Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Seymur Baycan. Baninin "Qafqaz günləri"


Seymur Baycan
Seymur Baycan

-

Düzdü, neft milyonçularından bir-iki adamın adıxeyriyyəçi, mesenat kimi hallanır. Lakin bütün bunların hamısı miflərdir.

Onların xeyriyyəçilik və mədəniyyət adına xərclədikləri pullar başqa xərclərinin yanında sadəcə qəpik-quruş idi...

Seymur Baycan

BANİNİN "QAFQAZ GÜNLƏRİ"

Tarixdə iki dəfə neftin hesabına xalqımızın əlinə pul gəlibdir.

Hər iki dəfə öz hərəkətləri ilə pula hazır olmadıqlarını göstəriblər.

Davranışları ilə “pulu xərcləmək qazanmaqdan daha çətindir” sözünün doğruluğunu sübut ediblər.

Gəlin görək Banin “Qafqaz günləri” adlı xatirələr kitabında nələr yazır.

Yeri gəlmişkən Baninin “Qafqaz günləri” adlı xatirələr kitabı yaxınlarda “Xan” nəşriyyatında yenidən nəşr olunub.

Əvvəlki nəşrlərdə xatirələrin bəzi səmimi yerləri münasib hesab olunmadığına görə ixtisar edilmişdi.

Yeni nəşrdə isə əvvəllər ixtisar edilmiş yerlər bərpa olunubdur. Bu xatirələr 20-ci əsrin əvvəllərində Bakıda, ümumən ölkədə baş vermiş hadisələr haqqında məlumat verən azsaylı mənbələrdən biridir.

Iki məşhur neft milyonçusu Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olan Banin yazır:

“Nənəmin üç qızı, yəni mənim bibilərim canlı, qaraşın, üz-gözü tüklü qadınlar idi, özü də yenicə qədəm qoyduqları mədəni həyatla lovğalanırdılar. Elə buna görə də rus-Azərbaycan sözlərinibir-birinə qarışdırıb danışır, popiros tüstülədir, Bakının ən bahalı moda evlərində paltar tikdirirdilər.

Daş-qaşa elə vurulmuşdular ki, boyun-boğazlarını bəzəməklə yanaşı, saçlarına da bahalı sancaqlar düzürdülər.

Bibilərimin üçü də hikkəli arvadlar idi. Bütün günü çənə döyür, yorulmaq, bezikmək bilmədən poker oynayırdılar.

Onlar qışqırmadan danışa bilmirdilər, ən sakit söhbətləri də kənardan qulaq asanlara savaşmaq təsiri bağışlayırdı. Qeybət qırmağa adət eləmişdilər, heç kimi, hətta öz ata-analarını da bəyənmirdilər.

Bacılardan biri çölə çıxan kimi, digər ikisi həmin dəqiqə onun, uşaqlarının, ərinin qeybətini qırırdı.

Amma yenə də öz bacardıqları kimi bir-birini sevir, bir-birindən ayrı düşə bilmir, ailə savaşından sonra küsüşəndə darıxırdılar.

Aralarına söz-söhbət ataları öləndən sonra düşmüşdü, vərəsəlik bölgüsü üstündə qalmışdılar. Ərləri onları məcbur edirdi ki, atamdan vərəsə paylarını istəsinlər.

Atamsa həm ailə, həm də firma başçısı idi və vərəsəni bölsə, öz rəhbər funksiyasını itirə bilərdi. Bacılardan biri ona yaxınlaşıb yazıq-yazıq öz payını istəyəndə atam mülayim səslə soruşurdu:

- Axı, pul sənin nəyinə lazımdı?

- Ərim istəyir.

- Ərin avaranın biridir.

Ər isə arvadının əliboş qayıtdığını görəndə qışqırırdı:

- Qardaşın oğrudur. Ya vərəsə payını al, ya da səni boşayıram.

Beləcə, bacılar qardaş hiyləsi ilə ər qəzəbi arasında qalırdılar. ..

Babamın ikinci arvadı - rus qadını da vərəsə almaq üçün məhkəmə işi qaldırmış, işlər daha da korlanmışdı.

Vəziyyət o qədər pisləşmişdi ki, heç kəs baş çıxarıb bir nəticəyə gələ bilmirdi. Varislər söyüşür, didişirdilər.

Heç biri güzəştə getmək istəmir, bir-birinin paxıllığını çəkirdilər, şübhədən boğulurdular. Beləliklə, illər məhkəmələrdə keçdi, nəhayət, inqilab baş verdi və onların bütün mübahisələrini həll etdi.

Bibilərimin ən kiçiyi əri və üç uşağı ilə bizim qonşuluqda, hündür hasar arasındakı mülkdə yaşayırdı.

Həyətlərimiz arasında bir qapı da vardı. Bu adi qapı olmaqla yanaşı, həm də iki ailə arasındakı vəziyyəti bildirən barometr idi. Münasibətlər yaxşı olanda qapı açılır, korlananda isə örtülüb arxadan bağlanırdı...”

Banin xatirələrində bir xeyli müxtəlif cür mətləblərə toxunur. Bibisi uşaqlarının davranışları haqqında yazır.

O uşaqlar ki, hər cür tərbiyəsizlik edirlər. Uzağa tüpürmək yarışı keçirirlər. Qızların isə fikri-zikri ərə getməkdir.

Oxuyaq:

“...Çox sərbəst böyümüş bu uşaqlar (bibisi oğlanları ) yalan danışır, kələkbazlıqdan, xəbərçilikdən çəkinmir, yeri gələndə oğurluq da edirdilər. Onlar göz qabağında qalmış pulları çırpışdırıb, ciblərinə basır və deyirdilər:

- Bizim hamımız bir ailənin övladlarıyıq, kimin nəyi varsa hamınındır...

Bəzi sənətkarlar qələmlə, yaxud rənglə divar şəkilləri çəkdiyi kimi Əsədlə Əli də həmişə çox ləngidikləri ayaqyolunun əhənglənmiş divarlarına bulaşıq barmaqlarıyla naxışlar salmağı xoşlayırdılar. Bu ağ divarlarda onların yaradıcılığı çoxşaxəli idi.

Bəzən gül şəkilləri çəkirdilər, bəzən də eybəcər rəsmlər. Aftafası həmişə hazır həmin ayaqyolunda adamın burnuna əhəng və rütubət iyi vururdu.

Rütubətə yığışan saysız -hesabsız qırxayaqlar, bibimoğlanlarının müxtəlif rəsmlər çəkdiyi ağ divarlar buraya xüsusi bir görkəm verirdi. Oranın iyi hələ də burnumdadı və indi də qırxayaq görəndə həmin yer yadıma düşür.”

Bu qarmaqarışıqlığın, bu həngamələrin içində bircə nəfər mədəniyyət daşıyıcısı idi.

Oadam da alman qadını, dayə Annadır. Lakin bu mədəni qadın bütün bu həngamələrin, neftin hesabına varlanmış, hərəkətləri hər cürə əndazələri aşmış adamların qarşısında çox gücsüz görünür.

Baninin xatirələrində çox bədii təsvirlərə, dəqiq müşahidələrə rast gəlirik. Məsələn Banin, böyük bibisin ərini belə təsvir edir:

“Bu nəhəng gövdəli, mülayim xasiyyətli dayı mənim xatirəmdə əlini qulağına tutub, yaxşı eşitməyə çalışan bir adam kimi qalıb”.

Bunlarla yanaşı, Banin hadisələrə öz münasibətivədaxili dünyası haqqında da yazır.

Onun xatirələrini oxuduqda adamda belə bir fikir yaranır. Banin doğrudan da, sözün həqiqi mənasında qeyri-adi bir qadındır.

Onun qəribəlikləri həqiqi qəribəliklərdir. Tale necə oldu, bu qadına qeyri-adi, keşməkeşlibir həyat bəxş etdi sualına cavabı bu qəribəliklərdə axtarmaq lazımdı.

Varlı qohumları haqqında yazan Banin kasıb qohumlarını da unutmur. Onların da davranışları haqqında məlumat verir:

“Kasıb qohum arvadların xoşuma gəlməyən cəhəti təkcə selikli öpüşlər deyildi, bizə maraq üzündən hər cür həyasızlığa yol verirdilər. Yuxuda olduğumuz vaxt yataq otaqlarımıza girir, şkaf və siyirmələri açıb, şey- şüylərimizə baxır, paltarlarımızı əllərində oynadıb parçanın qiymətini öyrənmək istəyir, əllərini sinəmizə sürtüb döşlərimizin çıxıb-çıxmadığını yoxlayırdılar.

Onlar öz varlı qohumları haqqında hər şeyi öyrənməyə çalışır, hər cür suallar verirdilər. Soruşurdular ki, yetkinlik vaxtına çatmışıqmı, çatmışıqsa nə vaxtdan? Atamız hansımızı daha çox istəyir?

Hərəmizin neçə donumuz var, bizə dayəlik edən xristian arvadlar nə qədər əməkhaqqı alırlar. Bu qadınlar qapılarımızı pusur, pəncərəmizdən içəri tamaşa edir, pianoya, mexaniki oyuncaq və geyimlərimizə uşaq kimi qibtə ilə baxsalar da, bütün bunların pis nəticə verə biləcəyindən çəkinir və öz güzaranlarını bizimkindən daha arxayın sayırdılar.

Bəzən, həqiqətən də zəhləmizi tökür, biz qapımızı çırpıb onları otaqdan qovurduq, Amma onlar incimir, bir az sonra yenə öz bildiklərini edirdilər.”

Banin bibisinin əri Süleyman haqqında bunları yazır: “Onun qəribə hıçqırması vardı. Ömrümdə elə hıçqıran adam görməmişəm.

Hıçqırması tutanda ara vermir və bəzən elə hıçqırırdı ki, adam diksinirdi. Onun bu adəti biz uşaqları əyləndirsə də, dayələrimizi hiddətə gətirirdi. Süleyman əmi bir-iki dəfə gördüyü və rəğbət bəslədiyi adamların yanında arxayınlıqla hıçqırırdı.

Nəhayət, belə- belə, onun hıçqırıqlarına adət edirdilər. Bizim dayələrsə bu adəti lənətləyir, tərbiyəmizə pis təsir göstərə biləcəyini söyləyirdilər...

Bir dəfə o,Berlinin polis işçilərinə gün ərzində dəfələrlə cərimə verməli olub. Almaniya paytaxtının küçələrində tüpürmək qadağan olunduğundan o, küçəyə tüpürmək həvəsinə düşüb, ürəyi istəyən qədər tüpürüb və cərimə paylayıb.

O, Parisdə operanın foyesində bizim el mahnılarını oxuyur, mehmanxananın balkonundan küçəyə işəyir, təntənəli “Maksim”restoranında ucadan, sinə dolusu hıçqırırmış.

O, tez-tez xaricə səfər edir, hər dəfə qayıdanda gətirdiyihədiyyələrlə yanaşı, məşhur mehmanxanalardan oğurladığı əşyaları da nümayiş etdirir.

Maraq naminə oğurladığı boşqab, külqabı və başqa xırda əşyaları bizə paylayır, bizsə belə əşyaları ən gözəl oyuncaqlardan da əziz tuturduq...”

Bəli, neftin hesabına qəflətən varlanmış bir nəsildə vəziyyət bu cür idi. İnqilab baş verdi və haqlı olaraq bu adamların, bunlara oxşar digər adamların damənzillərini, mülklərini , var-dövlətlərini tutub əllərindən aldılar.

Halbuki ürəklərində bir az ədalət duyğusu olsaydı, bu adamların tarixdə yaxşı adı qala bilərdi. Pullarını itirib didərgin düşdülər, tarixdə də yaxşı bir iz qoya bilmədilər. Düz-əməlli yeyə bilməyənin payını həmişə başqaları yeyir.

Onlar isə vəziyyətin tezliklə düzələcəyinə, bolşeviklərin gedəcəyinə, əvvəlki günlərin qayıdacağına, təzədən var-dövlət sahibi olacaqlarınaümid edirdilər.

Onların ruhi halını Mirzə Cəlil “Bəlkə də qaytardılar” adlı yazısında çox qəşəng təsvir edibdir. Əgər siz o vaxtlar ümumilikdə ölkədəvəziyyətin necə olduğunu daha dolğun təsəvvür etmək istəyirsinzsə, Həmidə xanım Cavanşirin, Məmməd Səid Ordubadinin, YusifVəzir Çəmənzəminlinin də xatirələrini oxusanız, çox yaxşı olar. Mənzərə tamamlanar.

Bu xatirələri oxuduqda: “Görəsən, ruslar gəlməsəydi, vəziyyət necə olacaqdı?” sualına cavab tapmaqda çətinlik çəkirsən.

Bu suala birmənalı cavab vermək olmur.Ümumi mənzərə isə heç də ürəkaçan deyildi.

Cəhalət, savadsızlıq, özbaşınalıq, mədəniyyətsizlik, harınlıq...

Bəy zülm edir, din xadimləri bacardıqları qədər aldadır, varlılar kasıbları basıb əzir, balaca-balaca qızlar qoca kişilərə ərə verilir, mədəniyyətə hamilik edən yox dərəcəsində, adamlar ən adi xəstəliklərdən qarışqa kimi qırılır, bir qrup bədbəxt və yazıq maarifçilər isə əllərində heç bir güc olmadan bu dəhşətli vəziyyəti dəyişmək istəyirlər.

Düzdü, neft milyonçularından bir-iki adamın adıxeyriyyəçi, mesenat kimi hallanır. Lakin bütün bunların hamısı miflərdir.

Onların xeyriyyəçilik və mədəniyyət adına xərclədikləri pullar başqa xərclərinin yanında sadəcə qəpik-quruş idi. 90-ci illərdə adamlarmilli kimlik axtardığı vaxtlarda, bu miflər çoxgeniş yayıldı.

Bu yalanlar, bu əfsanələr hər kəsə sərf edirdi.

Onların əməllərini şişirtdikcə şişirdirdilər. Sonralar da bu yalanların üstünü açan olmadı. Söhbəti bilənlər də ya qorxduqlarından, ya da özləri bu yalanlardan həzz aldıqlarından həqiqətin ortaya qoyulmasından könüllü imtina etdilər.

MeydanTV

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG