Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:17

Taleh Xasməmmədovun məhkəməsi başlayıb


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

Mayın 26-da Göyçay rayon Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi keçirilib. O, xuliqanlıqda ittiham olunur.

Məhkəməyə yalnız müttəhimin doğmaları buraxılıb. Yerli fəallar məhkəmə zalına buraxılmayıb. Zala daxil olanlara isə məhkəmə icraçıları yox, polis əməkdaşları nəzarət ediblər.

Məhkəmə iclasında beş zərərçəkən çıxış edib – bir mülki şəxs və dörd nəfər polis işçisi. Yol polisinin iki əməkdaşı isə şahid qismində dəvət edilib.

İstintaqın versiyasına görə, fevralın 24-də T.Xasməmmədov Göyçayda mebel mağazasının yaxınlığında zərərçəkənlərə qarşı xuliqanlıq hərəkətləri törədib, hətta güc tətbiq edib.

Zərərçəkənlər və iki şahid polis bu versiyanı dəstəkləyiblər. Mülki şəxs isə T.Xasməmmədovun əleyhinə ifadə verməyib.

T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova da şahid kimi dindirilib.

T.Xasməmmədovun vəkili yoxdur, hüquqlarını özü müdafiə edir.

O,növbəti məhkəmə iclasında mebel mağazasının yanında qurulmuş video-müşahidə kamerasından qeydlərə baxılması və zərərçəkənlərin müayinə olunması üçün tibbi ekspertizanın rəyinin təqdim olunması barədə vəsatət qaldırıb. Hakim vəsatətləri təmin edib. Məhkəmə müdafiə tərəfinin əlavə şahidlərinin çağırılması barədə vəsatəti isə baxılmamış saxlayıb.

Növbəti məhkəmə iclası iyunun 2-də olacaq.

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev hesab edir ki, prosesə ictimaiyyət nümayəndələrinin buraxılmaması qanunun və ədalət mühakiməsinin şəffaflığının pozulmasıdır.

O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, məhkəmə ictimaiyyət üçün qapadılıb ki, cinayət işinin saxtalaşdırılması gizlədilsin. O.Gülalıyev hesab edir ki, T.Xasməmmədov siyasi motivlərlə təqib olunur.

T.Xasməmmədov CM-in 221.2.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə ittiham olunur. Bu maddə iki il müddətinədək icbari iş və ya beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

T.Xasməmmədov fevralın 24-də Göyçayda mebel mağazasının qarşısında saxlanılıb. Mağazadan çıxarkən bir naməlum şəxs ona yaxınlaşıb üzünə tüpürüb. Sonra həmin adam yerə yıxılıb və özünü elə aparıb ki, guya T.Xasməmmədov onu döyür.

Fevralın 26-da Göyçay məhkəməsi onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.

T.Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və Facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə tanınır

Bundan öncə də hüquq-müdafiə fəaliyyətinə görə mühakimə edilib, lakin iki il əvvəl əfv olunub.

XS
SM
MD
LG