Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:21

Erdoğan ABŞ jurnalistinin fəxri vətəndaşlığını ləğv edib


Stephen Kinzer
Stephen Kinzer

-

«The New York Times» qəzetinin keçmiş əməkdaşı Stephen Kinzer deyir ki, Türkiyə onun fəxri vətəndaşlığını ləğv edib. O, prezident Recep Tayyip Erdoğan-ın ofisindən faks alıb, son məqaləsinə görə Türkiyə hökuməti və dövlətinin «düşməni» adlandırılıb. Bu barədə «Hurriyet Daily News» yazır.

Kinzer mayın 27-də «Boston Globe»da yazıb ki, Türkiyənin Qaziantəp vilayətinə gedib, şəhər meri onu fəxri vətəndaş elan etməliymiş. Bu ada illər öncə Roman mozaikalarının daşqınlardan xilas olunmasıyla nəticələnmiş yazısına görə layiq görülüb.

«Ancaq elə çatar-çatmaz, ev sahibləri bərk pərt halda mənə dedilər ki, mərasim də, fəxri vətəndaşlıq da təxirə salınıb. Bu, prezident Recep Tayyip Erdoğan-ın şəxsi göstərişi ilə edilib», - Kinzer yazıb.

Kinzer-in «düşmən» elan edilməsinin səbəbi isə yanvarın 4-də «Boston Globe»da dərc olunmuş köşə yazısında Erdoğan-la bağlı tənqidi abzasdır. Həmin hissədə Erdoğan-ın 1000-otaqlı sarayda oturub Avropa Birliyini pislədiyi, jurnalistləri həbsə atdırdığı, qısa ətəklərə və abortlara qarşı çıxdığı qeyd olunurdu.

7 iyun parlament seçkiləri yaxınlaşdıqca, Erdoğan Türkiyə mediasında tənqidi səslərə qarşı ritorikasını sərtləşdirib. O, bu yaxınlarda «The New York Times» qəzetini də pisləyib. Belə ki, qəzet mayın 22-də redaksiya məqaləsində Erdoğan-ı medianı qorxu altında saxladığına görə tənqid edirdi.

POÇTUNDA 5 MİN OXUNMAMIŞ E-MAIL SAXLAYANLAR VAR

«The Atlantic» Joe Pinsker-in məqaləsini dərc edib. Yazı elektron poçtuna gələn məktubları dərhal oxuyanlar və poçtunda 5 min oxunmamış məktub saxlayanlardan bəhs edir.

Foto illüstrasiya
Foto illüstrasiya

«Necə olur ki, kimsə oxunmamış məktubları poçtuna yığır, digərləri isə rahat otura bilmir, onları bir-bir açıb oxuyur?» - müəllif sual edir.

2012-ci ildə aparılmış bir araşdırma üzə çıxarıb ki, iş e-mail-lərinin 70 faizi ünvana çatandan sonra 6 saniyə içində oxunur. Ancaq Kaliforniya Universitetinin informatika professoru Gloria Mark bir neçə il əvvəl bir tədqiqat aparıb. Ofis işçilərini bir həftə e-mail-dən uzaqlaşdırıblar və nəbzlərini ölçüblər. İşçilərin stress səviyyəsi əməlli-başlı azalıbmış

Mark bəzi adamlardan müsahibə alıb, aydın olub ki, bəziləri üçün e-mail nəzarət deməkdir. Ancaq bir e-mail-i belə oxumamış buraxanların məhsuldarlığı düşə bilər. «Bir tapşırığa yenidən diqqəti cəmləşdirmək üçün adama 25 dəqiqə lazım olur», - Mark deyir.

Lakin müəllif adətən səliqəli insanların e-mail-ləri dərhal oxuduğunu qeyd edir. Yəni bu, əslində gündəlik görməli olduğun işlərin siyahısına tez-tez baxmağa, siyahını yeniləməyə bənzəyir.

BASHAR AL-ASSAD-IN SONU YAXINLAŞIR?

«The Guardian» qəzeti Suriyada hökumətə qarşı vuruşan üsyançıların bir liderindən sitat gətirir. Adının çəkilməsini istəməyən həmin şəxs deyir ki, 2012-ci ildən bəri apardıqları savaş onların xeyrinə dəyişməkdədir. «Səbəb də odur ki, indi istədiyim bütün silahları alıram», - o, «Observer»ə deyib. «Türklər və dostları ilk dəfədir bizdən heç nə əsirgəmir – təyyarə əleyhinə raketlərdən başqa».

Bashar al-Assad Suriya ordusunu salamlayır - 2013
Bashar al-Assad Suriya ordusunu salamlayır - 2013

«Ankara və Ər-Riyadda, hətta Bağdad və Beyrutda belə bir güclü hiss var ki, müharibə Assad rejimi üçün yaxşı getmir».

Ancaq Suriya, eləcə də İraqda İŞİD silahlı qruplaşmasının irəliləməsi qorxu yaradır. Müəllifin fikrincə, ötən həftə cihadçıların uğurları onların gücünü deyil, dövlət oyunçularının zəifliyini göstərir.

«Bu, böyük problemdir», - İraq strateqi və İŞİD məsələləri üzrə yazar Hisham al-Hashimi deyir. «Bu barədə heç bir ölkə danışmaq istəmir. Onlar həll yolu tapa bilmədiklərini etiraf edə bilmirlər. Ancaq bu, regionu narahat edən məsələdir».

Müəllif eyni zamanda Bağdad və Dəməşqdə rejimlərin saxlanmasında İranın maraqlı olduğunu qeyd edir. İran rejimi də regionda nüfuzunu, dayaqlarını qorumağa can atır. Son qarmaqarışıqlıqda bir məsələ aydınlığı ilə üzə çıxıb. Güc dövlətləri regionun və özəlliklə də Suriyanın taleyi uğrunda mübarizəyə girişib. Onları yalnız qlobal oyunçuların vasitəçiliyi ilə bir həll yolu dayandıra bilər.

XS
SM
MD
LG