Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:43

Böyük Həmyə kənd sakininin günəmuzd zəhməthaqqısı - 6 manat...


Böyük Həmyə kəndi

Böyük Həmyə kəndi

-

«Ünvanlı sosial yardım 6 ay müddətinə veriləndə iki dəfə, 1 il müddətinə veriləndə bir dəfə almışam. 6 ay müddətinə veriləndə 4 ayını rayonun Sosial Müdafiə Mərkəzinin işçiləri götürürdü, iki ayı mənə verilirdi. 1 illik müddətə verilən vaxt korrupsiya ilə mübarizə söhbəti ortaya çıxdı. Mən il ərzində almalı olduğum yardımı tam aldım. Ancaq sonra mənim kimilər üçün başqa əngəllər yaratdılar».

Siyəzənin Böyük Həmyə kəndində yaşayan Vidadi Əliyevin ailəsində 3 azyaşlı böyüdür. Günəmuzd fəhləlik edir. Gündəlik qazancı 6 manat civarındadır. 9 aydır ki, ailənin üzünü ağ edən 101 manat ünvanlı sosial yardımdan məhrum olub:

«O adamların ki, sosial yardımının üstündən özlərinə götürə bilməmişdilər, növbəti dəfə sosial yardım üçün sənədlərini təqdim edəndə, qəbul etmədilər. Onlardan biri də mənəm. Keçən ilin fevral ayında rayonun Sosial Müdafiə Mərkəzindən növbəti dəfə sənədlərimi yığmağımı tapşırdılar. Mən də sənədləri yığıb təqdim etdim. Dedilər, haradasa ev tikmisən, onun da çıxarışını gətirməlisən. Mən də bildirdim ki, yarımtikili bir otaqdır. Hələ heç tam tikib başa çatdırmamışam. Həm də çıxarış üçün rüşvət istəyirlər. Rüşvət verməyə pulum olsaydı, sosial yardım üçün sizə yalvarmazdım».


«ELƏ BİL, MƏNİ ƏLƏ SALIBLAR»

Müsahibim ailə vəziyyətinin ağırlığından gileylənir:

«Səhər alaqaranlıqda evdən çıxıram, gedirəm biri üçün maşına daş yükləyirəm, biri üçün yük daşıyıram, qara fəhləlik edirəm. Axşam düşəndə, evə qəpik-quruşla qayıdıram. Uşaqlar körpədir, ikisi bağçaya, biri məktəbə gedir. Baxanda ürəyim ağrıyır, saxlaya bilmirəm. Əvvəllər sovxoz evində qalırdıq, dedilər torpağın var, get tik yaşa. Bizi o evdən çıxartdılar, küçədə qalmamaq üçün borc-xərclə bir otaq tikib içinə yığışdıq. Bu, mənim yardımdan məhrum olmağıma əsas verir?».

Şikayətçi deyir ki, hər dəfə rayon Sosial Müdafiə Mərkəzinə gedəndə, sənədlərini özünə qaytarıb bildirirlər ki, köhnəlib, apar, təzələ, gətir:

«Kənddən rayon mərkəzinə getməyə yolpulu tapmıram. Bunlar, elə bil, məni ələ salıblar. Get, o sənədi təzələ, get bu sənədi təzələ. Axırda da gördülər hara qədər desələr gedirəm, dedilər get təzə tikdiyin otağın sənədini gətir».


«MƏNZİLİN ÇIXARIŞININ SOSİAL YARDIMLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR»

Hüquqşünas Əli Məmmədov ünvanlı sosial yardım üçün tələb olunan sənədlərdən danışır:

«Tələb olunan sənədlər ailə tərkibi haqqında arayış, ailədəki həddi-buluğa çatmamış uşaqların doğum haqqında şəhadətnamələri, iş yerindən əməkhaqqı haqqında arayış, işləmirsə, yaşadığı ərazi üzrə Məşğulluq Mərkəzindən bu barədə arayış, yaşadığı ərazi üzrə MİS, yaxud icra nümayəndəliyindən yaşayış yeri haqqında arayış və bir də yaşadığı ərazi üzrə Sosial Müdafiə Mərkəzinə ərizədir. Mənzilin çıxarışının ünvanlı sosial yardımla heç bir əlaqəsi yoxdur. Belə bir sənədin tələb olunması qanunsuzdur və süründürməçilik məqsədi daşıyır».

Siyəzən rayon Sosial Müdafiə Mərkəzindən AzadlıqRadiosunun «Qaynar xətt»inə bildiriblər ki, Vidadi Əliyevdən mülkiyyəti barədə yox, gəlirləri barədə məlumatlar tələb olunub. Samir Əliyev arayışları müxtəlif vaxtlarda təqdim etdiyinə görə, əvvəl təqdim etdiyi arayışların müddəti keçmiş olur. Buna görə də ondan hansısa arayışı təzələməyi tələb etməli olurlar.

Rayon Sosial Müdafiə Mərkəzi ünvanlı sosial yardım üçün müraciət edənlərdən rüşvət alınması ilə bağlı deyilənləri də təkzib edib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG