Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

Orhan Pamuk. Anselm Kieferin emalatxanasında


Orhan Pamuk və Anselm Kiefer (Guardian)
Orhan Pamuk və Anselm Kiefer (Guardian)

-

Bir azdan içkinin təsiri ilə cibimdəki bloknotu düşünməyə başladım. İçində səbr və həvəslə cızdığım bəzi kiçik rəsmlər vardı.

Görəsən, ən yaxşılarını yanımda oturan rəssama göstərimmi? O mütləq anlardı.

O biri tərəfdən də bunun münasib olmayacağını çox yaxşı başa düşürdüm. Hamı mənə güləcəkdi...

Orhan Pamuk

ANSELM KİEFERİN EMALATXANASINDA

Mən həmişə rəsm çəkməyi xoşbəxtliyə aparan yol saymışam.

Yeddi yaşımdan ta iyirmi iki yaşıma qədər arzum rəssam olmaq idi. Yetkinlik və erkən gənclik illərimdə çoxlu rəsm çəkmişdim.

Ailəm də dəstəkləyirdi məni. İstanbulda, köhnə əşyalarla dolu bir mənzildə emalatxanam vardı. Düşünürdüm ki, tanınmış rəssam olacam.

İyirmi il keçəndən sonra bu xəyallarımın heç biri reallaşmamışdı: İstanbulda romanlar yazır, onları çap etdirirdim. Amma rəsm çəkməyi hələ də irəlidə yaşayacağım xoşbəxt həyatın bir parçası sayırdım.

1980-ci illərdə hər dəfə Anselm Kiefer kimi böyük rəssamın gözəl əsərlərini görəndə yaşamaq istədiyim əsl həyatı qaçırdığım üçün qısqanclıq və peşmanlıq arasında bir duyğu sarardı içimi.

Amma ağlımın bir yanıyla heç zaman o xoşbəxt həyatı yaşaya bilməyəcəyimi də anlayırdım.

Kieferin əsərləri, təsirli, iri tabloları mənə anladırdı ki, rəsm xoşbəxtliyi heç də uşaqlıq və gənclik illərimdə sandığım kimi yalnız obrazlara və təxəyyülə əsaslanıb düşünməkdən ibarət deyil.

Rəsmlərdə fırçanın və alətlərin qərarlı toxunuşları ilə bərabər rəssamın özünün də fiziki varlığı duyulurdu, onun özü də sənət deyilən bu sehirli bərabərliyin bir tərəfiydi.

Mənim bədənim, çiyinlərim, qolum və əlim yarada bilməzdi bu rəsmləri. Anselm Kieferin rəsmlərinin gücü bu acı gerçəyi etiraf etməyimə müəyyən qədər yardım etmişdi.

Amma yenə də Kiefer kimi rəssam ola biləcəyim xülyası, ən azından yaxşı bir rəssam ola bilmək ümidi ağlımın bir küncündə, unutmağa çalışdığım bir günah kimi, illər boyu məni rahatsız etdi.

Bu xoşbəxt huzursuzluqda onun yaradıcılığının erkən dövrlərində iri ölçülü dramatik tabloları ilə yanaşı fotoların köməyilə yaratdığı kitabların -onu yazıçı və kitabsevərlərin sevimlisinə çevirən kitabların da rolu vardı.

Kieferin əsərlərində kitablar mətnlər kimi müqəddəsdir. Onun əsərləri bu duyğunu bizə hərflərin, sözlərin, mətnlərin – Heidegger təbirincə desək – “şeyliyini” xatırlatmaqla çatdırır.

Kieferin bütün həyatı boyunca yaratdığı çeşid-çeşid kitablar və son illərdə qurğuşun və digər metallardan yaratdığı hündür kitab heykəlləri bizdə - bu əsərlərə baxanlarda belə bir illüziya yaradır ki, kitabın müqəddəsliyi təkcə onun içindəki mətndə deyil, həm də materiyasında ola bilər.

Sanki Kieferin kitabları bizi çağırır ki, sözlərin mənasından da o yana baxaq, onların materiyasını, aralarındakı əlaqəni hiss edək.

Bu, divara baxmaq və onun ayrı-ayrı kərpiclərinə yox, ümumi görünüşünə heyrətlənməkdir. (Kiefer divar çəkməyi xoşlayır və hər bir kərpici ayrıca çəkir.

Amma biz onun əsərlərinə baxanda diqqətimiz heç də kərpiclərə, hətta bütövlükdə divara yox, divarın hörgüsünə, materiyasına yönəlir). Məncə, məhz bu təəssüratı yarada bilməsi onun əsərlərinin gözəlliyinun, rəsmlərinin qeyri-adiliyinin başlıca səbəbidir. (Ardı aşağıda)

SÖZLƏR, HƏRFLƏR, AĞACLAR, BUDAQLAR, KÖVRƏK ÇİÇƏKLƏR

Bir şeyə əminəm ki, bu kitab materiyası Kieferin “kitablarından” digər rəsmlərinə də keçib.

Sanki bu böyük rəssam dağları, meşələri, alman əfsanələrini ya da unudulmuş köhnə dəmiryol xətlərini və yolları biz onları kitab kimi oxuyaq deyə çəkir.

Kieferin kitablarından rəsmlərinə, ətrafa bir işıq kimi yayılan bu kitab materiyası beləcə, sanki onun rəsmlərində gördüyümüz hər şeyi oxunan hala gətirir.

Rəsmdəki ağaclara, dəmiryol xəttinə, dağlara bir mətnə baxan kimi baxırıq. Rəsmin sirri az sonra biz bu enerjili, hərəkətli, çaşdırıcı üst qatı anlayarkən ortaya çıxacaq, amma rəsmi oxumaq elə də asan iş deyil.

Məni Kieferin emalatxanasına qalereyaçısı Thaddeus Ropac apardı. Paris ətrafına yollanan maşında həm gərgin, həm də həyatında ilk dəfə kinoteatra aparılan uşaq kimi həyəcanlı idim. Rəssam ilə ilk dəfə 2008-ci ildə Zalsburqda tanış olmuşdum.

Rəsmlərini, əsərlərini muzeylərdə, kitablarda görmüşdüm. Onları emalatxanada görəndə bəlkə də yeni şeylər hiss edəcəkdim. Düşünürdüm ki, bəlkə də bir gün roman yazmağın daşını ata, bütün vaxtımı rəsm çəkməyə həsr edə bilərəm.

Emalatxana o qədər nəhəngdi ki, ətrafda heyranlıqla baxılacaq o qədər şey vardı ki, yeni rəsmlərin təsirinə düşdüm.

Üstəlik rəssamın dünyası ilə yaxından tanış idim, bəzi rəsmlərin, bu xaş-xaş çiçəkləriniin, uşaqcasına yapılmış təyyarə heykəllərinin bənzərlərini çox görmüşdüm.

Rəssamın artıq tanıdığım əl yazısını rəsmlərin üzərində görməkdən bir az rahatlandım.

Kiefer hansı əfsanədən, kimin hansı şeirindən (Ingeborg Bachmann-ın, Paul Celan-ın ya da Arthur Rimbaud-nun) ilham aldığını, rəsmin tarixçəsini, əsaslandığı hekayəti bizə xatırlatmaq üçün rəsmlərinin üzərinə yazılar yazmışdı yenə də.

Anselm Kieferin ucsuz-bucaqsız emalatxanasında rəsmlər arasında sərxoş kimi gəzərkən “Görəsən bu rəsmləri sənətkar yazıyla rəsmin, əfsanə ilə gerçək mənzərənin qardaş olduğunu çox aydın göstərdiyi üçünmü bunca sevirəm” deyə özumə sual edirdim.

Sözlər, hərflər, ağaclar, dağlar, bu kövrək çiçəklər və unudulmuş yollar, hamısı eyni mətnin, eyni materiyanın, hörgünün bir parçası idi.

Gözümün baxmaqdan doymadığı bu gözəllik sanki anlaşılması çətin olan, kompleks təməl mətnin, materiyanın bir uzantısıydı. Səbirsizdim, bu mürəkkəb mətni anlamaq, rəsmi, rəssamın dramatik fırça toxunuşlarını oxumaq istəyirdim.

Digər tərəfdən də bu hörgünün hüdudsuzluğunu, sözlər və obrazlar arasında sürətlə gedib-gələn baxışlarımın bu üfüq xəttinin, üzərində mətnlər və işarələr oxuduğum bu dağın arxasına keçib rahatlanmayacağımı da bilirdim.

Sözlər və obrazlar, mətn və rəsm arasındakı bu bitib-tükənməyən gərginlik Kieferin əsərlərinin təməl gücüdür. (Ardı aşağıda)

ONA RƏSMLƏRİMİ GÖSTƏRMƏLİYƏMMİ?

“Ilk əvvəl söz vardı” deyir sanki Kieferin rəsmləri baxana. Amma rəsmlərə və dünyaya baxmaq, yəni onları diqqətlə nəzərdən keçirmək hərfləri oxumaqdan daha xoş bir hiss yaşadır insana. Rəsmlərə baxarkən onu oxuya bilirikmi? Kitablara rəsm, rəsmlərə kitab kimi baxa bilirikmi?

Rəsmi və mətni birləşdirən şey ikisinin də arxasında oxumaq və baxmaqla tükənməyəcək əfsanələrin olmasıdır.

Tanıyıb-bildiyim rəssamların bəlkə də ən istedadlısı, ən iddialısı və ədəbiyyata ən bağlı olanı olduğu üçün Kieferin dünyasını bu qədər çox sevir, həm özümü ona yaxın hiss edir, həm də gördüyüm hər yeni rəsm məni çaşdırırdı.

Nəhəng emalatxanada Kieferin şedevrləri qarşısında həyəcanlanarkən içimdəki uşaq hələ də rəssam ola biləcəyimi, xəyallarımdakı aləmi rəsmlə də ifadə edə biləcəyimi sadəlövhlüklə mənə söyləməyə davam edirdi.

İçimdəki yetkin adam, işini sevən xoşbəxt romançı isə Kieferin rəsmləri kimi romanlar yazdığımı, təvazökar və realist olmaq gərəkliyini davamlı şəkildə mənə xatırladırdı.

Baxdığım rəsmlərin gözəlliyi ilə fikrim ayrı səmtə yönəlmişdi, uşaqlıq xəyallarımın arxasınca gedib rəssam olmadığıma heyfsilənirdim. Bəlkə də heyfsilənməyi sevdiyim üçün.

Həmin günün axşamı Ropac Parisdə Sena sahilindəki evində bizə qonaqlıq verdi. Anselm ilə məni yanaşı oturtduqdan sonra masa ətrafındakı çoxsaylı dəvətlilərə belə dedi: “Biri yazar olmaq istəyib, amma rəssam olub. O biri isə rəssam olmaq istəyib, amma yazar olub”.

Hamımız birlikdə güldük buna. Amma mövzu mənim üçün gülməli, məzəli bir zarafat olmaqdan daha çox, təəssüf ki, hələ də ağrılı bir şeydi.

Bu səbəbdənmi ağ şərabı dayanmadan içirdim? Ağ əlcəkli və diqqətli ofisiantlar da qədəhimi boş qoymurdular.

Bir azdan içkinin təsiri ilə cibimdəki bloknotu düşünməyə başladım. İçində səbr və həvəslə cızdığım bəzi kiçik rəsmlər vardı. Görəsən, ən yaxşılarını yanımda oturan rəssama göstərimmi? O mütləq anlardı.

O biri tərəfdən də bunun münasib olmayacağını çox yaxşı başa düşürdüm. Hamı mənə güləcəkdi.

Thomas Mannın “Tonio Kröger” adlı hekayəsindəki böyük bir rəsmi şam yeməyində qəfildən şeirlərini çıxarıb oxumağa başlayan adlı-sanlı əsgərin gününə düşəcəkdim.

Düşündüm ki, bəlkə də rəsmlərimi Anselmə təkbətək qaldığımız vaxt göstərim. O çok nəzakətli, anlayışlıydı, rəsm çəkmək istəyimi sayqıyla qarşılardı.

Ağlımın sağlam, gerçəkçi yanı isə mənə bunları pıçıldayırdı: Nə ehtiyac var bunlara.

Rəsm çəkmək istəyirsən, get evinin bir küncündə çək - heç kimə də göstərmə. Böyük sənətkarların, kimsənin bəyənməsi üçün də qətiyyən cəhd göstərmə.

Bu mənim üçün o qədər mühüm bir mövzu idi ki, masa ətrafındakı dəvətlilərin havadan-sudan xoşbəxtcəsinə danışması, gülüşməsi məni qıcıqlandırırdı.

Anselm də söhbətə qoşulmuşdu, həyatda istədiyini artıqlamasıyla gerçəkləşdirmiş birisi kimi dünyanın dadını çıxarırdı.

Süfrə ətrafında tənha hiss etdim özümü. Mən də söhbətə qoşuldum. Bəli, ona öz rəsmlərimi heç bir halda göstərməməliydim.

Amma yenə də əlimi gödəkçəmin cibinə salıb bloknotumu çıxarmaq istəyini hiss edirdim.

Arada Kiefer üzünü mənə çevirdi. Çəkingən, hətta qərarsız ifadə vardı üzündə.

“Bilirsən, mən bir kitab yazmışam” dedi. “İstərdim onu oxuyasan.”

“Adı nədir? Kim nəşr edib?”

“Notizbücher. Amma ingiliscəsi yoxdur.”

Araya uzun bir səssizlik çökdü. İndi Anselm Kieferi daha da çox sevdiyimi düşünürdüm. O, təkcə böyük bir rəssam yox, həm də dərin bir insandı.

Düz eləmişdim, onu öz rəsmlərimlə narahat etməmişdim. Üstəlik indi rəssam olmadığımı rahatlıqla qəbul edirdim. Bu illər boyunca ilk dəfə idi başıma gəlirdi bu.

Məclis uzun sürmədi. Qələbəlik bir anda dağılıb Paris gecəsində yox oldu.

Çöldə külək əsir, yağış yağırdı.

Həyəcanlıydım. Sena boyunca addımlamaq, düşüncələrimi toparlamaq, Anselm Kieferin emalatxanasında keçirdiyim gün haqda düşünmək istəyirdim.

Gözəl rəsmlər, mifik, ədəbi mənzərələr gözümün önündə öz xatirələrim kimi canlanırdı. Kieferin yazdığı kitabda nələr ola biləcəyini düşündüm.

Amma gözümün önündə rəssamın gözəl rəsmlərindən savayı heç nə canlanmadı. Üstəlik indi bütün heyranlar kimi bəzən o rəsmləri özüm çəkmiş kimi hiss edirdim özümü.

“Hürriyet”, “Guardian”

Tərcümə: R.Qəmbərov

XS
SM
MD
LG