Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:11

«Rayon maşınlarının Bakıya buraxılmaması qanunsuzdur»


İyunun 1-dən Bakıya rayon qeydiyyatı olan avtomobillər buraxılmır.
İyunun 1-dən Bakıya rayon qeydiyyatı olan avtomobillər buraxılmır.

-

«Maşınla şəhərə girmək mümkün deyil. Ən azından Sumqayıt və Abşeron qeydiyyatı olan maşınları Bakıya buraxmalı idilər, çünki Sumqayıtda işsizlik problem var deyə, əksər camaat Bakıda işləyir. Bakıda işləyənlərin çoxu da maşınla gedir. İndi isə bu, qeyri-mümkün olub və vəziyyət heç də ürəkaçan deyil».

Vüqar Məmmədov Sumqayıtda yaşayır, çalışdığı yer isə Bakıdadır. Artıq iki gündür ki, öz şəxsi avtomobili ilə işə gedə bilmir.

İyunun 1-dən Avropa Oyunları ilə əlaqədar rayon, həmçinin Sumqayıt və Abşeron qeydiyyatında olan maşınlar Bakıya buraxılmır.

Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, paytaxtda ancaq 10 və 90 seriyasından olan avtomobillərin hərəkətinə icazə verilir. Avtomobili 99 seriyalı olanlar arasında da seçim edilir, yalnız paytaxt qeydiyyatında olan nəqliyyat vasitələri üçün yaşıl işıq yandırılır.

Paytaxta gələn rayon qeydiyyatlı avtomobillər şəhərin girişlərində pulsuz dayanacaqlarda maşınlarını saxlayıb «yola davam» deyirlər.

«DAYANACAĞA TƏKCƏ MAŞINI YOX, RAHATLIĞINI DA QOYUB GEDİRSƏN»

Vüqar Məmmədov yola çıxanların maşınla yanaşı, rahatlığını da bu dayanacaqda qoyub üzü paytaxta yollanmalarından danışır:

«Ən azından elə bir şərait yaradılmalı idi ki, yüksək səviyyədə avtobus xidmətləri olsun, maşını qoyub rahat sərnişin avtobusundan istifadə edəsən. Bizdə bu da yoxdur, metro, avtobuslarda sıxlıqdır. Hələ yay vaxtı olmasını da nəzərə almaq lazımdır. Avtobuslarda da komfort yoxdur ki, mənzil başına vaxtında çatasan. Sumqayıtdan Bakıya isə ümumiyyətlə daha çətindir. Bakıya getmək üçün iki avtobus dəyişməli olursan, bu, həm maddi, həm də vaxt itkisi deməkdir».

«ÖVLADLARIM İŞƏ GEDƏ BİLƏCƏKLƏR, YA YOX?»

Sumqayıt sakinləri arasında bu iki gün ərzində ayağını heç Bakıya qoya bilməyənlər da var. Dilbər Fərhadova deyir ki, hər iki övladı nəinki şəxsi avtomobil, heç avtobusla da işə gedib çıxa bilməyiblər:

«Oğlum da, qızım da Bakıda işləyir. Yol bağlı olduğundan gedib işə çata bilməyib, geri qayıdıblar. Bu yolların axırı necə olacaq? İşə gedə biləcəklər, ya yox?».

Paytaxtda ancaq 10 və 90 seriyasından olan avtomobillərin hərəkətinə icazə verilir.
Paytaxtda ancaq 10 və 90 seriyasından olan avtomobillərin hərəkətinə icazə verilir.

İndi bu sual Sumqayıtda çoxlarını, xüsusən də çörəyi Bakıdan çıxanları çox narahat edir.

«Qadağa vətəndaşların deyil, sadəcə maşınların Bakıya daxil olması ilə bağlıdır» deyən Yol Polisi rəhbərliyi bütün bu məhdudiyyətlərin də iyulun 1-dək davam edəcəyini elan edib. Məqsəd sadəcə, Olimpiya iştirakçılarının, idmançıların və sakinlərin təhlükəsizliyini təmin etmək, eyni zamanda, sıxlığın və tıxacların qarşısını almaqdır.

Amma sakin də var ki, işi təkcə özünün Bakıya gəlməsi ilə bitmir, ailəsinə çörəkpulu aparsın deyə, maşınına da ehtiyacı var. AzadlıqRadiosuna gileylənən taksi sürücüsü Əli kimi. İllərdir qazancı Sumqayıt-Bakı yolunda taksi sürücülüyündən çıxır.

«Bakı şəhərində işləyirəm. Maşınım 50 nömrəylədir. Məni Bakıya buraxmırlar ki, işə gedim. Mən indi neynəyim? Siz mənə məsləhət verin. Cəhd elədim getməyə, buraxmadılar».

«ÖZ VƏTƏNİMİZDƏ ÖZGƏYİK»

Bu cür giley-güzarlar iki gündür ki, sosial şəbəkələrin də əsas mövzularından biridir. Kimisi «Öz vətənimizdə özgəyik» deyə şikayətlənir, kimisi çıxış yolunu vertolyot sifarişində görür. Feyziyyə adlı istifadəçi yazır:

«Dünəndən Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusların «20 Yanvar»a girişi yenidən qadağan edilib. Avtovağzala gedən avtobuslarda adamlar nəfəs-nəfəsə dayanıb gedirlər. İnsanın çarəsiz olduğunu hiss etməkdən dəhşətli heç nə ola bilməz. Günün istisində daldalanacaq bir yer tapıb toyuq-cücə kimi ora-bura qovulan adamlara baxıb qəhərlənməkdən başqa heç nəyə gücün çatmayanda, su olub havaya buxarlanmaq keçir adamın könlündən. Hər halda «evə necə gedəcəyəm» sualından qurtularıq».

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«BU MƏHDUDİYYƏT KONSTİTUSİYAYA BİRBAŞA ZİDDİR»

Hüquqşünas Ələsgər Məmmədli isə bu qadağanın qanunsuzluğunu önə çəkir. Deyir ki, dövlət Yol Polisinin rayon dövlət nişanlı avtomobilləri Bakıya buraxmamasına dair tətbiq etdiyi məhdudiyyət Konstitusiyaya birbaşa ziddir:

Konstitusiya

Qanun

Konstitusiyanın 28-ci maddəsində deyilir ki: «Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər...». Konstitusiya həm də mənşəyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verir: «İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır».

«Bu gün atılan bu addımın heç bir qanuni əsası yoxdur, çünki konstitusiyanın üstün hüquqi norma olduğunu düşünsək və digər qanuni normativlər baxımdan yanaşsaq, ancaq və ancaq məhdudiyyət qəza halı və ya hansısa tədbirlər zamanı tətbiq edilə bilər. Və bu zaman məhdudiyyət hər kəsə tətbiq edilməlidir və müvəqqəti olmalıdır. İndiki halda tətbiq olunan norma birbaşa diskriminasiya, ayrı-seçkilikdir və bu baxımından qanuna ziddir».

Ə.Məmmədli deyir ki, bu cür ayrı-seçkiliyə məruz qalmış istənilən şəxs məhkəməyə müraciət edə və Dövlət Yol Polisinə qarşı iddia qaldıra bilər. Hüquqşünas qeyd edir ki, polisin qanunsuz əmri icra etməsi özü də onun üçün məsuliyyət yaradır.

Diqqət çəkən bir məqam da odur ki, ortada sözügedən qadağa ilə bağlı rəsmi qərar da yoxdur. «Bütün axtarışlara baxmayaraq, qərarı tapa bilmədim» deyən Ə.Məmmədli qeyd edir ki, görünən yalnız mətbuatda yayılan informasiya və onun tətbiqidir, halbuki normativ aktlara görə tətbiq olunan norma yalnız yayıldıqdan sonra qüvvəyə minə bilər. Hüquqşünas sözügedən normanın yayılmadığını deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG