Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:10

ABŞ Putin-lə danışsın, Ukrayna mövqeyini də saxlasın


John Kerry və Vladimir Putin - Moskva, 12 may 2015

John Kerry və Vladimir Putin - Moskva, 12 may 2015

-

«The Financial Times» yazır ki, ABŞ dövlət katibi John Kerry-nin Soçiyə getməsi heç bir səfəri qədər təəccüb doğurmamışdı. Onun Vladimir Putin-lə 4 saatlıq görüşünü ABŞ-da tənqid edənlər tapıldı, bunu Ağ evin mövqeyinin dəyişməsi sayanlar da. «Belə bir mühakimə irəli sürmək yanlış olardı. Birləşmiş Ştatlar cənab Putin-in Ukraynada sabitsizlik yaratmaq cəhdləri ilə bağlı kəskin mövqe tutmalıdır, ancaq Vaşinqton eyni zamanda Rusiya lideri ilə birbaşa təmasları da saxlamalıdır», - yazıda oxuyuruq.

«Cənab Kerry Kreml lideriylə görüşmək qərarında ona görə haqlıydı ki, Amerikanın Putin-lə əlaqələri məhduddur. Ancaq axı o, Rusiyada hökumətində səsi eşidilən yeganə şəxsdir. Ukrayna diplomatiyasında daha çox xarici işlər naziri Sergei Lavrov görünsə də, onun siyasi çəkisi kiçikdir. Obama administrasiyası Putin-ə daha sərt mesaj çatdırmaq istəyirsə, qərar verənin birbaşa özüylə görüşməlidir».

«Cənab Kerry-nin cənab Putin-lə görüşünü Rusiya dövlət mediası güzəşt kimi dəyərləndirdi. Ancaq daha yaxından işləmək siyasətdə dəyişiklik demək deyil. ABŞ və AB Minsk atəşkəs sazişi tam yerinə yetirilənədək sərt mövqeyində qalmalı və Moskvaya iqtisadi sanksiyaları qüvvədə saxlamalıdır. Kreml hər hansı yeni təcavüz həyata keçirərsə, Qərbin daha sərt sanksiyaları ilə qarşılaşmalıdır. Ancaq yenə də, Şərq-Qərb münasibətlərinin təhlükəli durumuna baxmayaraq, son söz sahibləri bir-birilə əlaqə yaratmalıdırlar. Danışmaq təslim olmaq deyil».

REGİONAL HEGEMONLARIN VÜSƏTİ

ABŞ geri çəkildikcə, Rusiya, İran və Çin irəliləyir. Bunu «The Wall Street Journal Europe» yazır.

Rusiya və Çin hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərində - 2007

Rusiya və Çin hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərində - 2007

«Vladimir Putin-in ABŞ-ın etirazlarına baxmayaraq, İrana S-300 raketləri satmaq qərarı Obama administrasiyası üçün utancvericidir. Bu, həmçinin dünya düzəninə və ABŞ-ın təhlükəsizliyinə yeni hədənin göstəricisidir: avtoritar regional qüvvələr vüsət almaqdadır».

«Çin, Rusiya və İran Amerikanın geri çəkilməsindən istifadə edərək öz guşələrində siyasi və (yəqin ki, sonucda) hərbi dominantlığı gücləndirirlər. Onların ümumi məqsədi ABŞ-ın nüfuzunu azaltmaq, qonşularını özlərinin siyasi iradəsinə tabe etdirmək, nəticədə regional hakimiyyətə dayanaraq Qərb demokratiyalarının, özəlliklə ABŞ-ın qlobal hakimiyyətini zəiflətməkdir. «İslam Dövləti»nin də yüksəlməsini nəzərə alsaq, bu, ABŞ-ın növbəti prezidenti üçün ən böyük strateji problem olacaq».

Amerikalılar deyə bilməzlər ki, onlara xəbərdarlıq olunmayıb. 23 il əvvəl, George H.W.Bush administrasiyasının son günlərində Pentaqon strateji sənəd hazırladı, Amerikanın əsas təhlükəsizlik məqsədi sırasında regional dominant gücləri əngəlləmək olduğunu göstərdi... 20 il, hər iki partiyanın hakimiyyəti dövründə ABŞ regional hədələrin yaranmasını önləyə bilib. Ancaq Prezident Barack Obama-nın ikinci prezidentlik dövründə bu məsələ Avropa, Yaxın Şərq və Şərqi Asiyada zəifləyib».

Yazıda qeyd olunur ki, İran şiə İslam inqilab qüvvəsini fars imperializmi ilə birləşdirərək Yaxın Şərqdə dominant ölkəyə çevrilməyə çalışır. Onun döyüşçüləri artıq Livan, İraq və Suriyada üstünlük təşkil edir, Yəməndə də «oyun oynayır».

Çin isə sürətli iqtisadi inkişafıyla «Aralıq dövləti»ni bərpa etməyi arzulayır.

Amerikalı pensionerlər.

Amerikalı pensionerlər.

«Bu regional hegemonlar demokratik dəyərləri və 2-ci Dünya müharibəsindən sonrakı dünya düzənini rədd edir. Onlar despotları qoruyur və ABŞ-ın müttəfiqlərini zəiflətmək üçün yollar axtarır. Onlar bir-birləri ilə alyanslar yarada bilərlər... Obama varisinə belə bir təhlükəli yeni-köhnə dünya qoyub gedir. Gələn prezident bu yaranan təhlükənin qarşısını almaq üçün təcili strategiya hazırlamalıdır».

AMERİKALILAR QOCALIR, ANCAQ...

Amerikalılar qocalır, ancaq Almaniya, İtaliya və Yaponiyada əhalisi qədər sürətlə yox.

«Pew» Araşdırmalar Mərkəzinin yeni hesabatında deyilir ki, Birləşmiş Ştatlarda yaşı 65 və yuxarı olanların sayı 2050-ci ilədək dramatik şəkildə artacaq. Ancaq inkişaf etmiş Avropa ölkələrində və Yaponiyada ağsaçlılar daha çoxdur. Yaponiya, Almaniya və İtaliyada hər beş nəfərdən birinin 65 yaşı var, yaxud daha yaşlıdır, digər Avropa ölkələri də bu sıralamada qarabaqara gəlir.

ABŞ-da əhalinin 13%-nin 65 yaşı var, yaxud daha yaşlıdır.

BMT-nin hesablamalarına görə isə, bütün dünyada yaşam dövrü uzanır və gələn onilliklərdə dünyanın bütün regionlarında əhalinin qocalması gözlənir. Bu tendensiyada liderlik yenə də Avropa və Şimali Amerikaya məxsus olaraq qalacaq.

Qlobal qocalma ölkələrin sosial proqramlarına da təsirini göstərir. ABŞ-da yaşlıların gəlirlərinin 38%-i hökumət transferləri hesabınadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG