Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:49

«Müsavat»ın deputat qrupu parlamenti tərk etdi


Milli Məclis 5 dəqiqəlik çıxışlarla müzakirələri davam etdirir

Milli Məclis 5 dəqiqəlik çıxışlarla müzakirələri davam etdirir

Noyabrın 9-da Müsavat Partiyasının deputat qrupu parlamentin iclasını tərk edib. Millət vəkili Pənah Hüseyn bildirib ki, gələn ilin dövlət büdcəsinin müzakirəsində onlara öz fikir və təkliflərini bildirməyə şərait yaradılmayıb.


Milli Məclisin iclaslarında büdcənin müzakirəsi ilə bağlı deputatların çıxışı üçün vaxt 10 dəqiqə müəyyənləşmişdi. Amma, spiker Oqtay Əsədov təklif etdi ki, çox adam danışdığına görə 10 dəqiqəlik limit azaldılsın: «Bu vaxta kimi 31 nəfər danışıb hələ 49 nəfər də danışmalıdır. Ona görə gəlin çıxışların müddətini 5 dəqiqə müəyyənləşdirək». «Müsavat»ın deputat qrupu adından məsələyə etiraz edən Pənah Hüseyn dedi ki, növbə onlara çatanda reqlament qəsdən dəyişdirilir. Məsələyə münasibət bildirən 86 deputat çıxışların müddətinin azaldılmasına səs verdi.


Belə olan təqdirdə «Müsavat»ın deputat qrupu iclası tərk edərək parlamentin foyesində mətbuat konfransı keçirdi. Onların büdcə ilə bağlı ciddi iradları olduqlarını və reqlamentin dəyişdiriləcəyini əvvəlcədən gözlədiklərini dedilər. Deputat qrupunun üzvləri dedilər ki, onlar ayrı-ayrı vaxtlarda çıxışlara yazılsalar da necə olubsa kompyuterdə onların hamısının adları ardıcıl görünüb. Pənah Hüseyn: «Biz bilirdik ki, növbə bizə çatanda çıxışları məhdudlaşdıracaqlar. Ona görə də iclas zalından çıxmağı əvvəlcədən planlaşdırmışdıq».


2007-ci ilin dövlət büdcəsi barədə deputat qrupu öz fikirlərini noyabrın 10-da Müsavat Partiyasının qərargahında keçirəcəkləri mətbuat konfransında açıqlayacaq.


Milli Məclis isə çıxışların müddətini 5 dəqiqəyə qədər azaltmaqla müzakirələri davam etdirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG