Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:46

«Hakimiyyət Azərbaycanın belə sürətlə böhranla üzləşəcəyinə hazır deyildi»


Mehman Əliyev

Mehman Əliyev

-

«Azərbaycanda hökumətin fəaliyyətini analiz edən ictimai təşkilatlar hamısı qapıdılıb, vətəndaş cəmiyyəti taqətdən salınıb, ictimai nəzarət, demək olar, tam itib. Bu olmasaydı, heç olmasa cəmiyyətdə baş verənlərlə bağlı həyəcan səsləri daha ucadan səslənərdi. Ona görə inanmıram ki, ictimai nəzarətin bərpasına hakimiyyətdə ciddi maraq var».

Bunu «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Azadlıq» qəzetinə müsahibəsində deyir.

- Dünyada neftin qiymətinin düşməsinin fonunda Azərbaycan iqtisadiyyatı ciddi zərbələr aldı. Baş verənlərdən çıxış yolu kimi kənd təsərrüfatının dirçəlməsi, inhisarın aradan qaldırılması göstərilir. Amma bu baş vermir. Hazırkı templə davam edərsə, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sonuna tam tükənə bilər. Nəyə görə Azərbaycan hakimiyyəti zəruri addımları atmır?

- Bu addımı bir neçə il qabaq etmək lazım idi. Hazırda vaxt itirilib. Ümumiyyətlə, Azərbaycana neft pulları gələn zaman iqtisadiyyatı normal qurmaq, sərbəst rəqabət yaratmaq lazım idi. Bazar iqtisadiyyatının atributları işə salınmalı idi. Amma hakimiyyət bunu etmədi. Qapalı, oğurluq və inhisarçılıq üstündə qurulan bir iqtisadiyyat belə də olmalı idi. Sadəcə olaraq hakimiyyət neftin qiymətinin uzun müddət yüksək qalacağına ümid edirdi. Ancaq neftin qiymətinin aşağı düşməsi və başqa tendensiyalar hakimiyyəti pat vəziyyətinə saldı. Hakimiyyət Azərbaycanın belə sürətlə böhranla üzləşəcəyinə hazır deyildi. Hakimiyyət qapalı iqtisadiyyatlarını, düşündükləri kimi, tam formada qurub, başa çatdıra bilmədi. Hazırda yaranmış vəziyyətdə kompleks islahatlar həyata keçirilməlidir. Hazırda çıxılmaz durumun yaranmasına səbəb odur ki, hakimiyyət bu cür böhranlı vəziyyətə hazır deyildi.

- Belə də ehtimal var ki, növbəti devalvasiyaya hazırlıq gedir. O üzdən də oliqarxların iş adamlarında olan pulları toplanır...

- Beynəlxalq Bankdan götürülən pullar dövlət vəsaitidir. Əvvəllər bu vəsaitlərə ehtiyac yox idi. İndi isə böhrandır və pul çatmır. Analiz edilən zaman məlum olub ki, vəsaitlərin böyük qismi məqsədsiz xərclənib. Devalvasiyaya gəlincə, bu, qaçılmazdır. Manatın gücdən düşməsi davam edəcək. Mərkəzi Bankın da vəsaitləri tükənir. Onlar artıq ciddi təhlükə altındadır. Manatın arxasında ciddi iqtisadi təminat yoxdur. Ona görə manat gücdən düşür. Hazırda manatın məzənnəsini saxlamaq çətinləşib. Əvvəl vəsaitin çoxluğu manatın saxlanmasına imkan verirdi.

Allahşükür Paşazadə

Allahşükür Paşazadə

«PUTIN-İN VERDİYİ MÜKAFAT ŞEYXİ QORUYA BİLƏCƏKMİ»

«Azərbaycan hakimiyyəti daxilində Allahşükür Paşazadəyə qarşı hücumların artdığı bir vaxtda Moskvadan dəstək mahiyyətli mükafatlar gəlir, Rusiya ənənəvi ruhaniliyin son qalalarından birini qoruma altına alır».

Bunu «Yeni Müsavat» qəzeti «Putin-in verdiyi mükafat şeyxi qoruya biləcəkmi?» başlıqlı məqaləsində yazır.

QəzetRusiya prezidenti Vladimir Putin-in QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəni növbəti dəfə təltif etməsində pərdəarxası məqamlar tapıb: «Şeyxülislamın Rusiya ilə yaxın əlaqələrinin olması heç kimə sirr deyil. SSRİ vaxtından Zaqafqaziya regionunun dini lideri titulunu daşıyan Allahşükür Paşazadənin Moskva ilə əlaqələri yaxşı olub. Ancaq məlum olduğu kimi hazırda Şeyxin Azərbaycan hakimiyyəti daxilində ciddi rəqibləri formalaşıb və hər addımda QMİ sədrinin mövqelərini laxlatmağa çalışırlar. Belə bir vaxtda Rusiyadan ardıcıl olaraq Şeyxə təltiflərin «yağması» QMİ sədri üçün dəstək mahiyyəti daşıyır. Məlum olduğu kimi, son illərdə Rusiya hakimiyyəti ölkə daxilində ənənəvi İslam ruhaniliyini ciddi şəkildə dəstəkləyir».

«Yeni Müsavat» hesab edir ki, Bakıda Şeyxə qarşı münasibətin dəyişməsini Moskvada da müşahidə edirlər: «Belə bir vəziyyətdə Moskvadan QMİ-yə ziyarətlərin artması, mükafatlandırmalar Şeyxə qarşı Bakıdakı müxaliflərinin əməllərinə cavab xarakteri daşıyır. Yeri gəlmişkən, diqqətli oxucular xatırlayır ki, 2000-ci illərin əvvəllərində Bakıda Şeyxə qarşı hücumlar artan zaman Şeyxülislam idarəni Tiflisə köçürəcəyi ilə bağlı mesaj vermişdi. Bu mesaj böyük rezonans doğurmuşdu. Görünür, bu dəfə Şeyxə dəstək Moskvadan gəlib. Doğrudur, hazırda Rusiya ilə Azərbaycan hakimiyyətləri arasında münasibətlər xeyli dərəcədə istidir. Bu mənada indiki vaxtda Rusiya prezidentinin mükafatlandırmaları QMİ sədri üçün vazkeçilməzdir. Ancaq Putin-in jestlərinin Şeyxin Bakıdakı rəqiblərini nə qədər sakitləşdirə biləcəyini zaman göstərəcək».

Rəsulzadənin Gəncədə büstü

Rəsulzadənin Gəncədə büstü

GƏNCƏDƏ RƏSULZADƏNİN BÜSTÜNDƏN TORBANI ÇIXARDILAR

modern.az saytı yazır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilən çuval nəhayət uzun müddətli etirazlardan sonra çıxarılıb: «Gəncə şəhər İcra Hakimiyyəti və «Azərbaycan Dəmir Yolları» QSC-nin rəsmiləri bundan öncə verdikləri açıqlamalarda məsuliyyəti bir-birlərinin üzərinə ataraq, sözügedən parkın onların balansında olmadığını sübut etməyə çalışmışdılar. Onda maraqlıdır, büstün üzərindən örtüyü kim çıxarıb?

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov modern.az saytına bildirib ki, məsələdən xəbərsizdirlər:

««Azərbaycan Dəmir Yolları»nın bu məsələyə heç bir aidiyyəti yoxdur. Çünki büst olan park Gəncə Şəhər İcra Hakimiyyətinin balansına verilib. O örtüyü bizim idarə örtməmişdi ki, indi də biz çıxaraq. Böyük ehtimalla bunu təmiri həyata keçirən tikinti şirkəti, ya da İcra Hakimiyyəti edib».

Milli Məclisin mayın 29-da keçirilmiş iclasında deputat Sabir Rüstəmxanlının bu məsələni qaldırması -Rəsulzadənin büstünün başına keçirilənçuvalın çıxarılmasını tələb etməsi parlamentdə qalmaqala səbəb olmuşdu. O, bu məsələyə görə Gəncə Şəhər İcra Hakimiyyətini qınamışdı.

Gəncədən olan deputat Musa Quliyev isə Sabir Rüstəmxanlıya ünvanı səhv saldığını irad tutmuş və onu «Azərbaycan Dəmir Yolları»ndan hesab sormağa çağırmışdı.

«ATA ANANI DÖYÜRSƏ, UŞAQ DA GƏLƏCƏKDƏ YOLDAŞINI DÖYƏCƏK»

«Bizim yol» qəzeti yazır ki, 2015-ci il aprelin 1-nə olan məlumata görə, müvafiq dövlət orqanı tərəfindən 17 min nikah və 3 min boşanma halı qeydə alınıb.

Nikah

Nikah

Bəs boşanmaların sayının bu qədər artmasının səbəbləri nələrdir? «Bizim yol» bu sualın cavabını psixoloq Dəyanət Rzayevdən öyrənib. Psixoloq deyir ki, boşanmaların artmasını bir tərəfdən müsbət qiymətləndirmək olar: «İş ondadır ki, əvvəllər insanlar bir-birilərindən nifrət etsələr də, birlikdə yaşamağa davam edirdilər. «Camaat, qohum nə deyər» düşüncəsi ilə bir yerdə yaşayırdılar. Azərbaycanda qeyri-formal ailələr yoxdur, ya da çox azdır. Daha çox formal ailələr var. Oğlanlardan tez-tez soruşuram ki, necə oldu evləndin? Cavabında deyirlər ki, ailəmə dedim ki, məni evləndirin. Onlar da bir qız tapıb evləndirdilər. Ancaq sonra çox peşman olduğunu və boşandığını deyir. Bu kimi hallar ölkəmizdə həddindən artıq çoxdur. Bu gün mentalitetimizdə belə bir düşüncə var ki, əgər oğlan ailə həyatı qurmursa, onun cinsi oriyentasiyasında problem var. Eynisini qız üçün də deyirlər. Evlənmirsə, demək nə isə başqa bir iş var burda. Təbii ki, bu məcburiyyətdən qurulan ailələr alınmır və sonra boşanırlar. Bilirsiniz, nəyə görə deyirəm ki, boşanmalar müsbətdir? Biri var, insanlar bir-birilərini öldürələr. Bir də var, anlaşıb boşanalar».

D.Rzayevin dediyinə görə, cəmiyyətdə kişilərdə psixopatlaşma gedir: «Bunlar hamısı mentalitetin göstəricisidir. Bir tərəfdən də günah valideynlərdədir. Bir də görürsən, oğlan bir qızı sevir. Ailəsi isə oğlunun həmin qızla ailə qurmasına imkan vermir. Deyirlər ki, bizim ailəmizə uyğun deyil. Gərək, sənin qayınatan imkanlı şəxs ola. Başqa bir səbəb isə yerli məsələsidir. Bəzi ailələr eyni şəhərdən, rayondan olmayan şəxslərlə övladlarına ailə qurmağa imkan vermirlər. Təbii ki, bütün bunlar boşanmalara aparıb çıxarır. Daimi konflikt olan ailələrdə böyüyən uşaqlar isə ən çox zərər görən şəxslər olurlar. Onlar gələcəkdə ailələrində gördüklərini tətbiq etməyə başlayırlar. Ata ananı döyürsə, uşaq da gələcəkdə yoldaşını döyəcək. Uşaqlar eyni valideynlərinin həyatını yaşayırlar. Gələcəkdə isə formal nikahlar tamamilə olmayacaq. İnsanlar vətəndaş nikahlarına üstünlük verəcəklər. Çünki insanlar evlənməyi mənasız olaraq görəcəklər. Bəziləri isə ən cüzi səbəbdən dolayı boşanmağa üz tuturlar».

Nərgiz Paşayeva

Nərgiz Paşayeva

NƏRGİZ PAŞAYEVA: «RƏSSAM, YAXUD AVTOBUS SÜRÜCÜSÜ OLSUN, ƏGƏR O, PEŞƏKARDIRSA…»

«Azərbaycan» qəzeti YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın ABŞ-da açılan «Ötüb keçərkən...» adlı fərdi sərgisindən yazır.

Sərginin açılışının Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümü gününə - mayın 28-nə təsadüf etməsi rəmzi məna daşıyıb. Məhz həmin gün Yaxın Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılıb. Bu barədə danışan Aida Mahmudova deyib: «Çox şadam ki, mənim sərgimin açılışı bu fərəhli günə təsadüf edib».

Qəzet yazır ki, sərginin açılışı Nyu-Yorka xas olan demokratik formatda keçib. Tədbirdə hökm sürən sərbəstlik rəsmi nitqin və mərasimlərin olmamasını artıqlaması ilə kompensasiya edib. Geniş sərgi məkanında sərbəst hərəkət edən qonaqlar təqdim olunan əsərləri vəcdlə müzakirə edib və həvəslə təəssüratlarını bölüşüblər. Professor Nərgiz Paşayeva deyib:

«Zənnimcə, qızım Aidanın danışmaqdan və göstərməkdən çox iş bacaran və çalışqan insanlardan olduğunu desəm, yanılmaram. O, kiçik yaşlarından şəkil çəkir. Amma əsas məsələ bu deyil. Axı, uşaqlıqda və hətta sonralar da, demək olar, hamı şəkil çəkir. Amma uzun illər Londonda yaşayan və təhsil alan Aida burada əldə etdiyi akademik, nəzəri baza biliklərini anadan gəlmə rəssamlıq istedadı ilə uyğunlaşdırmağı bacaran əsl peşəkardır. Mənim üçün əsas məsələ budur ki, indi onun özünü rəssam adlandırmağa tam mənəvi hüququ çatır. Bu, birdən-birə baş verməyib. O, bütün şüurlu həyatı boyu bu məqsədə doğru addım-addım yol qət edib, demək olar, 20 il usanmadan öz üzərində çalışıb. Mən insanlarda peşəkarlığı və kimliyindən asılı olmadan öz peşəsinə davamlı və təmənnasız məhəbbəti çox yüksək qiymətləndirirəm. Rəssam, yaxud avtobus sürücüsü olsun, əgər o, peşəkardırsa, həmişə daha artığına layiq olmağa haqqı var. Peşəkar heç vaxt «Bax, bunu etməyi bacarmıram, bunu bilmirəm, ona görə də bunu etməyəcəyəm» deməkdən çəkinmir, qorxmur və daim «Mən bacararam, mən istəyirəm və mən edəcəyəm» deyən qeyri-peşəkarlardan da elə bununla fərqlənir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG