Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:33

-

İyunun 1-də «Bakı-2015» Avropa Oyunları və ictimai davranış qaydaları ilə bağlı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Şuranın sədri Azay Quliyev bildirib ki, I Avropa Oyunları ilə bağlı Şuraya təqdim olunan 27 layihəyə 300 min manat vəsait ayrılıb.

A.Quliyev bildirib ki, hər bir şəxs Oyunların keçirilməsində öz məsuliyyətini hiss etməli və ona uyğun davranış nümayiş etdirməlidir:

«Vətəndaş cəmiyyəti institutları da Oyunların yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməlidir. Şura I Avropa Oyunları zamanı ictimai davranış qaydaları ilə bağlı layihələri dəstəkləyir. Məqsədimiz odur ki, cəmiyyət maariflənsin».

Şura sədri qeyd edib ki, hazırda bir çox məsələlərə ictimai nəzarət gücləndirilməlidir:

«Bu gün sürücülər elementar qaydalara əməl etmir, lazımsız səs siqnallarından istifadə edərək insanları narahat edirlər. Restoranlarda xidmət səviyyəsi artırılmalıdır, qiymətlər süni şəkildə qaldırılmamalıdır. Məqsədimiz ondan ibarətdir ki, qeyri-etik davranışlar nəticəsində çəkdiyimiz əziyyət hədər getməsin».

A.Quliyev vurğulayıb ki, hazırda innovativ layihələrin şuraya təqdim olunmasında qıtlıq var.

Tədbirdə iştirak edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yol hərəkəti ilə bağlı mədəni səviyyənin yüksəldilməsi istiqamətində təbliğat işləri aparılır: «Sevindirici haldır ki, həyata keçirilən layihələr nəticəsində uğurlar əldə olunur. Ancaq hələ də sürücülərimiz siqnallarından yerli-yersiz istifadə edirlər. Xüsusən axşam saatlarında avtomobilləri yüksək surətlə idarə edirlər. Hesab edirəm ki, bu kimi neqativ hallara qarşı mübarizə gücləndirilməlidir».

Daha sonra QHT sektorunun nümayəndələri fikir mübadiləsi aparıblar, təkliflər səsləndirilib.

Tədbirin sonunda A.Quliyev deyib ki, səsləndirilən təkliflər yazılı şəkildə Şuraya təqdim olunsun: «Biz bütün səsləndirilən təklifləri nəzərə alaraq, mövcud problemlərin aradan qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edəcəyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG