Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:27

Suraxanı – od kəndi yayda susuzluqdan yanır


Kəndin girəcəyindəki qapılar dəyişdirilib.
Kəndin girəcəyindəki qapılar dəyişdirilib.

-

Suraxanı kəndindən şəhərə qədər yolboyu evlərin hasarları, yolları təmir olunub. Bəzi yerlərdə təmir işləri hələ də gedir. Kəndin girəcəyindəki qapılar dəyişdirilib. Tarixi görkəmli qəhvəyi taxta qapılarla əvəz olunub. Ancaq yol boyundakı evlərin görüntüsü belədir. Kəndin içərilərində isə köhnəlik, baxımsızlıqdır.

Kənd sakinləri deyir ki, yol kənarındakı evləri Avropa Oyunlarına görə bəzəyib-düzəyiblər.

«Üstü bəzək, altı təzəkdir. Oyunlara görə oranı-buranı təmir eləyiblər. Xaricilər Atəşgaha gəlir-gedir axı».

SURAXANININ ƏN BÖYÜK PROBLEMİ -SUSUZLUQ

Suraxanının ən böyük problemi yayda suyun olmamasıdır. Kənd sakini Mürüvvət Tağıyev deyir ki, hər yay gələndə ağacları susuzluqdan quruyur:

«Təzə su xətləri var. Sadəcə yayda su olmur. Qışda isə şırıltı ilə gəlir. Tərsməzhəbdir də. Yayda qaz çoxalır, su azalır. Qışda su çoxalır, yayda azalır».

Lətifə Əmirova da deyir ki, yay gələn kimi vedrəni, bidonu hazır saxlayırlar:

«Qışda yaxşıdır, yayda yox. Üç-dörd gündən bir su gəldiyinə görə qabları hazır saxlayırıq».

Suraxanı sakinləri vaxtilə neft buruqlarında işləyib, böyük bir hissəsi isə heyvandarlıqla məşğul olub. Ancaq indi çoxu işsizdir:

Suraxanı kəndi
Suraxanı kəndi

«Kim işləyir ki, hamını bekar görmək olur».

Özü də işsizlikdən əziyyət çəkən Cahandar Məmmədov belə deyir.

Mağazalarda isə nisyə dəftərləri qalaq-qalaqdır. Satıcı dəftərləri göstərib deyir ki, «bu dəftərlərdən camaatın necə yaşadığını görmək olar»:

«Nisyəyə hər şey alırlar, kartof-soğan belə. Pulu isə çox çətinliklə qaytarırlar».

«DƏRDİMİZİ PREZİDENTƏ DEMƏK İSTƏYİRİK, ANCAQ KİMDİR BİZİ YANINA BURAXAN...»

Atəşgah məbədinin qonşuluğunda yaşayan sakinlərin işıq, qaz su problemi yoxdur. Prezidentin sərəncamı ilə məbəd bərpa olunanda, kəndin bu hissəsinin problemləri də həllini tapıb:

Suraxanı kəndi
Suraxanı kəndi

«Bizim evlər plandaydı, ancaq sökmədilər. Dörd-beş evdir. Buralar qədimdən qalan evlərdir. 80-100 ilin evləridir. Əvvəl su problemi vardı, sonra kanalizasiya, su xətləri dəyişdi. Məbəd təmir olunanda, bizim də bəxtimiz gətirdi».

Kənd sakini Zəkiyyə Babayeva deyir ki, prezident İlham Əliyevin də ara-sıra yolu burdan düşüb. Kənd sakinləri çox istəyiblər ki, dərdlərindən, problemlərindən prezidentə danışsınlar. Ancaq qoymayıblar:

«Ətrafımız hamısı işsizdir. Biri mənim qonşum. Üç uşağı var, issizdir. Yayda su olmur, qışda işıq. Prezident gələndə istəyirik ki, dərd-sərimizi danışaq. Ancaq kimdir bizi yanına buraxan? Nə yanına buraxmaq, prezident gələndə buralarda ins-cins gözə dəyməməlidir».

Suraxanı rayon İcra Hakimiyyətindən isə onu dedilər ki, Avropa Oyunları ilə əlaqədar, bütün rayon ərazisində olduğu kimi, Suraxanı qəsəbəsində də abadlıq-bərpa işləri davam edir. Yerli bələdiyyənin özünü təqdim etməyən əməkdaşı isə bildirdi ki, kəndin işıq-qaz, su problemi çoxdan həll olunub. İşsizliyə gəlincə, «işsizlik harada yoxdur ki» deyə sözlərinə əlavə etdi.

XS
SM
MD
LG