Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Büdcədən elm və təhsilə ayrılan vəsait narazılıq yaradıb


Bəzi millət vəkilləri hələ ki, elmə ayrılan vəsitin artırılacağına ümidlə yanaşırlar
Bəzi millət vəkilləri hələ ki, elmə ayrılan vəsitin artırılacağına ümidlə yanaşırlar
2007-ci ilin dövlət büdcəsi istər komissiyalarda, istərsə də parlamentin plenar iclaslarında müzakirə olunarkən elmə, təhsilə ayrılan vəsaitin azlığından narazılıq özünü yetərincə büruzə verir. Narazıların bir qismi elmə ayrılan ümumi vəsaitin az olduğunu deyir, digərlərisə yalnız yeni məktəblər tikməklə elmi inkişaf etdirməyin mümkün olmayacağını bildirir, yeni büdcədə buna yenidən baxılmasını təklif edirlər.

Deputat Fəzail İbrahimli parlamentin noyabrın 9-da keçirilən iclasında bildirdi ki, prezident İlham Əliyev dəfələrlə maddi dəyərləri insan kapitalına çevirmək barədə danışıb. Bu məsələ əsasən özünü elmdə, təhsildə büruzə verməlidir. Gənclərə verilən təqaüdlər, müəllimlərin maaşlarının inflyasiya ilə balanslaşdırılması və sair məsələlərə diqqət yetirilməlidir.


2007-ci ilin büdcəsində elmə ayrılan vəsaitin az olduğunu təkcə elm adamları və ya müxalifətdən olan millət vəkilləri deyil, hakimiyyətdə olanlar da bildirirlər. Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov da ötən iclasdakı çıxışı zamanı müəllimlərin əməkhaqqının artırılması məsələsinə toxundu və elm- təhsil məsələsində hökumətin qənaət etməsini düzgün saymadığını söylədi.


Təhsil naziri Misir Mərdanov isə təhsildə problemlər olduğunu inkar etməsə də, elmə, təhsilə dövlət diqqətindən danışdı. O, dedi ki, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, üç ildir 1-ci sinifdən 11-ci sinifədək bütün şagirdlərə dərsliklər pulsuz verilir.


Müəllimlərin əməkhaqqı istənilən səviyyədə olmasa da, artırılır. Təhsil naziri bəzi deputatlarda elmə diqqətlə bağlı məlumatın olmadığını söylədi.


Cənab Mərdanov hesab edir ki, il yarım, iki il ərzində Azərbaycan müəlliminin maaşı arzulanan səviyyədə olacaq.


Mütəxəssislər isə hesab edirlər ki, az-çox inkişaf etmiş ölkələrdə büdcədən elmə ayrılan vəsait 4-7 faiz təşkil edir. 4 faizdən aşağı ayırmalar elmin inkişafına təsir edə bilməz. Bu, heç elmin potensialını da qoruyub saxlamaq üçün yetərli deyil. Milli Elmlər Akademiyasının keçmiş baş elmi işçisi, professor Nurəddin Məmmədlinin fikrincə isə, gələn il Azərbaycanda elmə ayrılan vəsaitin 0,7 faiz olması özü hər şeyi deyir. Hazırda Azərbaycan alimləri ən köməksiz və qayğısız bir sosial qrupa çevrilməkdədir: «Bu gün professor adi polis serjantından az maaş alır»


Cənab Məmmədli əlavə edir ki, ailəsini dolandırmaq üçün bir neçə yerdə işləyən elm adamları praktiki olaraq mövcud psixoloji gərginlik şəraitində elm barədə düşünə bilmirlər.


Onu da deyək ki, parlamentdə hələ ki, gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir. Bəzi millət vəkilləri hələ ki, elmə ayrılan vəsitin artırılacağına ümidlə yanaşırlar. Amma hətta ayrılacaq vəsaitin Azərbaycan elminin inkişafına təsir edəcək səviyyədə olacağına şübhə ilə yanaşanlar da az deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG