Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

-

Dövlət ittihamçısı AXCP üzvü Elvin Abdullazadənin 7 il azadlıqdan məhrum edilməsini istədi.

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvünün növbəti məhkəmə prosesi mayın 25-da keçirilib.

DAHA 6 DƏFƏ ŞAHİDLİK EDƏN HAL ŞAHİDİ

Dövlət ittihamçısının məhkəmə çıxışından öncə vəkil Əli Mehtiyev vəsatət qaldırıb. O, ötən prosesdə hal şahidi kimi dindirilən Dərgah Quliyevin bundan öncə 2008-2014-cü illərdə daha 5 nəfərin, sonuncu dəfə isə Müsavat başqanının müavini Fərəc Quliyevin məhkəməsində hal şahidi kimi iştirak etdiyini bildirib. Bununla bağlı sənədlər topladığını deyən vəkil məhkəmədən xahiş edib ki, həmin şəxs bir daha məhkəmə zalına dəvət olunsun və bu məsələ araşdırılsın.

Ötən prosesdə ifadə verərkən Dərgah Quliyev bildirmişdi ki, ilk dəfədir hal şahidi kimi dindirilir. Elvin Abdullazadə onu Bakı şəhər Baş Polis İdarəsində saxlanılarkən bir neçə dəfə gördüyünü demişdi və Dərgah Quliyevi polis idarəsinin «qeyri-rəsmi işçisi» adlandırmışdı.

Vəkilin qaldırdığı vəsatətdə iş üzrə tədqiqatçı olan Nazim Quliyevin də əlavə şahid kimi prosesə çağırılması istənildi. Vəkil bildirdi ki, ötən prosesdə polis əməkdaşlarının verdiyi ifadədə tədqiqatla bağlı xeyli ziddiyyətlər üzə çıxdığından tədqiqatçının prosesə çağırılması vacibdir.

Əli Mehtiyev saxlanan zaman Elvin Abdullazadənin əliqandallı fotosunu «facebook» səhifəsinə yerləşdirməsini təsdiqləyə biləcək Türkel Əlisoyun da prosesə şahid qismində çağırılmasını istədi.

TAPILMAYAN TƏDQİQATÇI

Hakim vəsatətlərin heç birini təmin etmədi. Bildirdi ki, bir şəxsin bir neçə dəfə hal şahidi kimi ifadə verməsi qanunvericiliklə qadağan olunmur. Həmçinin əlavə etdi ki, məhkəmə özü də tədqiqatçı Nazim Quliyevi prosesə dəvət etmək istəyib, amma məlum olub ki, o, məzuniyyətdədir və nə vaxt qayıdacağı bəlli deyil.

Məhkəmə Türkel Əlisoyu da prosesə dəvət etməyə lüzum görməyib.

Bununla da məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında bildirib ki, Elvin Abdullazadənin satış məqsədilə, qanunsuz olaraq narkotik maddə saxlaması ittihamı məhkəmədə tamamilə təsdiqini tapıb. O, Elvin Abdullazadənin ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil müdafiə nitqinə hazır olmadığı üçün növbəti proses mayın 27-ə təyin olunub.

«PROKURORUN 5 İL İSTƏYƏCƏYİNİ GÖZLƏYİRDİM»

«Tələbə adamdır, o, heç narkotik maddənin nə olduğunu bilmir. Oğlum tamamilə günahsızdır».

Bunu AzadlıqRadiosuna müsahibəsində Elvin Abdullazadənin atası Rəşadət Abdullazadə deyib. O, məhkəmə istintaqının ədalətli, obyektiv keçirilmədiyini iddia edir. Prokurorun 7 il iş istəməsini də ədalətsiz hesab edir:

«5 il istəyəcəyini gözləyirdim. Əslinə qalanda isə heç günahi yoxdur, açıb buraxmalıdırlar onu. Prosesdə öz əlaltılarını, yalançı şahidləri dindirdilər».

Elvin Abdullazadə narkotik maddə saxlamaqda ittiham olunur. Ailəsi və üzvü olduğu partiya onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG