Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

«Mühacirlərlə görüşəndən sonra bəzi partiyalara münasibətim dəyişdi»


Foto illüstrasiya
Foto illüstrasiya

-

İz - «İntihardan öncəki addım»--mühacirət...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

«Müsahiblərimin yad ölkədə necə həyat qurduğunu, yüksəldiyini, inteqrasiya olunduğunu görmək mənimçün çox xoş oldu».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Mühacirətdəki azərbaycanlılar» layihəsinin müəllifi jurnalist Sevinc Telmanqızı söylədi. Layihə çərçivəsindəki yazılar «Yeni Müsavat» qəzetində diqqətə yetirilir.

«ONLARLA FƏXR ETDİM»

Ötən ay Avropanın 6 ölkəsindəki 10 şəhərdə azərbaycanlı mühacirlərlə görüşən jurnalistonlarla fəxr etdiyini bildirdi: «Düşünürdüm ki, nə yaxşı onlar bu işi bacarıblar. Dil öyrəniblər, bir isveçli, bir norveçli ilə onun dilində, onun statusunda danışa bilirlər. Xüsusən, yad ölkədə özünə gün-güzəran qurmuş adamları görəndə, hətta övladlarının öz ayaqları üzərində durmasına yardım etdiklərini görəndə, qürur hissi keçirirdim. Görüşdüyüm insanların arasında status alanlar da vardı, almayanlar da. Status ala bilməyənlərin necə çabaladıqlarını da gördüm. Dil öyrənmək üçün çalışır, yataqxanalarda qalır, əziyyət çəkirdilər... Bununla belə, məqsədə doğru inamla irəliləyirdilər, cəmiyyətlə bütünləşmək üçün hər şey edirdilər. Bu da çox gözəl bir şeydir».

«ONLARLA BAĞLI FƏRQLİ TƏSƏVVÜRÜMÜZ VAR»

Sevinc xanım Bakıda olarkən xaricdə yaşayan azərbaycanlıları başqa cür təsəvvür etdiyini söylədi: «Onlar da mənimlə görüşə çox sevindilər. Bu görüş onlardan ötrü də gözlənilməz idi. İndiyədək Azərbaycan mətbuatında mühacirlərlə bağlı belə genişmiqyaslı layihə olmamışdı. Mənimlə çox səmimi oldular, maraqlı söhbətlər etdilər. Bizdə onlarla bağlı fərqli təsəvvür var. Şəxsən mənim fikrim dəyişdi».

XARİCDƏ AZƏRBAYCAN QONAQPƏRVƏRLİYİ...

İlk yazılarından sonra bəzi oxucuların neqativ fikirləriylə rastlaşdığını deyən jurnalist bundan üzüldüyünü gizlətmədi:

Sevinc Telmanqızı
Sevinc Telmanqızı

«Yazırdlar ki, bu qədər maliyyəni haradan tapıblar? Halbuki məsələ onların düşündüyü fantastik rəqəmlərdən getmirdi. Redaksiya nəqliyyat xərclərinin cüzi hissəsini ödədi. Sürixə təyyarə ilə getdim. Oradan sonra, demək olar, bütün məsələlər redaksiyanın xərci çıxmadan həllini tapdı. Axı məni azərbaycanlılar qarşıladılar, onların evində gecələdim. Mənimçün də mühacir dünyasını, mühacir yaşantısını görmək çox önəmliydi. Oteldə qalsaydım, o mənzərəni görə bilməyəcəkdim. Beləcə, otel xərcləri ixtisara düşdü. Yerdə qalırdı bu ölkədən o biri ölkəyə, bu şəhərdən o birinə getmək, onu da həmvətənlərimiz öz maşınlarıylahəll etdilər. Nəqliyyat xərcləri də belə ötüşdü. Odur ki, səfərin maliyyəsi fantastik məbləğə başa gəlmədi...».

«BURDA BAŞ VERƏNLƏRƏ ƏN AZ BİZİM QƏDƏR ÜZÜLÜRLƏR»

Aparıcının: ««Azərbaycanlılar niyə öz ölkəsindən gedirlər» sorusuna təxmin etdiyin cavab hansı yöndə dəyişdi» sualını verilişin bələdçisi belə cavabladı: «Dediyim kimi, onlar barədə düşüncələrim dəyişdi. Mən sosial şəbəkədə mühacirlərimizin alovlu nitqlərini, hansısa məsələdə bəzən Azərbaycanda yaşayanları qınadıqlarını (niyə mübarizə etmirsiniz, niyə mitinqlərdə adamlar az olur və s.) oxuyanda çox qıcıqlanırdım. «Uzaqdan baxanda döyüş asan gəlir» məsəlini xatırlayır və «asan olsaydı, siz də burda olardınız»a bənzər fikirlər keçirirdim ağlımdan. Yəni onlara münasibətdə bir qıcıq payı vardı içimdə. Gedib görəndən sonra da, o fikirdəyəm ki, uzaqdan baxana döyüş asan gəlir... Amma eyni zamanda mən onların yanğısını hiss elədim. Gördüm ki, onlar da ən az bizim qədər burda baş verənlərə üzülürlər. Biz bir qat həyəcanlanırıqsa, onlar ikiqat üzülürlər. Uzaqda olduqları, əlləri çatmadıqıları üçün o yanğını bizdən artıq hiss edirlər. Mən orda olanda, «Vətən həsrəti» deyilən bir şeyin çox ağır bir şey olduğunu anladım. Bu, yerlə-göy arasındakı kimi bir şeydir. Hisslərin paralelləşir. Çox adamda mən bunu duydum. Nə özünü tam ora aid edə, nə də geri qayıda bilirsən. Təzyiqdən gedənlərdə mən bu ağrını daha çox hiss etdim. Odur ki, onlarla bağlı fikrim dəyişdi. Azərbaycana onların gözüylə baxmağa çalışdım və gördüyüm mənzərənin o qədər də xoş olmadığını anladım».

«AZÜL» - AVROPANININ MÜHACİRLƏRƏ TAXDIĞI AD...

Sevinc Telmanqızı Azərbaycanı tərk edənlərin nə itirib, nə qazandıqlarını belə sıraladı: «Birincisi, onlar həqiqətən Vətəndə təzyiqə məruz qalıblarsa, orda mənəvi rahatlıq tapırlar. İkincisi, burda durumları pis idisə, orda maddi baxımdan nə isə əldə edirlər. Mühacirətin şərtləri var. Mənzillə təmin olunurlar, müavinət alırlar, uşaqları daha gözəl məktəbdə oxuyur, sosial şərtlər gəldikləri ölkədən daha yüksəkdir və s. Onlar bunu qazanırlar, amma bunu qazananadək çox ağrılı mərhələdən keçirlər. Avropa heç də qapılarını taybatay açmır onların üzünə... 10 il əvvəllə müqayisədə şərtlər çox ağırlaşıb. Onlar kamplarda (düşərgələrdə) və ağır şəraitdə yaşayırlar. Bəzən doymurlar, antigigiyenik şəraitə düşürlər və s. «Azül»lərin ən çətin dönəmi kamp dönəmi sayılır. Burda bir çox sınaqlardan keçirlər. İki dəfə az qala istintaq səviyyəsində olan intervü verirlər. Hər şey detalınacan soruşulur. Onlar hər şeyə inanmırlar».

«HƏR ŞEYİ UŞAQLARIM ÜÇÜN EDİRƏM»

Sevinc Telmanqızı mühacirlərin etdiklərini fədakarlıq saydığını da söylədi: «Tutaq ki, 45 yaşlarında bir adamdır. Az-çox qazancı, statusu var. Yad ölkədə hər şeyi sıfırdan başlayır və bunu uşaqları üçün etdiyini deyir. «Uşaqlarım gələcəkdə mənə təşəkkür etsin, desin ki, sənin sayəndə bu cür karyera qazanmışam, demokratik ölkədə yaşayıram» - bunları eşitmək istəyirlər. Fikrimcə, özlərini uşaqlarına fəda edirlər. Bunu hər adam bacarmaz. Onları görəndən sonra ürəyimdə alqışladım. Dedim, halal olsun, mən bunu edə bilməzdim. Bacarıblarsa, demək, çox ciddi iradələri var. Onların çoxu qazandıqlarını haqq edirlər».

Sevinc Telmanqızı
Sevinc Telmanqızı

MÜHACİRLƏRİN KATEQORİYASI...

Sevinc Telmanqızı mühacirləri kateqoriyalara belə ayırdı: «Əsas kateqoriya Vətəndə siyasi təzyiq görüb gedənlərdir. Biz onları tanıyırıq. İkincilər daha çox siyasi təzyiq adıyla pərdələnib yaxşı yaşayış üçün ölkəni tərk edənlərdir. İlk baxışda onların göstərdikləri arqumentlər sadəlövh oxucuya belə inandırıcı gəlməz. Bilirsən ki, bu nəyinsə altında pərdələnməyə çalışır. Amma bu, jurnalistin işi deyil. Mənim onları mühakimə etmək haqqım yoxdur. Əvvəlcədən şərtləşdiyimiz kimi, mən yazılarımı elə oradanca yazıb redaksiyaya göndərirdim. Sosial şəbəkələrdə məni qınayırdılar ki, filankəsi danışdırmaq ayıb deyilmi və s. Başlayırdılar qəzeti, jurnalisti ittiham etməyə. Mən dönə-dönə izah etdim ki, bizim işimiz mühacirləri təsnifatlandırmaq, onları yaxşı-pisə bölmək deyil. Mənzərə budur, gerçək və gerçəklik budur! Biz onu göstəririk. Onun hansı yolla getdiyini üzə çıxarmaq bizim işimiz deyil - Miqrant İdarəsinin, yeri gəlsə, ona saxta sənəd verib xaricə yollayan partiyanın işidir».

«BƏZİ PARTİYALARA MÜNASİBƏTİM DƏYİŞDİ»

Sevinc Telmanqızı vəziyyəti görəndən sonra bəzi müxalifət partiyalarına münasibətinin dəyişdiyini söylədi: «Məlum oldu ki, çoxlarını bunda ittiham etsələr də, özləri o qədər də şəffaf işləmirlər. Heç bir siyasi mənsubiyyəti olmayan, onların partiyasına aid olmayan adamlara da vəsiqə verirlər. Onlar həmin vəsiqə əsasında status alırlar və Azərbaycani təmsil edirlər. Necə təmsil edirlər? - bu, artıq onların öz işidir».

MÜHACİRLƏR ÖZLƏRİNİ DÜŞÜNÜRLƏR, YOXSA İCTİMAİ MARAQLARI?

«Görüşdüyünüz mühacirlər daha çox özlərini, yoxsa ictimai maraqları düşünürdülər» sualı belə cavablandı: «Özlərini. Bunu etiraf edirdilər və bu, normal-insani bir şeydir. Hər kəs özünü, uşağının gələcəyini düşünmək məcburiyyətindədir. Bəziləri sağ qalmaq, normal yaşamaq üçün getdiyini etiraf edirdi. Mübarizə üçün getdiyini deyən çox az idi. Aralarında pafoslu danışığa meyl edən olsa da, çoxu mübarizə, Azərbaycanın gələcəyi, rifahı və s. üçün getdiyini demirdi. İsveçdə yaşayan Rahib Kazımlı onlara sosial şəbəkələrdə olan münasibətlə bağlı belə dedi: Biz sizə bura gəlməklə neyləmişik ki? Cibinizdənmi, həyatınızdanmı oğurlamışıq? Bəlkə də bir sözümüz, bir tənqidimiz sizi qıcıqlandırır. Amma siz də anlayın ki, biz bunu ürək yanğısından deyirik. İstəyirik ki, Azərbaycanımızdakı vəziyyət də indi yaşadığımız ölkədəki kimi olsun... Çoxu da deyirdi ki, «bizi unudun, elə bilin yoxuq. Azərbaycanda bu qədər problemlər var. Problemi yaradanların yaxasından yapışın. Bizi niyə «günah keçisi» eləyirsiniz?Biz sizə neyləmişik? Çox çətin mərhələlərdən keçmişik. Olmazın əzab-əziyyət görmüşük. Sizsə bizi qınayırsınız. Bizlər bunu haqq etmirik».

«KÖVRƏLMƏ, RƏNA XALANIN BOYNUMU İSLADAN GÖZ YAŞLARI»

Jurnalist səfərdə onu ən çox duyğulandıran epizodlardan söz açdı: «Daha çox oradakı insanların kövrəlmə mənzərələrini unuda bilmirəm. Heç tanımadığım adamların Azərbaycandan gəldiyimi biləndə necə dəyişdiyini, kövrəldiyini görmək unudulmaz hisslər idi. Baxırsan ki, yaşlı birisidir və Azərbaycanla bağlı bir detalı xatırlayıb hönkür-hönkür ağlayır. Yaşlı və gənc nəsil arasında da qürbətə münasibətdə bir fərqlilik gördüm. Yaşlılar çətin öyrəşirlər, gənclərsə təəssüflənirlər ki, niyə daha əvvəl burda olmamışam? Məsələn, Mehdi Xəlilbəyli əslən naxçıvanlıdır. O deyirdi ki, Naxçıvanda bizim bir fermamız var, mən onu bütün Avropaya dəyişmərəm. Elələri vardı, «bilsəydik, gəlməzdik, özümüzü susuz balıq kimi hiss edirik» - deyirdi. Mirzə Sakitin yoldaşı Rəna xala məni görəndə qucaqlayıb dəqiqələrcə ağladı... Boynumun arxası yaş olanadək... Mən ondan müsahibə götürmək əvəzinə, o məni sorğu-suala tutdu. «Səndən Bakının iyini aldım» - dedi. Mən çox belə insan gördüm. Odur ki, onları qınamayın. Bu, onların öz seçimidir. Heç nə asan başa gəlməyib. Bizim gördüyümüz çətinliklərdən fərqli çətinliklər görüblər. Qayıdarkən o insanlara Bakıdan, Azərbaycandan bir daha nəzər saldım və mənəonlara ancaq və ancaq uğur və səbir diləmək qaldı».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG