Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53

"Avropa liderləri Bakı Oyunlarını boykot etməlidir"


Prezident Əliyev Avropa Oyunlarının məşəlini alovlandırır, 26 aprel, 2015-ci il

Prezident Əliyev Avropa Oyunlarının məşəlini alovlandırır, 26 aprel, 2015-ci il

“Avropa liderləri həvəslə Əliyevin dözümsüzlüyünə dözüblər. Ancaq qəti mövqe tutmaq üçün də çox gec deyil. Avropa hökumətləri Bakı Oyunlarını boykot mesajı göndərməlidirlər”

-

“Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, pərdəarxasında təzyiqlər baş alıb gedir. İyunun 12-dən Bakı mini-Olimpiya oyunlarına ev sahibliyi edəcək, 50 ölkədən atletlər bu yarışa qatılacaq. Narazıları əzən və jurnalistikanı senzura edən Azərbaycanı seçməklə, Avropanın idman şefləri Olimpiya hərəkatının ən pis elementlərini böyütmüş oldu: bədəli yüksək əzəmət, senzura və siyasi repressiya. Bununla onlar Azərbaycanın avtokratik lideri İlham Əliyevə həsrətini çəkdiyini – dünya səhnəsində xoş reklam bəxş etmiş olurlar”. Jules Boykoff “The Guardian” qəzetində belə yazır.

BİRCƏ ÇIRTMAYA

Məqalə müəllifi İlham Əliyevin 2003-cü ildə prezidentliyi atasından miras aldığını, 2009-cu ildə WikiLeaks teleqramlarında ABŞ diplomatının Azərbaycanı mafiya dövlətinə bənzətdiyini yada salır.

“Əliyev bircə çırtmayla idman qurğuları və infrastruktura 6.5 milyard funt-sterlinq (10 milyard dollar) xərcləyib. Hökumət bu rəqəmi yalanlayır. 482 milyon funt-sterlinqə stadion? Ala, çek. Sıfırdan salınmış beş obyekt? Problem yoxdur. Avtokratiyanın da öz üstünlükləri var. Kranlar hər şeyi vaxtında çatdırır. Əliyev 6 min atletin xərcini çəkməyə də boyun olub”.

“Ancaq bu, uzunmüddətli plana söykənən bir şöhrətpərəstlik layihəsidir. Əliyevin yandırmağa neft pulu var. O, qara qızılı Olimpiya qızılına çevirməyə ümid edir. Bakıdakı idman təşkilatçıları 2024 və 2028-ci il Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət etməyi nəzərdən keçirirlər”.

Müəllif Bakı 2015-in arxasında heç də hər şeyin gözəl olmadığını yazır. Siyasi repressiya qorxulu mənzərə yaradır. Həbsxanalarda 80 siyasi məhbus yatır. Daha çox insan haqları fəalı, jurnalist təqibə, səyahət qadağasına və hədə-qorxuya məruz qalıb.

Yazıda hüquqşünas İntiqam Əliyev, hüquq müdafiəçisi Rəsul Cəfərov, jurnalist Xədicə İsmayılın qondarma ittihamlarla həbs olunmasından bəhs edilir.

BAŞLAMAQ ÜÇÜN ƏLA MƏQAM

“Ancaq Beynəlxalq Olimpiya Komitəsi (BOK) açıq-aşkar susur. Bakı Oyunları BOK-un rəsmi tədbiri olmasa da, Avropa Olimpiya Komitələri Olimpiya Xartiyasına tabedir. BOK-un azı 70 üzvü Bakı-2015-ə gedir. Cəhənnəm olsun insan haqları – hətta qurumun öz xartiyasına həkk olunmuşlar belə”.

Avropa Olimpiya Komitələrinin prezidenti Pat Hickey bu yaxınlarda deyib ki, “insan haqları ilə bağlı bütün situasiyaları anlayırıq, ancaq suveren dövlətə özünü necə aparmağı söyləyə bilmərik”. Hickey Bakı Oyunlarını həvəslə dəstəkləyib.

Müəllif idman jurnalistlərinin BOK prezidenti Thomas Bach-a açıq məktub yazaraq jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını tələb etdiyini də yada salır. “Əla başlanğıc olardı. İnsan haqları qrupları Bakı Oyunlarından öncə bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib. Gözəl məqamdır,” Jules Boykoff yazır.

YETƏR

Məqalədə qeyd olunur ki, Böyük Britaniya 2008-ci il Pekin Yay Olimpiadasından bəri Bakıya ən böyük nümayəndə heyətini göndərir. Ancaq Bakıda ən nüfuzlu britaniyalı Simon Clegg olacaq. O, Britaniya Olimpiya Assosiasiyasının keçmiş rəhbəridir, hazırda Bakı 2015-in təşkilat komitəsinin icraçı direktorudur. Clegg Amerika yazıçısı Upton Sinclair-in bir deyimini sanki özündə təcəssüm etdirir: “Kiminsə maaşı onun nəyisə başa düşməməsindən asılıdırsa, onun nəyisə anlamasına nail olmaq çətindir, ”

“Avropa liderləri həvəslə Əliyevin dözümsüzlüyünə dözüblər. Ancaq qəti mövqe tutmaq üçün də çox gec deyil. Avropa hökumətləri Avropa Oyunlarını boykot mesajı göndərməlidirlər. Bu, Əliyevi fotolarda gülümsəməkdən, qızıl istibdad teştindən məhrum edər. Yaltaqcasına kürəyinə vurduğunuz yetər. Bakıdakı repressiya Olimpiya xartiyasının ruhunu param-parça edir. Artıq selektiv davranış zamanı deyil”.

Hakimiyyət təmsilçiləri beynəlxalq media, hüquq-müdafiə təşkilatlarının insan haqlarına dair tənqidlərini qətiyyətlə təkzib edir, ölkədə bütün fundamental hüquq və azadlıqların qorunduğunu bəyan edir. Avropa Oyunları ərəfəsində intensiv bəyanatlar, çağırışlar isə ölkəyə qarşı təşkil olunmuş qərəzli gözdənsalma kampaniyası kimi dəyərləndirilir.

Şərhləri göstər

XS
SM
MD
LG