Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:20

Edem, Medem


Ömər Xəyyam
Ömər Xəyyam

Asimansız Edemdə ulduzlar volleyboldan sonra havada qalmış topları xatırladır.

Ömər Xəyyam

EDEM, MEDEM

(hekayə)

Edem dünyanın şərq küncündə ada şəhəridi. Buranın balıq qoxulu sakinləri hamısı bir-birinə oxşayır.

Hansısa qədim mətndə oxumuşdum ki, Allah cənnətdən qovulandan sonra Edem şəhərində bir kişinin bədəninə daxil olub, adi insan kimi yaşayır. Texnologiyanın sürətli inkişaf prosesində bu əhvalata inanmaq həm gülməlidi, həm də absurd. Hələ deyirdilər ki, Allahın yaşadığı o şəhərə getmək heç kimə nəsib olmayıb.

Numizmatikayla məşğul olan qonşum – qoca Ted dayı dedi ki, ora ancaq Asen şəhərinə gedib, okeanı üzərək keçmək mümkündü. Okenı üzüb keçmək! Mən ki, heç göldə üzə bilmirəm!?

Ümidsizliyi gözlərimdən oxuyan qoca “Bap limanında bir balina var - Cebril, onun belində keçəcəksən”- dedi. Cebrili çağırmaq üçün dua öyrətdi. Səhər məhəllədə hər kəs yas içindəydi - Ted dayı axşam müəmmalı şəkildə ölmüşdü.

Bir həftədən sonra Asena şəhərinə getdim və hər kəs yatandan sonra limanda telefonumdan duanı oxumağa başladım. Üç dəfə oxudum , amma Cebril gəlmədi. Fikirləşdim ki, axmaq qoca özündən nağıl uydurub. Sonuncu dəfə ümidsizlik tonunda duanı əzbər dedim. Budur, dalğaları yara-yara bir ağ işıq yaxınlaşdı.

Telefondan oxuduğum üçün gəlmədiyini anladım və Cebrilin belinə mindim.Mən sağ ayağımı belindən aşırana qədər, Cebril Edemə çatmışdı artıq.

Axşam düşüb, həyəcandan dilim-dodağım quruyub, bir dənə də olsun market gözə dəymirdi. Birdən öz şəhərimizdəki pivəxanaları xatırladım və saqqalımda soyuq pivə köpüyünü hiss etdim. Bu dəhşətdi, buz kimi xalis alman pivəsi! “Bunun yanında qızardılmış yerfındığı da olsa, pis olmazdı”- deyə düşündüm və budur, ağzımda iki ədəd yerfındığı!

Edem... Tünd yaşıl çay şəhəri iki hissəyə ayırırdı. Mən olduğum tərəfdə gül-çiçək, işıq, qarşı tərəfdə boz çöllük. Ulduzlar əl çatacaq qədər yaxın. Bəlkə də inanamayacaqsınınz, amma burda göy üzü yoxdu. Yuxarıda heç nə yoxdu. Asimansız Edemdə ulduzlar volleyboldan sonra havada qalmış topları xatırladır.

Təzəcə bir daş tapıb oturmuşdum ki, bir nəfərin düz üstümə gəldiyini gördüm. Hə, məni görmürdü. Sürətlə, istiqamətini dəyişmədən düz üstümə addımlayırdı. Ayağa durmaq istəyirdim ki... Lənətə gəlmiş bədii təsviri bacarmıram, amma mən deyim, siz təsəvvür edin. O gəlib, içimdən keçdi. Başa düşürsünüz? Adam gəldi və içimdən keçdi.

Birdən hər tərəf aydınlandı. Ulduzlar yenə də havada uçuşurdular- top kimi. Səhər açılmışdı. Quşlar elə oxuyurdular ki... Bethovenin , Mahlerin sonataları bu qədər gözəl deyildi.

Bu həzin musiqini qarnımın aclıq hayqırtıları pozurdu. Təcili nahar etməliydim, ayaqlarımı sürüyəcək qədər gücüm qalmamışdı. Ən çox gözlərimin rastlaşdığı qəribəliklər enerjimi almışdı. Növbəti sürpriz, növbəti dəhşət! Lənətə gəlmiş Cebril məni Cənnətin özünə gətirmişdi!

Qəfil dodaqlarımın kənarında isti yağ hiss etdim. Yas mərasimlərində verilən yağlı quzu ətini düşünün. Hə, həmin dad, hətta daha dadlı. Kimdən soruşdum cavab vermədi, kimə yaxınlaşdım görmədi məni.

Hə, görmürdü heç kim məni. Yavaş-yavaş küçələrdə adamlar çoxalırdı. Burdakı qadınlar o qədər gözəl idi ki, gözlərim dəfələrlə orqazm olurdu. Göz orqazmı! Bu dəhşətdi, baxdığım qadınla cinsi əlaqədə olurmuş kimi həzz yaşayırdım və ən dəhşətlisi - qadınların içindən keçə bilirdim. Şəffaf qadınlar, hə, o qədər şəffaf ki, bağırsaqlarında nəcis görünürdü.

Bir-iki kitab oxumuşam və dərhal anladım ki, burda olan ruh halımdı. Məni ancaq Allahın kişi bədəninə girmiş ruhu görə bilər. Bütün simalarda onu axtarırdım. Budur, birdən uçmağa başladım. Şəhərin üstüylə uçurdum.

Kənardan idarə olunan helikopter düşünün, özümdən asılı olmadan bir mağaranın yanında endim və ağ, uzunsaçlı , üzündə koredici nur olan bir qoca qarşıladı məni. Ürəyimi barmaqlarımın ucunda, gah da dabanımda hiss edirdim həyəcandan.

“Mən , Al, bu şəhərin və sizin dünyanın sahibiyəm”

“Məmnun oldum, su istəyirəm, suuu...”

“Buyur, istədiyini seç” - dedi.

Bizim şəhər boyda soyuducunun qapağını qaldırdı. Hər növ pivə, viski, tekila... Ömrümün sonuna qədər bu soyuducuda üzə bilərdim. İki qutu pivə seçdim. Birdən telefonuma bildiriş mesajı gəldi. Dostum sosial şəbəkədə statusuma rəy yazmışdı. Aldan icazə aldım və ona cavab yazdım. Məşhurlarla şəkil çəkdirmək xəstəliyimi bilirsiniz, zatən. Fikirləşdim ki, “Like” yığmağın zamanıdı.

“Mən, sizinlə xatirə şəkli çəkdirə bilərəm?”

“Əlbəttə, amma qoy saqqalımı düzəldim.”

Al bütün Edemi mənə gəzdirdi, sonra Medem şəhərinə keçdik. Burda hər şey fərqliydi. Edemdə gördüklərimin tam əksi. Adamlar irin ağlayırdı. Diri-diri yandırılan kim, ayaqlarından asılan kim, əlləri hamilə qalanlar kim.

Əsərlərini sevə-sevə oxuduğum yazıçılar, rəng ahənglərində boğulduğum rəssamlar, kliplərini sev-sevə izlədiyim müğənnilər... Dəhşət idi. İki il öncə maşın qəzasında ölən ilk sevgilimi iki nəfər boyu üç metrə çatan qəribə varlıqlar zorlayırdı. Nobel mükafatı almış yazıçının obrazı boğazından yapışmışdı ki, “sənə görə bu əzabı çəkirəm”.

Ər-arvad cəhənnəmə düşüb. Məlum olub ki, həyat yoldaşı ərinə xəyanət eləyirmiş.Təsəvvür eləyirsiniz? Birdən Ala zəng gəldi, kimsə onu təcili Edemin girişinə çağırdı.

Mən Cebrili görən kimi tanıdım. O yeni insan gətirmişdi. Bayaq da yadımdan çıxdı, sizi tanış eləmədim. Cebril xüsusi minik vasitəsidi. Başı atdı, bədəni balıq.

Gözlərimə inanmadım. Bu bacım Məryəm idi. Məlum oldu ki, bir saat əvvəl təsadüfən məktəb binası yanıb və heç cür xilas ola bilməyib. Al dedi ki, o səni görmür, narahat olma.

Lənət olsun, gözlərimə hakim ola bilmədim. Göz yaşlarım bulaq kimi axırdı. Sonra iki nur gəldi. Onlar bacımı qucaqlarına alıb, Alın mağarasına apardılar. Yolda Ala dedim ki, mən bacımın yerinə ölməyə hazıram , onu burax evə qayıtsın, heç olmasa Edemdə qalsın, Medemə yollama. Al gülümsədi və məni çox istədiyini dedi.

Bacımla bağlı qapı arxasında söhbətdən sonra onu Edemə buraxdılar. Bacımı gətirən nurun birindən siqaret aldım və Edemin dərinliklərinə üz tutdum.

Bu lənət yerdən sıxılmağa başlamışdım. Siqareti çəkib geri qayıdanda iyirmi-otuz kişinin bacımla əyləndiyini gördüm, onlar qızın alt parlarını soyundurub, hər yerini əlləyirdilər. Bu dəhşətdi. Əzabdı. Əsəbdən təzyiqimin qalxdığını hiss edirdim.

Alın mələklərindən (siqaret çəkməyəni) biri dedi ki, Məryəmin heç bir günahı olmayıb. Onu Al təmiz qalsın deyə bura gətirib.

“Niyə bunu edirsən, Al, nə həzz alırsan bundan?”- həyəcanla, qorxa-qorxa soruşdum.

Al, bizim şəhərdə istehsal olunan ucuz araqdan əlli qram süzüb , uzaqlara zilləndi.

“Bəlkə gedək bizim şəhərə, insanlara layiq olduqlarını orda yaşat, təmizlənib gəlsinlər bura? Nə mənası var axı? Sən oyuncaq kimi oynadırsan bizi, sonra baxıb ləzzət alırsan!”

Dediklərim təsir etmişdi ona, razılaşdı. Dedi sabah bir yerdə gedək.

O, daxıldan qara parça götürüb göy üzünə sərdi və yatdıq. Səhər mələkləri çağırıb tapşırıqlarını verdi. Biz Cebrillə, M-ə - bizim dünyaya qayıtdıq. Cebrildən düşən kimi Alın üzündən nur getdi və adi insan sifəti kimi oldu.

Al dedi ki, burda qəbir daşları düzəldən usta kimi işləyəcək və insanlar əvvəlcədən daşların üzərinə yazdığı tarix müddətində yaşayacaq. Mənə dedi ki, sənin ölüm tarixini ən sonda yazacam.

Gördüklərimi evə çatan kimi komputerimə yazmağa başladım. Heç bir həftə keçməmiş məni yanına çağırdı. Dedi sizin dünyada yaşayan bir-iki nəfər qalıb, o birlərin də vaxtı tezliklə bitəcək. İstəyirəm burdakı insanları yenidən yaradım.

Onun qarnı hamilə qadın qarnı kimi şişmişdi...

Tez klinikaların birinə getdik.

Yaralı it kimi zingildəyirdi...

Saçlarının ucundan tər damlayırdı döşəməyə. Birdən-birə göy guruldadı. Günəş yağırdı hər yağış damlasında.

Xəstəxanada ikimizdən başqa heç kim yox idi. Qəfil sükut çökdü. Səhər çağı olmasına baxmayaraq, şəhər qaranlığa bürünmüşdü. Fasilələrlə çaxan ildırım şüaları altında sürünən, it kimi hürən insanlar görünürdü.

Xəstəxana şəhərin ən böyük ticarət mərkəzinin arxasındadır və palatanın pəncərələri mərkəzi küçəyə açılır.

Bir qadın ayaqlarını əllərinə alıb arxası üstdə sürünür-saçlarının ucundan qan damlayırdı...

Arxada üç oğlan görünürdü, birinin dili uzanıb ayaqlarına dolaşmışdı, o birinin sol gözündən yeni doğulmuş körpə başı sallanmışdı. Üçüncü oğlanın sağ qulağı... Bu, dəhşətdi. Maşın boyda böyük bir qulaq - yerdən qaldıra bilmir, daha doğrusu ayaqları üzülüb yerdən.

Uzaqdan eşidilən iniltilər qulaqbatırıcı səssizliklə əvəz olundu və birdən-birə hər tərəf işıqlandı.

Döşəmə qan içindəydi. O, bir kitab doğmuşdu... Şəffaf rəngli, qalın... Qollarının arasında uşaq varmış kimi yelləyirdi. Gördüklərimdən sonra bir o qədər də heyrətlənmədim, amma...

Bilərəkdən etmədim, yox bu qəfil ehtiyatsızlıqdan oldu. Doğuş zamanı yerə düşmüş iki cümlə ayağımın altında qaldı. Bina silkələndi, bir anlıq qaranlıq çökdü otağa, hiss elədim onları , hə, ayağımın altında canlı kimi hiss elədim. Hətta uşaq ağlamasına bənzər bir ani səs də eşidildi.

Hərflərə parçalanmışdı cümlələr...

Bütün insanlar gəlib o kitabın içinə girdilər.

Uşaq kimi ağlayırdı. Güclə başa düşürdüm dediklərini:

“Aldatdın məni, bilərəkdən elədin. O iki cümlə bəşəriyyətin xilası idi, insanların xoşbəxtliyi idi. O iki cümlə məhv oldu və mən bütün vəzifələrimi itirdim. İnsanlar, ah, bədbəxt insanlar, indi ancaq cəhənnəm var”- dedi və gözlərini yumdu. Özümü güclə kitabın içinə atdım.

İllərdi bu kitabın içindəyəm, amma heç kim burda yazılanlardan bir cümlə də oxumayıb.

Qəbr daşı hazırlayan sonuncu insan da öldü...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG