Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

Azərbaycan tarixi əcnəbilərin gözündə


Avstriyalı alim Erik Fayqlın [mərkəzdə] mətbuat konfransı

Avstriyalı alim Erik Fayqlın [mərkəzdə] mətbuat konfransı

Bu dəfə Azərbaycan tarixinə əcnəbi mütəxəssisin-türk xalqları mədəniyyət və tarixinin araşdırıcısı, avstriyalı professor Erik Fayqlın gözüylə baxırıq.

-Cənab Fayql, Azərbaycanla bağlı marağınız nədən irəli gəlir? Azərbaycanda bu qədər tanınmanızınecə izah edərsiniz?


-Mən özüm avstriyalıyam. Həmvətənlərim azərbaycanlılara çox bənzəyirlər. Sevgiyə çox bağlıdırlar. Yeyib-içməyi, söhbəti çox sevirlər. Yaşamaq və yaratmaq onların həyat devizidir. Xoş yaşamağa, təmənnasız-iddiasız yaşamağa, yaşayıb-yaşatmağa bu qədər çox dəyər verən ikinci başqa xalq tapmaq çətindir.


-Eşitmişik ki, Azərbaycana yeni kitabla gəlmisiniz. Nədir həmin kitabın önəmi?


-Bəzi erməni siyasətçilərinin, diaspor rəhbərlərinin terrorçuluğa marağından bəhs etmişəm. Qarabağın Ermənistan ərazisi olduğunu iddia edənlər bir vaxtlar rus imperiyasının köçürmə siyasətini unutdurmağa çalışanlardır. Qarabağa ermənilərin yerləşdirilməsi XIX əsrin reallığıdır və rus işğalıyla bağlıdır. Bunları göstərmişəm. Azərbaycanlıların əmin-amanlığa həmişə sadiq qaldığını və ermənilərlə dostca yaşadığını faktlarla vurğulamağa cəhd göstərmişəm.


-Bənzər araşdırmalar mədəniyyətlərin dialoquna nə dərəcədə fayda gətirir? Yəni bu vasitəylə konfliktlərin çözümü yaxınlaşırmı?


-İndiki mərhələdə fayda gətirmir. Amma, həqiqətin axtarılması, üzə çıxarılması, əmin-amanlıq və sülh zərurəti perspektivdə öz xeyrini verəcək. Təkrar edirəm, rusların uzunmüddətli köçürmə siyasəti Qarabağın erməni ərazisi sayılmasına əsas qazandırmır. Qarabağ yaranışdan erməni ərazisi deyil.


-«Erməni mifomaniyası» kitabında daha hansı məqamları vurğulamısınız?


-Məqsədim həqiqəti axtarmaq və üzə çıxarmaqdır. Bir avstriyalı və artıq bir azərbaycanlı kimi, ümumiyyətlə sülh və əmin-amanlıq xoşlayan bir adam kimi, tarixi faktlara belə məsuliyyətsiz yanaşılmasına yol verə bilmərəm. Azərbaycanlılar, eynən avstriyalılar kimi, əmin-amanlıqda yaşamağa xüsusi dəyər verirlər, ancaq onlar da həqiqəti üzə çıxarmağa daha çox səy göstərməlidirlər. Mən demirəm ki, Qarabağda ermənilər yaşamamalıdır, əksinə, onlara yüksək hüquqlar tanınmalı, Azərbaycan vətəndaşı olaraq hər bir hüquqları həssaslıqla qorunmalıdır. Tarixi həqiqət, azərbaycanlıların danılmaz barış ruhu ermənilərin separatçılığına, Qarabağı qəsb etməsinə haqqa qazandıra bilməz. Sülhü bərpa etmək və Azərbaycan torpaqlarında birgə yaşayıb-yaşatmaq lazımdır. Mən Ermənistan siyasi rəhbərliyilə təmasda olmamışam və onları yaxşı tanımıram, ancaq erməni diaspor təşkilatlarının başçılarını yaxşı tanıyıram və onların zənginlik içində keçən həyatlarına da bələdəm. Qarabağ diaspor rəhbərləri üçün həyat məsələsi ola bilər, amma sadə ermənilərin bundan fayda götürməyəcəklərini unutmamalarını istəyirəm. Bəlkə də «Azadlıq» radiosundakı bu müsahibəyə qulaq verən ermənilər təkrar düşünmək imkanı qazanacaq və hər dəfə təzə əsatirlərin girdabına keçməkdənsə, azərbaycanlılarla birgə yaşamanın üstünlüklərini yada salacaqlar. Neft kəmərinin, qaz kəmərinin, yeni iqtisadi layihələrin Ermənistandan və Qarabağ ermənilərindən yan keçməsi onları ayıltmalıdır. Çalışqan və ağıllı erməni xalqı Azərbaycan neftindən faydalanmaqla Qafqazın cənnətə çevrilməsinə öz töhvəsini verə və gürcü çaxırından içərək bütün Qafqaz xalqlarıyla əmin-amanlıq içində yaşaya bilər. Ermənilər Moskvaya satılmaqla, miflərin girdabına keçməklə nə itirdiklərinin fərqində olmalıdırlar.


-Avstriyanın paytaxtında-Vyanada «Arşın mal alan»ın premyerasına baxdınızmı?


- Əlbəttə! Çox gözəl keçdi. Azərbaycan mədəniyyətini belə tanıtmaq lazımdır. Avstriyalı sənətçilər misilsiz oynadılar. Yeri gəlmişkən, operettanın librettosunu mənim oğlum almancaya çevirib, ancaq indiyədək qonorarını ala bilməyib...


XS
SM
MD
LG