Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26

-

Evin dərinliklərindən gələn qorxulu bir bağırtı onların söhbətini yarımçıq qoydu. Bu səs qəbirdən gələn qəzəbli iblis səsinə oxşayırdı...

Ambrose Bierce

İNSAN VƏ İLAN

(Günel Mövludun tərcüməsində)

1

Artıq çoxdan məlumdur ki, indi çoxsaylı dəlillərlə sübüt olunmuş, nə müdriklərin, nə də elm adamlarının etiraz eləmədiyi bir həqiqət var: ilanların gözündə maqnetizm var.

Kim ki bu maqnetizmin təsirinə düşdü, ilan onu sancacaq və insan məzlum bir ölümlə bu dünyadan köçməli olacaq.

Harker Brayton əynində xələt, ayağında ev tufliləri divanda oturub ayaqlarını uzadaraq, qoca Morristerin «Elmin möcüzələri» əsərindən yuxarıda bəhs etdiyimiz sətirləri oxuyur və gülümsəyirdi.

O düşünürdü ki, yeganə möcüzə ondadır ki, bizim zəmanəmizdə ən cahil adamların da güldüyü şeylərə Morrister dövrünün müdrikləri və elm adamları inanırmışlar.

Brayton düşünməyi xoşlayan adam olduğundan, qeyri-ixtiyari olaraq, kitabı əlindən buraxıb, baxışlarının istiqamətini dəyişmədən, düşünməyə başladı.

Braytonun gözləri kitabdan yayınar-yayınmaz, otağın alaqaranlıq küncündəki bir şey onun diqqətini cəlb elədi.

Qaranlıqda, çarpayının altından ona tərəf ikisinin arası bircə düym olan iki parıltılı nöqtə baxırdı. Yəqin, başının üstündəki işıq ordakı mismar başlarını işıqlandırıb, deyə düşündü və bu barədə çox fikirləşməyib təzədən kitabı əlinə aldı.

Bir neçə saniyədən sonra sanki hansısa inmpulsa, məhz hansı olduğunu düşünməyərək, tabe olan Brayton təzədən kitabı əlindən yerə qoyub, gözləri ilə həmin yeri axtardı.

Parlayan nöqtələr hələ də orda idi. Onlar indi sanki daha çox parlayırdı və bayaq fərqinə varmadığı yaşıl işıqla doluydu. Bir də ona elə gəldi ki, parıltılı düymələr yerindən tərpənərək, bir azca divana yaxınlaşıb.

Amma kölgə hələ də bu nöqtələri elə gizlədirdi ki, o qədər də diqqətli olmayan baxışlar nə bu nöqtələrin hardan peyda olduğunu, nə də nə olduğunu müəyyən edə bilməzdi. Buna görə də, o, təzədən kitabı oxumağa başladı.

Amma mətndə nə vardısa, o hissə Braytonu məcbur elədi ki, qəfildən səksənib, üçüncü dəfə kitabı əlindən buraxsın, kitab divanın üstündən yerə düşdü.

Brayton yerindən dikəlib, çarpayının altındakı qaranlığa diqqətlə baxmağa başladı, ona elə gəlirdi ki, ordakı iki nöqtə indi daha gur işıqla parıldayır. Onun diqqəti get-gedə daha gərgin, daha inadkar olurdu.

Axır ki, bu nəzərlər çarpayının düz ayağının yanında, altında üzük kimi qıvrılıb, yatan şeyin nə olduğunu dəqiqləşdirdi - bu iri bir ilan, yanan nöqtələr isə ilan gözləriydi. İyrənc dərəcədə yastı baş bədənin əmələ gətirdiyi «üzükdən» bəri çıxaraq, düz Braytona tuşlanmışdı.

Geniş və kobud alt çənənin cizgiləri, yastı alın ilanın baxışlarının qəzəbindən xəbər verirdi.

İndi ilanın gözləri təkcə parıldayan nöqtələr deyildi, indi bunlar mənalanmış, nifrətlə dolu baxışlar idi.

2

Müasir, komfortlu şəhər evinin yataq otağında ilanın peyda olması, xoşbəxtlikdən elə də adi məsələ deyil ki, hər cür izahlar burada artıq görünsün. Harker Brayton - otuz beş yaşlı subay kişi, əməlli-başlı erudit, həsəd aparılası sağlamlığa sahib insan, əhli-kef, varlı, həvəskar idmançı, uzaq və az tanınan ölkələrə səfərlərdən San-Fransiskoya təzə qayıtmış səyyah idi...

Son illərdə yaşadığı ehtiyaclar Braytonun zövqünü daha da ərköyünləşdirmişdi ki, «Qəsr» oteli belə bu zövqü təmin etmək iqtidarında deyildi, odur ki, qəhrəmanımız məşhur elm adamı, doktor Drurinqin təklifini məmnuniyyətlə qəbul eləmişdi.

Doktor Drurinqin malikanəsi - iri, köhnə üslublu, şəhərin o qədər də kübar sayılmayan yerində tikilmiş ev öz görünüşü ilə bir növ qürurlu uzaqlıqdan xəbər verirdi. O sanki həndəvərində olan qonşularla heç bir ortaq şeyinin olmasını istəmir, bir qədər qəribə xarakteri ilə fərqlənirdi ki, bu da məxsusiliyinin nəticəsi idi.

Bu qəribəliklərdən biri də, memarlıq baxımından çox da uyğun olmayan, istifadəsi də xeyli orjinal olan «qanad eyvan» idi. Bu qanad-eyvan həm də bir növ laboratoriya, heyvanxana və muzey idi.

Bu yer marağı daha çox aşağı səviyyəli orqanizmlərə meyllənən doktorun elmi cəhdlərinə, onun heyvanlar aləmini izləməyinə şahid məkan idi.

Doktorun ərköyün zövqünü oxşamaq üçün ali orqanizmlər gərək onları tısbağa və ilanlar kimi qədimi əcaib məxluqlara yaxınlaşdıran bəzi rudimentar xüsusiyyətlərə sahib olaydılar.

Doktorun içindən gələn bu istək onu sürünənlərə meylləndirmişdi. O, təbiətin vulqar balalarını sevir və özünü «Zoologiyanın Zolyası» adlandırırdı.

Doktor Drurinqin elmi marağını bölüşməyən arvadı və qızı qarşısıalınmaz bir sərtliklə doktorun «ilanxana» adlandırdığı yerdən qovulur və özlərinə daha çox oxşayan tiplərin arasında vaxt keçirməli olurdular.

Amma insafən deyək ki, Drurinq onların ağır taleyini bir qədər şirinləşdirmək üçün özünün heç də az olmayan kapitalından xeyli vəsait ayırırdı ki, arvadı və qızı yaşayış tərzi ilə parlaya bilsinlər.

Memarlıq baxımından «ilanxana» hədsiz sadəliyi ilə seçilirdi. Bu sadəlik məkanın sakinlərinin həyat tərzinə çox yaraşırdı. Hərçənd, bu sakinlərdən çoxuna tam sərbəstlik üçün lazım olan azadlığı vermək olmazdı. Axı, sakinlərin olduqca naqolay bir tərəfi vardı ki, onlar canlı məxluqlar idilər.

Amma sakinlər buradakı həyatlarında sıxılmanı ancaq müəyyən dərəcədə hiss edirdilər - bu da ona görə lazım idi ki, bu növ özü üçün xas olan bir-birini yemə aqibətindən xilas olsun.

Bir də bu vardı ki, (Braytonu artıq xəbardar eləmişdilər) bəzən onları malikanənin elə yerlərindən tapırdılar ki, onlar özləri belə buraya necə gəlib çıxdıqlarını çətin ki, izah edə biləydilər. Nə qonşuda ilanxananın olmağı, nə də bununla bağlı mənfi rəylər Braytonu narahat edirdi və doktor Drurinqin malikanəsində yaşamaq onun ürəyincə idi.

3

İyrənmə hissinin nəticəsi olaraq titrəməsini və bir qədər təəccüblənməsini çıxsaq, cənab Brayton çox da narahat deyildi.

Ağlına gələn birinci fikir qulluqçunu çağırmaq oldu, amma zəngin yaxında olmağına baxmayaraq, o əlini atıb, zəngi çalmadı.

Düşündü ki, bu, birinci növbədə elə onun özü üçün qorxmağın ifadəsi olmazmı, axı o doğrudan da qorxmurdu. Vəziyyətin yaratdığı naqolaylıq, təhlükədən dəfələrlə artıq idi, olduqca xoşagəlməz, olduqca da absurd bir vəziyyət yaranmışdı.

Bu qıvrılmış üzük Braytona tanış olmayan növə aid idi. Uzunluğu barədə o ancaq nəsə ehtimal edə bilərdi, çarpayının altında bükülmüş bədənin qalınlığı onun qolu qədər olardı. Əgər ilan təhlükəlidirsə, nəyi ilə təhlükəlidir?

Bəlkə, zəhərlidir? Bəlkə bu konstriktordu?

Braytonun bilgi ehtiyatları bu suallara cavab verməyə qadir deyildi, o heç vaxt bu barədə çox öyrənməmişdi.

Bu lənətə gəlmiş şey zərərsiz olsa belə, olduqca iyrəncdir. O, de trop - nəsə anlaşılmaz, nəsə sırtıq bir şey idi. Bu ləl-cəvahirin yeri bura deyildi.

Hətta dövrümüzün varvarsayağı zövqü, divarları gəzəyən nəhəng şəkillər, evin hər tərəfini zəbt etmiş mebellər, mebellərin içini doldurmuş lazımsız qab-qacaq belə, burada cəngəllik heyvanlarının peyda olmasına hazır deyildi. Bundan başqa -dözülməz fikirdi! - bu məxluqun nəfəs aldığı havanı o da udurdu.

Bu fikirlər Braytonun beynində peyda olur, onu hərəkətə səsləyirdi. Bu proses düşünmək və bu və ya digər qərarı vermək adlanır. Nəticədə biz ya ağıllı, ya da ağılsız oluruq.

Solmuş yarpaq da qəfil payız küləyinə tutulub, havada uçub, yerə ya gölə düşəndə, öz tale qardaşları ilə müqayisədə az, ya çox dərəcədə zəka nümayiş etdirə bilir.

İnsan hərəkətlərinin sirri aydındır - nəsə bizim əzələlərimizin yığılıb açılmasına səbəb olur. Və görəsən, əzələlərdə hazırlıq mərhələsindəki molekulyar dəyişiklikləri iradə adlandırmağımız nə dərəcədə vacib faktdır?

Brayton qərara gəldi ki, ilanı narahat eləmədən, geri hərəkət edib, mümkün olsa, qapıdan çıxsın.

Adətən insanlar hansısa əzəmətin qarşısında belə geri çəkilirlər, çünki hər cür əzəmət hökmlə müşayiət olunur, hökmdə isə nəsə qorxulu bir şey var. Brayton bilirdi ki, qapını tapa biləcək.

Qoy bu qorxunc heyvan özünü onun arxasınca atsın, ev sahibləri divarları bəzəyəndə ordan ölümsaçan şərq silahı asmağı da unutmamışdılar. İndi o silahı götürüb həlledici zərbəni vurmaq mümkündür. Bu arada ilanın gözlərindəki amansız qəzəb getdikcə daha çox alışıb, yanırdı.

Brayton geri çəkilmədən əvvəl sağ ayağını yuxarı qaldırmaq istədi. Bu an o başa düşdü ki, bu hərəkəti etmək iqtidarında deyil. O düşündü: "Məni cəsarətli adam hesab edirlər, deməli, cəsarət qürurdan başqa bir şey deyil? Yəni doğrudanmı heç kim rüsvaçılığımı görməsin deyə, mən geri çəkilə bilmərəm?"

O, sağ əlini kətilin söykənəcəyinə dayayıb, dayanmış, ayağını hələ də aşağı salmamışdı.

- Axmaqlıqdı! - o bərkdən dedi, - qorxduğumu özümə etiraf etməyəcək qədər də qorxaq deyiləm.

O ayağını bir az da yuxarı qaldırıb, dizini azacıq qatlayaraq, addım atdı. Amma necə oldusa, bu addım geri əvəzinə qabağa oldu. Bunun necə baş verdiyini anlaya bilmədi.

Sol ayağı ilə addım atmağa cəhd edəndə, yenə belə alındı; sol ayaq sağ ayaqdan da bir addım qabağa yeridi. Kətilin söykənəcəyinə yapışmış barmaqları bir az da bərkidi, əli kətili buraxmaq istəmirdi. Adam düşünə bilərdi ki, Brayton nəyin bahasına olursa-olsun, istinad nöqtəsini əldən vermək istəmir.

Qəzəbli ilan başı bayaqkı kimi, üzükdən bəri boylanırdı. İlan tərpənmirdi, amma gözləri indi elektrik qığılcımları kimi yanır, milyonlarla işıqlı iynəyə çevrilib, səpələnirdi.

İnsanın sifəti bozardı. O yenə qabağa bir addım atdı, sonra kətili dalınca sürüyərək, daha birini atdı, nəhayət, kətili taqqıltı ilə yerə buraxdı. İnsan inildədi, amma ilandan nə bircə səs çıxdı, nə də qımıldandı.

Təkcə gözləri elə bil, iki gözqamaşdırıcı günəş idi. İndi bu iki günəş ilanın özünü görməyə imkan vermirdi. Göy qurşağı rəngində dairələr onlardan çıxıb, bir-birinin ardınca sabun köpüyü kimi partlayırdı; adama elə gəlirdi ki, bu halqalar onun sifətinə toxunub, o dəqiqə də görünməz uzaqlara qaçırdı.

Hardansa böyük təbilin səsi eşidilir, təbil səsləri arasından isə eol arfasının sədaları qədər izahagəlməz dərəcədə incə bir musiqi süzülüb gəlirdi. Memnon heykəlinin yanında səhərlər səslənən musiqini tanıdı və ona elə gəldi ki, o, Nil çayı sahilindəki qamışlığın içində dayanıb, sükuta dalmış yüzilliklərin o tayından bu ölümsüz himni eşitməyə çalışır.

Musiqi bitdi, daha doğrusu, yavaş-yavaş, qulaq üçün hiss edilmədən, öləziyən göy gurultusunun küyünə çevrildi. Onun qarşısında indi bir səhra uzanır, günəş göz qamaşdırır, yağış damlayır, göz qamaşdıran göy qurşağı səhranı dövrəyə alırdı.

Bu səhranın tam mərkəzində başında tac olan nəhəng ilan qıvrılmışdı. O, bədənindən ibarət üzüyün üstündən başını qaldırıb, Braytona baxırdı və indi onun gözləri özünün deyil, Braytonun mərhum anasının gözləri idi. Qəfildən bu sehirli mənzərə teatr dekoru kimi yuxarı milləndi və bir göz qırpımındı yoxa çıxdı.

Nəsə zərblə onun sifətinə və sinəsinə çırpıldı. O, döşəməyə yıxıldı, sınmış burnundan və partlamış dodaqlarından qan gəldi. Bir neçə dəqiqə qulağı tutulmuş, gözləri qapalı, üzüqoylu döşəməyə yıxılmış halda uzanılı qaldı.

Sonra ayılıb başa düşdü ki, yıxılmağı onun baxışlarının istiqamətini dəyişərək, ilanın ovsun gücünü pozub. İndi, gözlərini başqa tərəfə dikərək otaqdan çıxa biləcək. Amma başını qoyduğu yerdən bir-iki metr aralıda olan, hər an onun boynuna dolana biləcək ilan barədəki fikir dözülməz idi. O, başını qaldırıb, yenə o dəhşətli gözlərə baxdı və ovsuna əsir düşdü.

İlan tərpənmirdi: deyəsən indi o qəhrəmanımızın təxəyyülü üzərindəki hakimiyyətini itirirdi, bir neçə an öncə qarşısındakı o əzəmətli görüntü daha yox idi. Axmaqcasına alçaq alnın altından ona baxan qara muncuq gözlər əvvəlki kimi, izahedilməz bir qəzəblə dolu idi.

Sanki öz gücündən arxayın olan bu mənhus varlıq məhvedici ovsununu dincə qoymaq qərarına gəlmişdi.

Bu vaxt qorxulu bir şey baş verdi. Döşəməyə uzanmış adam düşmənindən iki addım o tərəfdə dirsəklədi, başını arxaya atıb, ayaqlarını qabağa uzatdı. Qan içindəki üzünün rəngi ölü rəngi kimi ağappaq idi, gözləri isə hədəqədən çıxmaq üzrə idi.

Dodaqlarından daşan köpük döşəməyə axırdı. Bədəni ilan bədəni kimi qıvrılırdı. O belini dikəldib, ayaqlarını bu yerdən uzaqlaşdırmağa çalışırdı. Onun hər hərəkəti bədənini ilana daha da yaxınlaşdırırdı. O, qollarını dartdı ki, bir az arxaya doğru dartınsın, amma yenə də ilana tərəf gedirdi.

4

Doktor Drurinq və arvadı kitabxanada oturmuşdular. Nadir hallardan biri idi ki, alimin kefi yaxşı idi.

- Mən elə indicə bir kolleksiyaçıdan ophiophagus-un nadir bir ekzemplyarını almışam.

- O nədir ki? - arvadı həvəssiz halda soruşdu.

- İlahi, cəhalətin dərəcəsinə bax! Əzizim, toy gecəsindən sonra arvadının yunan dilini bilmədiyinin fərqinə varan adam, boşanma tələb etmə haqqına sahibdir. Ophiophagus - başqa ilanları yeyən ilandır.

- Ümid edək ki, o sənin bütün ilanlarını yeyəcək, - arvadı masanın üstündəki lampanı ora-bura sürüşdürərək, həvəssizcə dedi. - Yaxşı, bəs o bunu necə bacarır? Başqa ilanları ovsunlayır?

- İlahi, sən dəyişən deyilsən. - doktor saxta qəzəblə dedi. - Sən axı yaxşı bilirsən ki, ilan ovsunu barədə ən xırda eyham da məni əsəbiləşdirir. İlan hipnozu barədəki bu söhbətlər cəhalətdir.

Evin dərinliklərindən gələn qorxulu bir bağırtı onların söhbətini yarımçıq qoydu. Bu səs qəbirdən gələn qəzəbli iblis səsinə oxşayırdı. Səs daha dəhşətli şəkildə təkrarlandı. Doktor və arvadı yerlərindən sıçradılar: doktor qayğılı, qadın isə qorxmuş və dəhşətdən keyləşmiş halda.

Sonuncu qışqırığın səsi hələ divarlardan çəkilməmiş doktor otağından çıxıb, pilləkənləri iki-iki qalxıb özünü yuxarı mərtəbəyə yetirdi. Braytonun otağının qarşısında o yuxarı mərtəbədən səsə gəlmiş qulluqçularla qarşılaşdı. Hamı birlikdə otağa atıldı.

Qapı bağlı deyildi və hamı o dəqiqə içəri girə bildi. Brayton üzüqoylu döşəməyə sərilib keçinmişdi. Başı və əlləri çarpayının ayağı tərəfdə, çarpayının altında gizlənmişdi.

Hamılıqla onu geri dartıb, kürəyi üstə çevirdilər. Ölünün üzü qan və köpük içindəydi, gözləri hədəqədən çıxmışdı. Dəhşətli görüntü idi!

- Ürəyi partlayıb - doktor diz üstə çöküb, əlini ölünün sinəsinə qoyaraq dedi. Birdən gözləri çarpayının altına sataşdı. - İlahi! Bunu bura kim gətirib?

O, əlini atıb, hələ də üzük kimi qıvrılmış ilanı çarpayının altından götürərək, otağın ortasına tulladı və ilan ordan cırıltılı səslə parketin üstüylə sürüşüb divara dəydi. Orda da qaldı.

Bu, ilan müqəvvası idi, gözlərinin yerində isə iki dənə başmaq düyməsi vardı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG