Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:24

«Ayna» qəzetindəki «Azərbaycan üçün 2007-ci il ssenarisi» başlıqlı məqalədə bildirilir ki, ABŞ və dünya 7 noyabr aralıq seçkilərində demokratların şəksiz qələbəsini müzakirə edərkən ölkənin xarici siyasətində ciddi dəyişikliklərin olacağını vurğulayırlar. Bu dəyişikliklərin Azərbaycana da təsirsiz ötüşməyəcəyi şəksizdir. Müəllif yazır ki, bu baxımdan Qafqazdakı düyünlərin çözülməsi baxımından həyati əhəmiyyət daşıyan Rusiya-Gürcüstan münaqişəsinin ABŞ xarici siyasətinin «demokratlaşması» baxımından dəyərləndirilməsi məqsədəuyğun olardı. Ermənistanın qaz kəmərinə nəzarət edən Rusiya məhz bu qış Gürcüstan və dolayısı ilə Azərbaycan qaz kəmərləri üzərində də nəzarəti əldə etmək əzmindədir. Kreml bununla mühüm qaz «dəyənəyi» əldə edərək, bölgədəki maraqlarını ABŞ siyasətində baş verəcək dəyişikliklərdən sığortalamaq əzmindədir. Aydındır ki, bu qışı istəklərini gerçəkləşdirmək üçün ən əlverişli fürsət bilən Kreml ilk növbədə Azərbaycanı Gürcüstanın qaz blokadasının fəal iştirakçısına çevirmək və ya heç olmasa, neytral qalmasını təmin etmək əzmindədir.


«Xalq Cəbhəsi» qəzetindəki «Sementin qiyməti ucuzlaşmayıb» başlıqlı məqalədə bildirilir ki, 20 gündən artıqdır ki, ölkənin sement bazarında qiymətlərin artımı müşahidə olunur. Bir neçə gün bundan əvvəl bu tikinti məhsulunun qiymətinin aşağı düşməsi ilə bağlı hökumət qurumlarının yaydığı xəbərdən sonra sementin qiyməti daha da qalxıb. İndi paytaxt bazarlarında sementin bir kisəsinin qiyməti 47 min köhnə manatdır. Qəzetin əldə etdiyi məlumatlara görə, hər gün ölkədə yeganə sement istehsalçısı olan «Qaradağ Sement» Açıq Tipli Səhmdar Cəmiyyətindən 100 maşın sement paytaxtın üç müxtəlif bazarlarına daşınır. Bununla da sementi paytaxtdakı bazarlara daşıyan qrup və ya qruplar qiyməti istədikləri səviyyəyə qaldırırlar, bəzən isə endirirlər. «Qaradağ Sement» isə qiymətlərin düşməsi üçün zavod tərəfindən bir sıra addımlar atıldığını bildirir. Qurumdan verilən məlumata görə, bazardakı qiymətlərin tövsiyə olunan həddə enəcəyi gözlənilir.


«Yeni Müsavat» qəzeti yazır ki, 2008-ci il prezident seçkisinin hakimiyyət dairələrində təlaş doğurduğunun əlamətləri artmaqdadır. «Yeni Azərbaycan» qəzetində prezidentlik müddətini 7 ilə qaldırmaq zərurəti barədə srağagün dərc edilən məqalədən artıq bu qənaət hasil olur ki, YAP-ın diqqəti qarşıdakı seçkilərlə yanaşı, həm də onun vaxtı məsələsinə - seçkiləri ertələməyə fokuslanıb. Yəni 2008-ci ildə (və ya o zamanadək) Azərbaycanda seçki deyil, referendum keçirilə bilər. Bundan sonra isə cənab İlham Əliyevin daha iki dəfə, özü də 14 illiyə prezident edilməsi gündəmə gəlməlidir. «Hər halda, iqtidar qəzetinin yazdıqlarından başqa nəticəyə gəlmək mümkünsüzdür», - yazan müəllifə görə, belə bir təşəbbüsün arxasında hakim rejimin ömrünü süni şəkildə artırmaq planları durur.


«525-ci qəzet» dəki «Ermənipərəst konqresmen Nümayəndələr Palatasının spikeri olacaq» başlıqlı məqalədə bildirilir ki, Amerikanın erməni diasporu və Ermənistan dairələri noyabrın 7-də ABŞ Konqresinə keçirilmiş seçkilərin nəticələrindən razı qalıb. Amerika ermənistanlıları bu seçkilərdə əsas etibarilə Demokrat Partiyasının təmsilçilərini dəstəkləyirdilər və onlara görə, demokratların Konqresin hər iki palatasında üstünlüyü ələ alması növbəti illərdə «erməni layihələri»nin qəbulu üçün böyük imkanlar açır.


XS
SM
MD
LG