Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:20

«Bulvarda həmişə 2 manata çay içmək mümkündür»


Bulvarda çayxana
Bulvarda çayxana

-

«Kimə çay qonaqlığı borcum varsa, gəlsin Bulvara» – son günlər «facebook» sosial şəbəkəsinin ən məşhur statuslarından biri təxminən bu cürdür. Niyəsi də var.

Borcu olan Dənizkənarı Park – Bulvarda yaradılan şansdan məqam var ikən yararlanmağa çalışır. Artıq bir neçə gündür ki, Bulvardakı kafelərdə cəmi 2 manat ödəməklə çay içmək mümkündür. Bunadək isə Bakı sakinləri bu kafelərdə «Bizdə sadə çay verilmir» eşitməyə alışmışdı. Bulvarda könlündən çay keçərdisə, gərək ən azı 15 manat ödəyib yeməsən belə, şokoladlı, mürəbbəli, ləbləbili çay sifariş edərdin.

Amma Avropa Oyunları öncəsi, çox güman ki, avropalı qonaqlar bu məcburiyyətə təəccüb etməsinlər deyə, Dənizkənarı Milli Park ərazisində yerləşən iaşə obyektlərində müştərinin sadə çay sifarişinə əməl olunur.

2 MANATA ÇAYI DİVANDA YOX, STOLDA İÇƏ BİLƏRSƏN

Bunun şahidi olmaq üçün yollandıq Bulvara. Əksər kafelərin qarşısındaki menyu tablolarında həqiqətən də 2 manata çay təklif edildiyinin şahidi olduq. Kafe sahibləri ilə danışmağa cəhd etsək ki, kimsə danışmaq istəmədi, «icazə yoxdur» deməklə kifayətləndilər. Amma müşahidələrimiz bu 2 manat məsələsinin də o qədər sadə məsələ olmadığını üzə çıxardı. Məsələn, bəzi kafelərdə stol-stulla yanaşı, oturmaq üçün daha rahat divanlar da var. Amma sadə çay sifariş edəcəksənsə, bu divanlarda otura bilməzsən, stullarda oturmalısan. Niyəsini soruşsan, «kafe rəhbərliyinin göstərişidir» deyirlər. Bəzi kafelər də var ki, burada «sadə çay verilmir»i hələ də eşidirsən.

Amma Bulvarda 2 manata çay içmək şansini qaçırmayanlar da az deyil. Rövşən deyir ki, əvvəllər çaya 15-10 manat xərci çıxırdısa, indi cəmi 2 manat ödəyib:

«Sadə çay ucuzdur, amma o biri bahadır. Mən sadə çayı 2 manata içdim, amma dəsgah gətirəndə çox baha olur, 17-20 manat. Əvvəl də 2 manatlıq yerlər var idi, amma indi oyunlara görə lap çoxaldıblar. Qoy həmişə 2 manatlıq çay olsun da. Camaat gəlsin, otursun içsin, bir az sərinləsin də».

Tələbə Günel bu şansın müvəqqəti olmayacağını düşünür, inanır ki, Avropa Oyunlarından sonra qiymət yenidən ceyran belinə çıxmayacaq:

Bulvarda çayxana
Bulvarda çayxana

– Eşitmişəm ki, qiymətlərdə endirim Avropa Oyunlarına görədir.

- Sizcə, qiymətlər Avropa Oyunlarından sonra yenə dəyişəcək?

– Yox, məncə oyunlardan sonra qiymətlər daha da aşağı olacaq, çünki turistlər ölkəyə daha çox gələcək. Ona görə də oyunların keçirilməsi insanların iqtisadi vəziyyətinə, turistlərin gəlməsinə görə yaxşıdır.

«KASIB GƏRƏK YOLUNU BURDAN SALMASIN»

Amma Bulvarda qiyməti dəyişən elə ancaq çaydır. Məsələn, attraksionlar elə əvvəlki qiymətindədir. Bu qiymətlər isə valideynləri heç qane etmir. Daha çox uşaqları ilə gəzintiyə gələn Bakı sakini Rövşən deyir ki, kasıb əliuşaqlısansa, gərək yolunu burdan salmayasan:

«Qiymətlər normal təbəqə üçün yaxşıdır, amma kasıb üçün bahadır. Attraksionların biri 2 manatdan uşaqlara 20 manat xərcləsən, bu, kasıbın ikigünlük qazancıdır».

Bulvarda əksər attraksionların 3 dəqiqəsi 2 manatdır. 4-5 manat və daha baha olanları da var. Attraksion işçisi Ülvi İsmayılov deyir ki, qiymətləri Bulvar rəhbərliyi müəyyənləşdirir.

Əksər attraksionların 3 dəqiqəsi 2 manatdır.
Əksər attraksionların 3 dəqiqəsi 2 manatdır.

– Qiymətlərdə heç bir fərq yoxdur, keçən il necə idisə indi də elədir, heç bir dəyişiklik yoxdur.

- Qiymətləri kim müəyyənləşdirir?

– İdarə özü qərar verir qiymətlərlə bağlı.

Nəvələri ilə gəzintiyə gələn Anabacı xanım da gileylənir. Deyir, qiyməti salmamaqları bir yana, heç olmasa, müddəti uzatsınlar:

«Ən çox uşaqları maşın attraksionuna gətiririk, qiyməti dəyişməyib, elə 2 manatdır. Qane etmir bizi. 3 dəqiqəsi 2 manata bahadır, heç olmasa 5 dəqiqə olardı. Uşaq elə bir dövrə vuran kimi 3 dəqiqə tamam olur, sonra da düşmək istəmir, məcbur olub daha 2 manat ödəyirik ki, bir az da sürsün. Hər adam da bunu çatdırmır axı. Yay ayında lap çox pul gedir».

NARAZISAN, ZƏNG ELƏ!

Narazı qalanlar üçün də çarə var. Bulvar İdarəsinin «qaynar xətt»i 24 saat fəaliyyətdədir. Neqativ hallarla rastlaşan Bakı sakinləri, elə sadə çay içmək haqqı pozulanlar da istənilən vaxt «qaynar xətt»ə (055 282 70 00, 012 480 18 36 nömrələrinə) zəng etməklə şikayətçi ola bilər.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun dediyinə görə, bu «qaynar xətt» 2008-ci ildən fəaliyyətdədir. Amma zənglərin sayı son günlər xüsusilə artıb. AzadlıqRadiosuna müsahibəsində Nazim Məcidov son iki gündə hər gün azı 300 şikayət aldığını deyir.

Nazim Məcidov
Nazim Məcidov

O ki qaldı qiymətlərə, Bulvar rəsmisi idarənin - istər attraksion olsun, istərsə də çay, yemək-içmək - qiymətlərlə bağlı hər hansı göstəriş vermədiyini deyir:

«Bulvar İdarəsi nə qiymət qoyan, nə də qiymət artırıb-azaldan deyil. Bulvar idarəsi, sadəcə, bu ərazidə olan qiymətlərin süni artırılıb-azaldılmasına müdaxilə etmək səlahiyyətindədir. Hər yerdə olduğu kimi, Bulvarda da qiymətləri bazar iqtisadiyyatı tənzimləyir. Bulvar idarəsi qarant verir ki, kimdənsə artıq ödəniş alınırsa, o, cəzalanacaq».

2 MANATA ÇAY HƏMİŞƏ OLMALIDIR

Sadə çay məsələsinə də toxunan Nazim Məcidov deyir ki, bu, yenilik deyil:

– Bulvarda həmişə 2 manata çay içmək mümkün olub, amma sakin özü qiymətlə maraqlanmırsa, sonra daha çox ödəniş ödəməli olursa, bu, onun öz haqlarını bilməməsidir.

- Amma bir reallıq da var ki, bu günlərədək əksər kafelərdə istəsən belə sadə çay verilmirdi. Məcbur idin ki, ya əlavəsi ilə alasan, ya da heç çay içməyəsən...

– Mən həmişə demişəm, bu gün də deyirəm ki, hansı kafedə sadə çay verilməsə, «qaynar xətt»imizə zəng etsin, həmin obyekti dərhal cəzalandıraq. Bulvar Milli Parkdir, özəl bir yer deyil, orada heç kimi özəl obyekti yoxdur. Dövlətin olan yerdə də bütün qayda-qanunlara əməl olunmalıdır. Bu, həmişə belədir. Nə «Eurovision»la, nə də Avropa Oyunları ilə bağlıdır. Sakinlərdən də xahişimiz odur ki, bu cür hallardan yerindəcə şikayət etsinlər.

Nazim Məcidov Milli Parkda gözlənilən yeniliklərdən də danışdı. Bu günlərdə Dənizkənarı Bulvarın hər iki istiqamətdə genişləndirilməsindən sonra qatar marşrutu istifadəyə veriləcək. Ağ Şəhər Bulvarında «Bulvar Hotel»in qarşısından Bayıl Bulvarınadək olan 15 kilometrlik məsafəni qət edəcək qatar üçün bir neçə xüsusi dayanacaqlar da müəyyənləşdirilib.

XS
SM
MD
LG