Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

Polisin xəbərinə görə Qobustan rayonunda Azərbaycan vətəndaşlarının məcburi əməyə məruz qoyulması faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin saytında yayılan məlumata görə idarənin keçirdiyi əməliyyat nəticəsində Əziz Kərimovun bir neçə nəfəri məcburi əməyə məruz qoyması müəyyən edilib.

O özü Xaçmaz rayon sakinidir, Qobustanın Cəngi qəsəbəsi, Xanqulu qışlağı ərazisində yerləşən fermada insanları işlədirmiş. Məlumatda həmin şəxslərin hansı şəkildə məcburi əməyə cəlb edilməsi ilə bağlı məlumat verilmir. Bildirilir ki, aşkarlanan faktla bağlı araşdırma aparılır.

Bunlar Daxili İşlər Nazirliyinin rəsmi məlumatında səslənən ittihamlardır. O ittihamlar məhkəmədə də sübut olunsa, Əziz Kərimov bir neçə illiyə cəzalandırıla bilər. Amma rəsmi məlumatda səslənən ittihamlara Əziz Kərimovun yaxınları, yaxud vəkilinin hər hansı reaksiyası yoxdur.

MƏCBURİ ƏMƏYƏ CƏLB ETMƏ NƏDİR?

Bu, Azərbaycan vətəndaşlarının öz ölkəsində məcburi əməyə cəlb edilməsi ilə bağlı nadir rəsmi məlumatlardan biridir.

Məcburi əməyə cəlbetmə nədir və bunu törədənləri hansı cəza gözləyir?

Hüquqşünas Müzəffər Baxışov

Hüquqşünas Müzəffər Baxışov

Hüquqşünas Müzəffər Baxışov deyir ki, məcburi əməyə cəlbetmə insan alveri sayıldığından buna görə cinayət məsuliyyəti nəzərdə tutulur:

“Şəxsin arzu etmədiyi işi görməyə məcbur edilməsi məcburi əməyə cəlbedilmə sayılır. Belə əməllərə görə, 4 ildən 8 ilədək, bu əməlin ağırlaşdırıcı halında isə, 7 ildən 10 iədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Hüquqşünas deyir ki, məcburi əməyə cəlbedilmənin müxtəlif üsulları var. Fermalarda adətən bu insanlara xüsusi yer düzəldilir və müxtəlif vasitələrlə onların oradan çıxmasına qadağa qoyulur. Ola bilsin ki, sənədlərini də əllərindən alırlar. Onlara hədə-qorxu gələ bilərlər ki, gecə saatlarında dur və malları yedizdir. Müxtəlif məcburetmələr də ola bilər”

“FAKTLAR GÖSTƏRİLƏNDƏN DƏFƏLƏRLƏ ÇOXDUR”

Müzəffər Baxışov bildirir ki, Azərbaycanda belə faktlar gizlədilsə də, son vaxtlar buna qarşı bəzi addımlar atılır:

“ Əvvəlki illərdə İnsan Alverinə Qarşı Mübarizə üzrə koordinator Milli Məclisdə hesabat verərkən, deyirdi ki, məcburi əmək Azərbaycan üçün xarakterik deyil. Həmçinin, bu qəbildən olan cinayətləri aşkar etmirdilər. O vaxt Bosnyadan 1500-ə yaxın şəxsi Azərbaycana gətirib məcburi əməyə cəlb etmişdilər. Bütün cəhdlərə baxmayaraq, onları gətirən şirkətin rəhbərliyinə qarşı cinayət işi açılmadı”.

O vaxt Bosnyadan 1500-ə yaxın şəxsi Azərbaycana gətirib məcburi əməyə cəlb etmişdilər. Bütün cəhdlərə baxmayaraq, onları gətirən şirkətin rəhbərliyinə qarşı cinayət işi açılmadı.

Müzəffər Baxışov bildirir ki, həmin fakta görə hazırda Bosnyada cinayət işi açılıb. Çünki, bu məsələ transmilli məsələdir və harada baş verməsindən asılı olmayaraq təkcə bir ölkənin ixtiyarında deyil. Lakin, builki məlumata görə, Azərbaycanda məcburi əməyə cəlbedilmə ilə bağlı 5 fakt aşkar edilib.

“Görünür ki, bizim hüquq-mühafizə orqanları Azərbaycanda bu cür cinayətlərin törədilməsini artıq etiraf etmək qərarına gəliblər. Ancaq, açıqlanan faktlar göstəriləndən dəfələrlə çoxdur” – deyib hüquqşünas.

“KİŞİLƏR BU FAKTLARI GİZLƏTMƏYƏ ÇALIŞIRLAR”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, insan alveri indiyə kimi yalnız qadın alveri kimi başa düşüldüyündən problemin mahiyyətinə diqqət yetirilməyib:

Mehriban Zeynalova

Mehriban Zeynalova

"Azərbaycanda insan alveri ilə mübarizənin qanuniləşməsinə 2004-cü ildən başlanıb. O vaxtdan 2011-ci ilə kimi cinsi istismar faktları daha çox gündəmdə idi. Bu, bütün MDB ölkələrində olan xüsusiyyət idi. Ona görə də insan alveri həmişə qadın alveri kimi başa düşülüb. Bu səbəbdən məcburi əməyə cəlb olunan kişilər bu faktları gizlətməyə üstünlük veriblər”.

Mehriban Zeynalova bildirir ki, bu, problemin vaxtında qarşısının alınmasına mane olur. Son dövrlərin tendensiyası daha çox məcburi əməyə məruz qalmış insanlarla bağlıdır. Bununla bağlı bir sıra faktlar aşkarlanıb. Bu faktlarla bağlı cinayət işi açılıb və zərərçəkənlərin reabilitasiya olunması istiqamətində addımlar atılıb.

Bundan öncə də mətbuatda xarici ölkə vətəndaşlarının Azərbaycanda məcburi işlədilməsi ilə bağlı xeyli məlumatlar yayılmışdı. Rəsmilər bu cür məlumatların həqiqətə uyğun olmadığını bildirmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG