Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09

«Cəmiyyətdəki həssaslığı nəzərə alıb mitinq qərarına gəldik»


15 mart mitinqi

15 mart mitinqi

-

Milli Şura mayın 30-da mitinq keçirəcək.

Bu qərar Milli Şuranın Koordinasiya Mərkəzinin mayın 26-da keçirilən toplantısında qəbul olunub.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib.

Milli Şura mayın 31-də «Məhsul» stadionunda mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. BŞİH bu müraciətə müsbət cavab verib, amma mitinqi mayın 30-unda keçirməyi tövsiyə edib.

BŞİH bundan öncə də bir neçə dəfə Milli Şuranın mitinqlə bağlı müraciətlərini eynilə bu cür, yəni mitinqin təyin olunan gün deyil, bir gün öncə keçirilməsi tövsiyəsi ilə cavablandırıb. Bunu qanunsuz hesab edən Milli Şura, ümumiyyətlə, mitinq keçirməkdən imtina edib.

Budəfəki fərqli qərara nəyin səbəb olması və, ümumiyyətlə, mitinqlə bağlı digər sualları Fuad Qəhrəmanlı cavablandırır:

- Fuad bəy, bu dəfə eyni vəziyyətdə fərqli qərar verməyə nə səbəb oldu?

- Səbəb hazırki vəziyyətlə bağlıdır. Bina yanğınından sonra cəmiyyətdə böyük emosional gərginlik yaranıb. Hakimiyyətin JEK müdirini həbs etməklə əsas səbəbkarları məsuliyyətdən yayındırmaq cəhdi də böyük narazılıq yaradıb. Belə olan halda Milli Şura düşünür ki, korrupsiya maraqlarından doğan cinayət hadisəsinə etiraz üçün imkan yaratmaq lazımdır. Biz əvvəl hakimiyyətin bu qanunsuz qərarlarına etiraz olaraq şənbə günləri mitinq keçirməkdən imtina etmişik, bu dəfə də belə etsəydik, xalqın etirazını ifadə etməsinə imkan yaranmazdı. Cəmiyyətin maraqlarını, hadisənin həssaslığını əsas götürərək bu dəfə belə qərar verdik.

- Sizcə, gün dəyişikliyi mitinqin təşkilinə, kütləviliyinə hər hansı təsir göstərəcək?

- Əlbəttə, hakimiyyətin də çalışdığı odur ki, şənbə günü işləyənlərin mitinqə qatılmasının qarşısı alınsın. Amma indiki halda hesab edirik ki, narazılığın miqyası elədir ki, hakimiyyətin bu cəhdi uğursuz olacaq, insanlar meydana çıxaraq öz etirazlarını ifadə edəcəklər, cinayətkarların cəzalandırılmasını tələb edəcəklər. Ona görə də gözləyirik ki, bu aksiya kifayət qədər uğurlu olacaq.

- Belə anlaşıldı ki, mitinqin aparıcı mövzusu yanmış bina ətrafında baş verənlər olacaq...

- Bu mövzu əsas xətlərdən biridir, amma əvvəlki aksiyanın şüarları da qüvvədədir, yəni «yalana və talana son» şüarımız, korrupsiya və qiymət artımına son qoyulması, siyasi repressiyaların qarşısının alınması, siyasi məhbusların azad olunması tələblərimiz də öz yerində qalır.

- Sizcə, bu mitinqlə yanan bina ilə bağlı hadisələrin gedişatına hər hansı təsir göstərmək mümkün olacaq?

-Aşağı səviyyəli, bu işdə heç bir səlahiyyəti olmayan bir neçə dövlət qulluqçusunu həbs etməklə cinayətkarların cəzalandırılması görüntüsü yaradılır. Minlərlə insanın meydana çıxıb bu hadisəyə səbəb olmuş insanın ortaya çıxarılmasını tələb etməsi ən azından bu işdə məsuliyyətli olanların üzərinə diqqəti yönəldəcək. İctimaiyyətin reaksiyası davamlı və kifayət qədər böyük miqyaslı olarsa, istər-istəməz bu hadisədə məsuliyyət daşıyan bir neçə şəxsin cəzalandırılmasına nail olmaq olar. Əlbəttə, ümid etmirəm ki, bu faciədə iştirakı olan şəxslərin hamısı cəzalandırılacaq, çünki bu, hakimiyyətin ən yüksək səviyyəsinə bağlı bir işdir. Amma hakimiyyət də cəmiyyətin bir təpkisini görməlidir ki, bu cür səhlənkarlıqlar bir daha baş verməsin.

- Fuad bəy, necə düşünürsünüz, mitinqə bu faciəyə birbaşa bağlı olan, zərər görən və ya zərər görməyə potensial olmuş yüzlərlə eyniüzlüklü binaların sakinləri də qoşulacaqlar, yoxsa yenə də «köhnə meydan, köhnə simalar» olacaq?

- Bunu indidən demək çətindir. Amma hər halda sosial şəbəkələrdəki müzakirələrdən görürük ki, heç bir siyasi mənsubiyyəti olmayan, dünənədək ölkədə baş verənlərə o qədər də fikir verməyən insanlar artıq qəzəblidirlər. Ona görə də, gözləyirik ki, mitinqdə ən müxtəlif təbəqələrin etirazları öz ifadəsini tapacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG