Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Seçki Məcəlləsinə təkliflər dekabrda Strasburqda müzakirə olunacaq


Venesiya Komissiyasının katibi Canni Bukikkio
Venesiya Komissiyasının katibi Canni Bukikkio

Azərbaycan hökumətinin seçki qanunvericiliyinə dəyişiklik və əlavələrlə bağlı təklifləri dekabrın əvvəllərində Strasburqda müzakirə olunacaq. Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının (VK) katibi Canni Bukikkio belə deyir. Onun sözlərinə görə, Seçki Məcəlləsi son illər təkmilləşdirilsə də, bəzi məqamlar üzərində iş davam etdirilməlidir.


- Cənab Bukkikio, hökumətin Seçki Məcəlləsinə göndərdiyi təkliflərlə tanışsızmı? Onları necə qyimətləndirirsiniz? Həmin dəyişikliklərin texniki xarakterli olduğu bildirilir.


-Seçki qanunvericiliyi mühüm məsələdir. Onun üzərində iş neçə ildir ki, davam etdirilir. Amma ən mühüm məsələ seçki komissiyalarının tərkibi, ikincisi prezident seçkilərində namizədlərini irəli sürülməsi proseduru, üçüncüsü bütün seçkilər zamanı şikayətlərə baxılmasıdır.


Seçki komissiyalarından başlayıq. Onların tərkibi balanslaşdırılmış olmalıdır. Bu çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, seçicilər seçki komissiyalarına etimad etməlidir. Məncə, ən uğurlu variant budur ki, komissiyalar qərəzsiz və müstəqil peşəkarlardan təşkil olunsun. Biz, bu təcrübəni artıq Qərbdə görmüşük. Əgər indiki məqamda peşəkarlardan ibarət komissiya yaradılması mümkün deyilsə, onda onların keyfiyyətli və qərəzsiz fəaliyyət göstərməsi üçün nəsə etməliyik. Və bu komissiyalar bütün siyasi qüvvələri təmin etməlidir.


-Bəs prezidentliyə namizədlərlə bağlı hansı problemləri müzakirə edəcəksiniz?


-Bizi ən çox narahat edən məsələ budur ki, seçkilərə qatılmaq istəyən namizəd 45 min imza təqdim etməlidir. Beynəlxalq təcrübə göstərir ki, bu böyük rəqəmdir. Əhalinin sayını nəzərə alsaq bu rəqəmi azaltmaq da olar. Bir də, mən seçkilər zamanı şikayətlərə baxılmasına toxunmaq istəyirəm. Şikayətlər asan, şəffaf və sadə şəkildə araşdırılmalıdır. Mən hesab edirəm ki, prosedur daha da sadələşdirilməlidir. Namizəd və ya seçici birdəfəlik bilməlidir ki, şikayətini kim araşdırmalıdır: məhkəmə yoxsa seçki komissiyaları? Məncə, indiki vəziyyət bir qədər «pink-ponka»-stolüstü tennisə bənzəyir. Bir təşkilat şikayətləri başqasına göndərir. O da araşdırılmaq üçün yenidən həmin təşkilata qaytarır. Yəni şikayət araşdırılmaq əvəzinə ora-bura fırlanır. Misal üçün, kiminsə namizədliyi ləğv olunub. Həmin namizəd qısa zaman içərisində konkret ünvana müraciət etməli və həmin qurum da qısa zamanda ona cavab verməlidir. Bir başqa məsələ seçki məntəqə və ya dairələrində nəticələrin ləğv olunması ilə bağlıdır. Əgər kobud qanun pozuntusu olmayıbsa həmin məntəqədə və ya dairədə nəticəni ləğv etməmək də olar. Həmçinin yerli müşahidəçilərin hüquqları da müdafiə olunmalıdır və açıq tanınmalıdır. Misal üçün, qanuna görə, yerli müşahidəçilər seçki qutusunu 40 metrdən müşahidə etməlidirlər. Məncə, bu məsafə çoxdur. Mən demirəm ki, qutunun yan-yörəsində izdiham yaratmaq lazımdır. Ancaq səsvermənin necə getdiyini görməsi üçün müşahidəçilərə şərait yaradılmalıdır. Əgər 40 metr aralı dayanırlarsa, onlar nə görə biləcəklər? Biz bu məsələlərlə bağlı ilin sonuna kimi azərbaycanlı mütəxəssislərlə bir neçə dəfə görüşəcəyik. Ümid edirəm ki, bu danışıqlar nəticəsində müsbət dəyişikliklər olacaq. Bu dəyişikliklər qanunu daha da təkmilləşdirəcək. Amma məncə, məsələ qanunla bitmir. Eyni zamanda, düşüncəni dəyişmək lazımdır. Bəzi rəsmilərin yanaşması dəyişməlidir. Azad seçkilərin keçirilməsi üçün siyasi iradə lazımdır. Azad seçki keçiriləcəksə bundan hamı, cəmiyyət də, hökumət də udacaq.


-Venesiya Komissiyası tövsiyə etmişdi ki, əksəriyyətin etimad doğuracağı seçki komissiyası yaradılmalıdır. Azərbaycanda isə bu model bəzən belə başa düşülür ki, komissiyaların yarısı hakim partiyanın, yarısı müxalifətin təmsilçiləri olmalıdır. Hökumət isə belə komissiyaların qarışıqlıq yarada biləcəyini deyir. Venesiya Komissiyası özü model təqdim edə bilərmi?


-Biz balanslaşdırılmış komissiyalardan danışanda özümüzə qarşı tənqidlər də eşitməli oluruq. Tək Azərbaycanda belə deyil. Rəsmilər deyirlər ki, balanslı komissiya işləyə bilməyəcək, dalana dirənəcək. Bu yalnız bir halda - komissiya üzvləri xalqın mənafeyini dəstəkləmədikləri, onun ziddinə getdikləri halda baş verə bilər. Amma bir o qədər asan olmasa da, balanslı komissiya yaradılmalıdır. Komissiya üzvləri xalq qarşısında məsuliyyət daşıdıqlarını başa düşməlidirlər. Əgər onlar bunu dərk etsələr, partiyalarının maraqlarından çıxış etməyəcəklər, xalqın mənafeyinə uyğun hərəkət edəcəklər.


-Siz nə vaxtsa Azərbaycanda da peşəkarlardan ibarət komissiyaların yaradılmasını istəyirsiniz. Necə hesab edirsiniz, Azərbaycan cəmiyyəti nə zaman buna hazır olacaq?


-Peşəkar komissiyaların yaradılması nə zamansa gündəmə gələ bilər. Peşəkar komissiyaların yaradılması bizim məqsəddir. İndiki məqamdasa balanslaşdırılmış komissiya yaradıla bilər. Ona görə heç olmasa bu məqsədə nail olaq.


-Venesiya Komissiyasının rəy verdiyi «Sərbəst toplaşma azadlığı haqda» qanunda bəzi məhdudiyyətlər var. Onların aradan qaldırılması üçün cənab Bukkikionun tövsiyələri nədir?


-Sərbəst toplaşmaq azadlığı başlıca hüquqlardandır. Bu hüquq mümkün qədər az məhdudlaşdırılmalıdır. Ancaq, ictimai asayiş də qorunmalıdır. Ona görə də bu iki anlayış arasında ortaq məxrəc tapılmalıdır. Avropa ölkələrinin əksəriyyətində sərbəst toplaşmaq hüququ haqda qanunda detallar o qədər də göstərilməyib. Burda əsas məsələ məsuliyyət hissidir. Bir tərəfdən polis, o biri tərəfdən aksiya iştirakçıları məsuliyyətlərini başa düşməlidirlər. 1998-ci ildə Azərbaycanda qəbul olunmuş qanun da yaxşıdır. Həmin qanuna görə, aksiya iştirakçıları sadəcə, icra hakimiyyətini xəbərdar etməlidirlər. Amma qanunda bəzən detallara çox gedilir və formallığa səbəb olur. Qanunun tətbiqi üçün o asan və anlaşıqlı yazılmalıdır. Ona görə hakimiyyətlə işimizi davam etdiririk. İlin sonuna kimi bununla bağlı görüş keçirəcəyik və çalışacağıq ki, qanunu daha da asanlaşdıraq. Qanunda göstərilənlərə daha da aydınlıq gətirmək lazımdır. İnsanların azadlıq hüququ da, asayişin qorunması məsələsi də təmin olunmalıdır.


-Qanun ekspertizadan keçən müddətdə Bakı Şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsi üçün yerlər müəyyənlşədirdi. Müşahidəçilər həmin yerlərin şəhərdən kənarda olduğu qənaətindədir.


-Açıq deyim. Parisdə, Strasburqda şəhər mərkəzində mitinq keçirilirsə, sürücü kimi bu məni qəzəbləndirə bilər. Düzdü, qəzəblənsəm də, başa düşürəm ki, onların da haqqı var. Adətən insanlar istəyirlər ki, aksiyaları şəhər mərkəzində, parlament, prezident binası qarşısında keçirsinlər. Sözsüz ki, aksiyaların şəhərdən kənarda keçirilməsinə icazə vermək düzgün deyil. Çünki, mitinqin məqsədi eşidilmək və görünməkdir. Şəhər mərkəzində icazə verilməsə onları heç kim eşitməyəcək və görməyəcək. Amma insanlar da anlamalıdır ki, ictimai asayiş də qorunumalıdır. Ona görə yenidən balans məsələsinə qayıdırıq. Bütün tərəfləri qane edəcək qərar verilməlidir. Mən işimizin uğuruna inanıram. Açıq deyim. Hökumət təmsilçilərinin işləmək istədiyini görürəm…



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG