Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:59

-

İşadamı Nizami Piriyevin vəkili Muxtar Mustafayev AzadlıqRadiosuna deyib ki, müvəkkilinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib:

«Həbs qətimkan tədbiri seçilib, irəli sürülmüş ittihamlar ağır ittihamlardır. Biz hesab edirik ki, həbs, başqa yerə gətməməklə bağlı iltizam, ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilə də bilər. Bunun üzərində işləyirik. Yaxın vaxtlarda bununla bağlı vəsatət qaldıracağıq».

PİRİYEV İTTİHAMLARI QƏBUL ETMİR…

Neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən «AzMeCo» şirkətinin sahibi Nizami Piriyev mayın 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs olunub. Piriyev külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Vəkili bildirir ki, Piriyev özü bu ittihamları qəbul etmir:

«Müdafiə tərəfi bu ittihamlarla razı deyil. Biz müstəqil audit rəyləri və digər sənəd və sübutları toplayaraq məhkəməyə sübut etməyə çalışacağıq ki, bankdan götürülmüş kreditlər mənimsənilməyib və investisiyaya yatırılıb».

SÖHBƏT 837 MİLYON MANATDAN GEDİR…

Nizami Piriyevin biznesi «PNN Group» adı altında birləşir. Bu qrup «De Beers» və «Hamley's» brendlərinin tərəfdaşıdır. Piriyev həm də Azərbaycanda «KFC» restoranlar şəbəkəsinin qurucusudur. Bu şəbəkənin ölkədə 50-dək restoranı var.

Nizami Piriyev mediada «Cahangir Hacıyevin işi» və ya «maliyyə xəyanətləri» adı alan cinayət işi üzrə saxlanılan yerli iş adamlarından biridir. İttiham aktına görə, o, Beynəlxalq Bankda azı 800 milyon vəsaiti mənimsəməkdə ittiham olunur. Vəkil Muxtar Mustafayev deyir ki, bu vəsaitin hamısı götürülmüş kreditlər deyil:

«İrəli sürülmüş ittihamlar bankdan götürülən kreditlə bağlıdır. Söhbət 836 milyon 370 min manatdan gedir. Amma bu məbləğə həm də faizlər və cərimə faizləri də daxildir. Yəni, bankdan bu qədər vəsait götürülməyib».

«PİRİYEVƏ İŞGƏNCƏ EDİLMƏYİB»

Muxtar Mustafayev mediada Piriyevin işgəncəyə məruz qalması ilə bağlı xəbərlərə də aydınlıq gətirib. Bildirib ki, ona qarşı hər hansı işgəncə halı olmayıb:

«Piriyev özü də bu məlumatları təkzib edir. Ona qarşı işgəncənin olması ilə bağlı sübutlar da yoxdur. Baş Prokurorluğa işgəncə ilə bağlı müraciət də edilməyib».

PİRİYEVİN HƏBSİNDƏN SONRA…

Nizami Piriyevin həbsindən sonra onun sahibi olduğu «AzMeCo» zavodu fəaliyyətini dayandırıb. Bakının Qaradağ rayon ərazisində yerləşən zavodu metanol istehsal edir.

Zavodun nümayəndəsi Fuad Hətəmov Marja portalına bildirib ki, SOCAR qazla təchiz etmədiyi üçün zavod işini dayandırıb.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AzadlıqRadiosuna deyib ki, həmin zavodun SOCAR-la müqaviləsi yoxdur: «Müqavilə olub ki, indi qaz davası edirlər».

SOCAR-dan Turan-a isə bildiriblər ki, «AzMeCo» qaz pulunu bazar qiymətinə ödəmək istəməyib, qazı «Azəriqaz»dan daha ucuz almaq istəyib.

Bu zavodun inşasına dair fikirlər hələ 2007-ci ildə səsləndirilirdi. Elə Nizami Piriyev də Azərbaycana bu zavodu açmağa gəlib. Buna qədər o, Moskvada yaşayıb. Azərbaycan hökuməti ideyanı dəstəkləyib və kömək edib. O vaxt Piriyev bəyan edib ki, 2010-cu ildə zavod ilk məhsulu buraxacaq. Piriyevə 450 milyon dollara başa gələn bu zavodun tikintisinə Avropa Yenidənqurma və İnkişaf Bankı 150 milyon dollar ayırıb. Qalan 300 milyon dollar kredit isə Beynəlxalq Bankdan götürülüb.

BEYNƏLXALQ BANKLA BAĞLI 200 İŞİN İSTİNTAQI GEDİR?

2013-cü ildə istismara verilən zavodun açılışına Britaniyanın sabiq baş naziri Tony Blair də dəvət olunmuşdu.

Şirkətin rəsmi məlumatına görə, 2014-cü ildə «AzMeCo» Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edib.

Beynəlxalq Bankla əlaqədar azı 200 iş üzrə istintaq getdiyi bildirilir. Amma bu barədə hər hansı rəsmi məlumat yoxdur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi hər hansı məlumat açıqlamır.

Hələ ki, bu barədə ancaq deputatlar danışır. Məsələn, deputat Vahid Əhmədov hesab edir ki, həbslərin sayı arta bilər.

İctimaiyyətə məlum olan həbslər və ya istintaqa çağırılanlar arasında Nizami Piriyev, «Xəzər adaları» layihəsi ilə tanınan İbrahim Nehrəmli, keçmiş deputat, işadamı Dünyamin Xəlilovun adları çəkilir.​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG