Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:46

Özəl məktəblərin özəl problemləri


Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, təhsilə yalnız dövlətin üzərinə qoyulan yük kimi baxmaq doğru deyildir.

“ Azərbaycanda özəl sektorun təhsil sistemində və təhsilin infrastrukturunda inkişafı üçün böyük potensial var. Hazırda özəl ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sayı ümumi sayın 1 faizindən azdır. Özəl məktəblərdə mövcud olan resurs, o cümlədən maliyyə, dövlət məktəbləri ilə müqayisəolunmaz dərəcədə fərqlidir”.

Təhsil naziri Mikyaıl Cabbarov
Təhsil naziri Mikyaıl Cabbarov

Bunu təhsil naziri Mikayıl Cabbarov mayın 25-də jurnalistlərə açıqlamasında deyib. Özəl sektorun əhəmiyyətindən danışan nazir bildirib ki, təhsilə yalnız dövlətin üzərinə qoyulan yük kimi baxmaq doğru deyil:

Bu baxımdan özəl sektorun gələcəkdə Azərbaycanda istər 12 illik təhsil sisteminə keçid çərçivəsində əməkdaşlığı, istərsə də təhsilin müxtəlif pillələrində özəl sektorun inkişafı üçün imkanlar mövcuddur. Bu, ümumilikdə təhsil sisteminə əlavə resursların gətirilməsi və daha keyfiyyətli nəticələrin əldə olunması deməkdir".

VALİDEYNLƏR ARASINDA RƏQABƏT...

Özəl ümumtəhsil məktəbləri bir sıra ölkələrdə geniş yayılıb. Bəs, görəsən bunun Azərbaycanda tətbiq olunması təhsilə hansı töhfəni verə bilər?

Bəzi mütəxxəssislər hesab edirlər ki, özəl məktəblərin yaradılması təhsilin səviyyəsinə müsbət təsir edə bilər. Bəziləri isə kasıb və varlı təbəqəni nəzərə alaraq, bunun valideynlər arasında rəqabət yarışına səbəb olacağını bildirirlər. Onlar hesab edirlər ki, bu vəziyyət kasıb valideynlərin durumunu daha da ağırlaşdıra bilər.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, Azərbaycanda özəl orta məktəblərin o zaman müsbət nəticəsi ola bilər ki, normal rəqabət mühiti olsun:

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu

“Özəl təhsil sisteminin yalnız müsbət tərəfləri ola bilər. Ancaq, bir şərtlə ki, ayrıseçkilik olmasın. Yəni “sən Həsənağanın qohumusan sənə məktəb açmaq olar, digərinə olmaz” prinsipi ilə yox. Bizdə təkcə dövlət məktəbləridir deyə, rəqabət yoxdur. Əgər normal şərtlərlə özəl məktəblər açılarsa, rəqabət də olar. Bu zaman təhsil də inkişaf edər”.

Ekspertin fikrincə, belə olanda hər kəs maraqlı olacaq ki, onun məktəbinə pul köçürən valideynlər olsun. Əgər bu sistem işləyəcəksə, valideynlərə də bu pulun bir hissəsin dövlət nağd olmayan vauçer sistemi ilə ödəyəcək.

“Onsuz da dövlət hazırda həmin pulu şagirdlərə ayırıb və bu, yalnız dövlət məktəblərinə verilir. Özəl sistemdə bir ailədə iki nəfərə kimi uşağın pulunu dövlət ödəyir. Dövlət məktəbləri də əlavə pul qazanmaq istəyəcəksə, o da həmin qaydaya əməl etməyə məcbur olacaq” – deyib ekspert.

“DÖVLƏT MƏKTƏBLƏRİ KOLXOZU XATIRLADIR”

Nabatəli Qulamoğlu deyir ki, bu sistemə keçmək üçün bəzi dövlətlərin təcrübəsindən istifadə etmək lazımdır:

“Bu böyük bir sistemdir və bir çox dövlətlərdə tətbiq olunur. Bu sistemdən Gürcüstan da yararlanır. Azərbaycanda nə qədər ki, siyasi sistem dəyişməyib, vəzifədə oturanlar öz yaxınları üçün şərait yaradır, bu mümkün olmayacaq. İnkişaf ədalətli rəqabətdən asılıdır. Bu isə Azərbaycan hakimiyyətinin xarakterinə ziddir. Ona görə də hələlik bu sistemin bizdə qurulması mümkün deyil”.

Bu məktəblər də köhnə kolxoz sistemini xatırladır. O vaxt dövlət kolxozları uzun müddət təmin etdi. Gördü alınmadı, öz başına buraxdı və hamısı məhv olub getdi...

“Bizdə yalnız dövlət məktəbləridir. Bu məktəblər də köhnə kolxoz sistemini xatırladır. O vaxt dövlət kolxozları uzun müddət təmin etdi. Gördü alınmadı, öz başına buraxdı və hamısı məhv olub getdi. Çünki, rəqabət yox idi” – deyib Nabatəli Qulamoğlu.

ÖZƏL MƏKTƏBLƏRDƏ QİYMƏTLƏR NEÇƏDİR?

Azərbaycanda özəl orta təhsil məktəblərində illik təhsil qiymətləri fərqlidir. Modern.az saytının araşdırmasına görə, bu məktəblər arasında təhsilin qiyməti 1500 manatdan 40 min manatdək yüksəlir.

Məsələn, «The International School of Azerbaijan» məktəbində təkcə hazırlıq illik 11 min dollara başa gəlir. I sinifdən IX sinfədək isə təhsil haqqı 34 min dollardır. IX sinifdən yuxarı isə təhsil haqqı illik 40 min dollara yaxındır.

Xəzər Universitetinin tərkibində olan «Dünya» məktəbinin illik haqqı 5000 manatdır. Bu qiymətə nəqliyyat servisi də daxildir. «Kaspi» Liseyində illik təhsil haqqı 4500 manatdır. Bu məbləğə tədris, dərnəklər, gündə bir dəfə yemək və məktəbli formasının verilməsi daxildir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG