalına gətirirsənsə, bu nə deməkdir?” 27 may, 1947

“Napaleonun beyin çəkisi nə qədər olub?” 1 oktyabr 1945

“Nyu York şəhərində elə bir qanun varmı ki, uşaqla valideyn bir-birini xoşlamırlarsa uşağı ayırsın?’ 20 fevral, 1961 ("Maraqlıdır, bu sualı verən uşaq, yoxsa valideyn olub?" Kitabxana öz Instagram səhifəsində suala belə bir şərh yazıb.)

“18-ci yüzil ingilis rəssamlığında niyə bu qədər çox dələ var və rəssamlar necə çəkiblər ki, dələlər onları dişləməsin?” Oktaybr, 1976

“Hər misrası eyni cür qafiyələnən şeir yaxşıdır, yoxsa bir misrası yalnız özündən əvvəlkilə qafiyələnən?” 14 fevral 1944

“Şam qozalarının terapevtik əhəmiyyəti nədir?” 21 yanvar 1947

“Hamiləliyin məzəli tərəfləri haqqında hardan bir şey tapa bilərəm?” 3 sentyabr 1962

“- Amerikan poçt markalarına yapışqan vuranda onların qalınlığı nə qədər olur?

- Bağışlayın, cavab verə bilmədik. Bəlkə poçta müraciət edəsiniz?

- Sual elə poçtdandır.”

“Havay rəqsində budları oynatmaq nə dərəcədə vacibdir?” 16 iyul 1944

“- Təbiətdə ördəklərin düşməni nədir?

- Nəyi nəzərdə tutursuz?

- Bilirsiz, mənim hovuzuma bir dəstə ördək gəlib. Süpürgəni yellətdim, amma köməyi olmadı, üzümə baxıb qaqqıldayırlar. Məncə, mən onların düşmənini tapıb gətirməliyəm." 15 iyun 1967

“Tərk edilmiş qadınların ömür uzunluğu haqda hər hansı statistika varmı?”

Maraqlıdır ki, Nyu-York İctimai Kitabxanası bu gün də İnternet, informasiya resursları olmayan adamlar üçün kart-sorğu xidmətini davam etdirir.

Oxu zalı

XS
SM
MD
LG