Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:41

-

«Yeni Müsavat» qəzeti yazır ki, Binəqədi rayonunda yanan binanın təmiri «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Cəmiyyətin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyev qəzetə müsahibəsində deyib ki, hazırda binanın üzlük konstruksiyasının sökülməsi ilə məşğuldurlar.

Deputat bildirdi ki, binanın üzlənməsində poliuretan üzlüklərdən istifadə olunmayacaq:

«Ümumiyyətlə, respublikada aparılan tikintilərdə poliuretandan istifadə olunması bu gündən sonra qadağan olunub».

Deputat həmin binadakı təmirin ən qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçiriləcəyini bildirib.

Yanan bina ilə bağlı xəbərlərdən biri də o olub ki, guya binanın üzlənməsi Binəqədi rayonunun rəhbərliyi ilə razılaşdırılmayıb. Ağalar Vəliyev deyib ki, «heç kim, küçədən keçən gəlib binaları təmir edə bilməz».

MİRYUSİF MAHMUDOV KİMİN ADAMIDIR?

«Azadlıq» qəzeti yazır ki, yanğın hadisəsinə görə «JEK» müdirinin, icra başçısının keçmiş müavinin həbs olunması sadəcə oyundur.

«Global Construction» şirkətinin əməkdaşları.

«Global Construction» şirkətinin əməkdaşları.

««Global Construction» şirkətinin açılışında İlham Əliyev şəxsən iştirak edib, şirkətin rəhbəri Miryusif Mahmudova «fəxri mühəndis» adı verib, Miryusif Mahmudov Gəncədəki Heydər Əliyev muzeyinin memarı olub və s. Amma faktlar bununla da yekunlaşmır. Miryusif Mahmudov «M-line», «Global Stone», «Global Light», «Poliplast» şirkətlərinin də rəhbəri olub. Məlumatlar görə, bir neçə nazirlik istisna olmaqla bütün dövlət obyektlərinin mebel təchizatını Miryusif Mahmudovun şirkətləri həyata keçirib. Ölkə başçısı dəfələrlə bu adamla birlikdə açılışlarda iştirak edib.

Heç kimə sirr deyil ki, bu ölkədə hakimiyyətin yuxarı eşelonundan himayə almadan böyük işlər görmək mümkün deyil. Hətta gömrükdən 1 ton banan keçirdən sahibkar da hansısa məmura bağlıdır. Bu baxımdan Miryusif Mahmudovunfəaliyyət dairəsi daha geniş olub və gördüyü işlərin çəkisi milyardlarla ölçülür. Təbii ki, Miryusif Mahmudov bu böyük oyunçuların qurbanı oldu və «zəif bənd» seçildi».

ÜZLÜKLƏRLƏ BİRLİKDƏ BİNALARIN PƏNCƏRƏLƏRİ DƏ SÖKÜLÜR

«Bizim yol» qəzeti yazır ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakinləri etiraz edir. Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi 3b sakinlərinin dediyinə görə, işçilər yaşadıqları binanın üzlükləri ilə birlikdə onların pəncərələrini də sökürlər:

Üzlüklərin sökülməsi

Üzlüklərin sökülməsi

«89 yaşlı bina sakini Arif dayı bildirir ki, əziyyətlə özünə ev alıb, amma indi üzlüklər söküləndən sonra onların pəncərələrini də sökürlər: «Bu cür şərait qurmuşdum, amma indi sökürlər. Deyirlər əmr belə gəlib. Səsimizi eşidən yoxdur».

Qəzet yazır ki, digər bina sakinləri də bu tip problemlə üzləşib: «Onlar bildirir ki, bir neçə müddət öncə üzlüklər vurulanda onlardan 80 manat pul alıblar, indi də sökürlər. Sakinlər şikayətlərini aidiyyəti qurumlara da bildirəcəklərini deyiblər».

MƏŞƏL ESTAFETİNİN ÜFÜQLƏRİ

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycanın daha geniş miqyasda tanıdılması, müstəqillik dövründə qazanılmış mühüm nailiyyətlərin təbliği üçün də Avropa Oyunları böyük meydandır:

«Avropa Oyunları səviyyəsindən baxanda obrazlı şəkildə desək, Azərbaycan müqəddəs bir məbədgah kimi görünür. Sülh, inkişaf və mədəniyyət məşəlinin alovu Azərbaycanın xalqına və onun dostlarına qürur verir. Artıq neçə gündür ki, Avropa Oyunlarının məşəl estafeti Azərbaycanı işığa qərq edir. Bu məşəl yer üzündə sülhün, inkişafın, əməkdaşlığın, dostluğun, əlaqələrin inkişafına gur işıq salır. Eyni zamanda Azərbaycanda alovlanan Avropa Oyunları məşəli dünyaya sülh, əmin-amanlıq, gözəllik, əməkdaşlıq və inkişaf vəd edir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG