Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:51

Baş nazirin müavini Abid Şərifovun jurnalistlə kobud danışması mətbuatın gündəmindən çıxmır. Bu söhbət artıq internetdə, sosial mediada da cərəyan edir.

.

Baş nazirin 1-ci müavini Abid Şərifov növbəti dəfə jurnalistlə kobud danışıb - mayın 19-da 15 nəfərin ölümü, 60-dan çox adamın yaralanması ilə nəticələnmiş yanğından sonra binanın təmiri ilə bağlı müxbirlə onun arasında belə bir dialoq olub:

- Üzlüklər nədən olacaq?

- Nə? Üzlüklərlə bağlı indi qərar verəcəyik.

- Tikinti işlərinə hansı şirkət daxil olacaq?

- Nə?

- Tikinti işlərinə..

- Nə dəxli var səə?! Nə üçün bilməlisən ki?! Nə üçün bilməlisən ki, kimdir? – Alabala! Sonra? Sənin üçün nə fərqi var kimdir? Müəyyən olunub ki, filankəsdir, filankəsdir. Bunu da biz müəyyən edirik də. Bunun “pressaya” dəxli var ay oğul? Sonra? Sualınız var? Allah sizi salamat eləsin, sağ olun.

Sosial şəbəkələrdə bu dialoqun videosu geniş yayılıb. İstifadəçilər “alabala”, “seenedexlivar” haştaqları yaradıb, Şərifovu tənqid edirlər, onu hətta istefa verməyə səsləyirlər.

2010-cu ildə Kür daşqınları vaxtı AzadlıqRadiosunun müxbirinin “Abid müəllim, evlərdən söz düşmüşkən, nə qədər ev uçub? Statistika varmı? Bəndin üstü ilə gəzəndə görünür ki, xeyli ev uçub”, sualına cavabında Şərifov demişdi: “ Bilirsiz, bir az sual verəndə düşünün sual verin də. İndi səni buraxım suyun içinə, get gör uçub, uçmayıb?”

Mediaya hakimiyyətin təzyiqlərinə adətən biganə qalan Mətbuat Şurasının sədri Əflatun Amaşov mayın 25-də jurnalistlərlə hörmətli davranması üçün Abid Şərifova müraciət edib.

Şərifov yorulub...

Müxalif Real hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli öz Facebook səhifəsində bu haqda yazıb:

“Bu sözlərdə nə təhqir var, nə də hörmətsizlik. Belə sözlər yorğunluğun, darıxmağın göstəricisidir. 20 ildən artıq eyni vəzifədə çalışmaq? Adam 5 ildən sonra işini dəyişmək haqqında düşünmürsə, inkişaf etmir, deməli. Bu adamlar yorulublar, darıxırlar. Vəzifədə qalmaqda məna görmürlər. Bizə, topluma, güc gəlmələrinə baxmayın. Ən vacib qərarı, özlərilə bağlı qərarı vermək gücündə deyillər. Bu adamlar istefa verə bilmirlər”.

Bu adamlar yorulublar, darıxırlar. Vəzifədə qalmaqda məna görmürlər. Bizə, topluma, güc gəlmələrinə baxmayın. Ən vacib qərarı, özlərilə bağlı qərarı vermək gücündə deyillər. Bu adamlar istefa verə bilmirlər

75 yaşlı Abid Şərifov 1995-ci ildən, 20 ildir ki, baş nazirin müavinidir. Tanınmış şəxslərin profillərini hazırlayan adam.az saytının məlumatına görə, o, əmək fəaliyyətinə tikinti ustalığından başlayıb “Azərnəqliyyatyoltikinti" dövlət şirkətinin prezidenti vəzifəsinə qədər yüksəlib.

Şərifov 1995-cü ilin noyabrından baş nazirin müavinidir, nəqliyyat, rabitə, tikinti, fövqəladə hallar məsələlərinə nəzarət edir.

O, peşəkardır

Abid Şərifovu hələ Sovet vaxtından tanıdığını bildirən Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Şərifov peşəkardır:

“Bizdə göydəndüşmə kadrlar var. Onun – bunun qohumu və sair. O isə işgüzar bir adamdır. Gecə -gündüz işləyən. Düzdür, indi yaşa dolub, indi bir az çətindir. Amma ki, mən onu çoxdan tanıyıram. İqtisadiyyat nazirliyində işləyəndə də təmasda olurduq. Ən güclü, professional rəhbərlərdən biri elə odur.

Abid Şərifovu daha çox sadə adam kimi xarakterizə edən Haqverdiyev deyir ki, o, kobud deyil, ola bilsin ki, jurnalistlər Şərifovu qıcıqlandıran suallar verirlər.

“İndiki hakimiyyətin zehniyyəti budur...”

Keçmiş baş nazir Pənah Hüseyn isə deyir ki, Abid Şərifov jurnalistlə bu cür davranışdan sonra istefaya getməlidir. Hüseynin fikrincə, Şərifov hakimiyyət daxilində kifayət qədər nüfuzu olan adamdır və onun belə davranışı hakimiyyətin mahiyyətini əks etdirir:

Abid Şərifovun sragağagünkü çıxışı göstərdi ki, ictimai nəzarətə, şəffaflığa hakimiyyətin nəzarəti budur. O, səmimi cavab verdi. Həqiqətən də indiki hakimiyyətin zehniyyəti bundan ibarətdir. Bu cür düşünürlər. Odur ki, bu, bir sistem böhranıdır və sistemdən çıxmaq da köklü, fundamental islahatlar tələb edir.

Keçmiş baş nazir Pənah Hüseyn belə deyir.

Beynəlxalq və yerli ictimaiyyət Azərbaycan hökumətini jurnalistlərə pis münasibətinə görə tənqid edir. Jurnalistlərin Müdafiəsi Komitəsi Azərbaycanı dünyada mətbuata ən çox məhdudiyyət tətbiq edən 10 ölkənin siyahısına salıb. Azərbaycan prezidenti və hökuməti isə ölkədə söz və mətbuat azadlığının tam təmin olunduğunu deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG