Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:34

Binaların yenidən üzlənməsi generalın adamına tapşırıldı


Binalardan üzlüklərin sökülməsi
Binalardan üzlüklərin sökülməsi

-

Bazar günü çıxan qəzetlərin, işə başlayan saytların ana mövzusu ötən həftə 15 adamın ölümünə səbəb olan 16 mərtəbəli binada yanğın hadisəsidir. Media bir neçə gündür həbs edilən iri sahibkarların da işini gündəmdə saxlayır.

«Azadlıq» qəzeti yazır ki, paytaxt Bakıda və digər şəhərlərdə binalara vurulmuş penoplast üzlüklərin sökülməsini «Gilan» şirkəti və SOCAR aparır:

Söküntü işlərində çalışan və adlarının çəkilməsini istəməyən bəzi fəhlələr bildirir ki, onların adına 40-50 manat yazılsa da, 15-20 manat verilir.

Bu arada «Azadlıq» yanğın hadisəsinə görə ilk tutulan «Global Construction» şirkətinin rəhbəri Miryusif Mahmudov barəsində bəzi məlumatlar əldə edib. Miryusif Mahmudlu «Global Construction» şirkəti ilə yanaşı, «M-Line», «Global Stone», «Global Light» və «Poliplast» şirkətlərinin rəhbərləridir. Bu şirkətlərin hər biri Azərbaycanda iri dövlət layihələri həyata keçirib. Elə təkcə «Global Stone» şirkəti 800-ə yaxın binanın fasadını təmir edib.

Qanunun müvafiq tələblərinə uyğun olaraq, dövlət büdcəsi vəsaiti hesabına icra olunan istənilən layihə tender vasitəsilə həyata keçirilir. Lakin bəlli olub ki, bu layihələr tender keçirilmədən icra olunub. Hər halda Satınalmalar Üzrə Dövlət Agentliyinin rəsmi saytında 604 satınalan təşkilatın adının olduğu 2014-cü il Satınalma Planları siyahısında bu şirkətlərin heç birinin adına rast gəlinmir.

YANAN BİNADA EV SAHİBLƏRİ İLƏ KİRAYƏNİŞİNLƏR ARASINDA PROBLEM BÖYÜYÜR

«Yeni Müsavat» qəzeti yazır ki, yanan 16-mərtəbəli binada sahibkarlarla ev sahibləri arasında anlaşılmazlıq yaranıb.

«15 nəfərin həyatını itirdiyi, 50 nəfərin yaralandığı dəhşətli faciədən 6 gün ötür. Binada təkcə insan tələfatı olmadı, eyni zamanda, sakinlərə külli-miqdarda maddi ziyan dəydi. Yanan binada kirayə yaşayanlar kompensasiya almaqda ciddi problemlərlə üzləşiblər. Reallıq budur ki, yaşayış binasının sahibi başqasıdır, amma yanan əşyalar kirayənişinlərə məxsusdur. Kirayə müqaviləsinin bağlanmaması bu cür problemlərin meydana çıxmasına səbəb olub.

Bu cür problemi əsas yaşayan şəxslərdən biri 40 günlük körpəsi ilə ölümün pəncəsindən xilas olunan jurnalist Sevinc Fədaidir. Sevinc xanım deyib ki, ev sahibi onlara veriləcək kompensasiyanı özü almaq istəyir: «Hazırda qərargahda kirayə qalan sakinlər toplaşıb öz haqlarını tələb edirlər. Ev sahibi haqqımızı verməzsə, prezidentə qədər müraciət edəcəyik, bu işin axırınadək gedəcəyik. Mən evdə uşağımı qoyub qərargaha gəlmişəm, bu prosesdən başımız açılmır, heç 40 günlük Ucalı yenidən müayinəyə apara bilməmişik, temperaturu qalxıb. Biz yalnız haqqımız olanı istəyirik».

ABİD ŞƏRİFOV: «MƏNİM CAVABIMDAN ŞOU DÜZƏLDİRSİZ»

«Mən balam kimi deyirəm, ay oğul, ay atam, sənə nə fərqi var kim tikib? Məsləhət olub filankəs tiksin, o da tikir. Siz də mənim bu cavabımı dramatikləşdirirsiniz, faciəyə, tragediya çevirirsiniz, şou düzəldirsiniz».

Bunu report.az-a Azərbaycan baş nazirinin müavini, Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib. Baş nazirin müavini hesab edir ki, jurnalistlərin hansı şirkətin yaxşı, hansının pis işlədiyini bilmələri mümkün deyil. «Allah sizi qorusun, Allah sizi salamat eləsin. Siz jurnalistlər, bəyəm bilirsiniz hansı şirkət yaxşıdır, hansı şirkət pisdir, hansı şirkət vicdanla işləyir? Ay Allah sizi salamat eləsin. İstər o balaca, istər də böyük jurnalistlərə mən bir balam kimi, ərkyana müraciət edirəm. Siz də başlayırsınız onu şou etməyə. Nə istəyirsiniz edin. Allah sizi sağ-salamat eləsin», - A.Şərifov əlavə edib.

Abid Şərifov
Abid Şərifov

Mayın 23-ü yanğın baş verən binaya baş çəkən A.Şərifovdan jurnalistlərdən biri yanmış binada tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab verib: «Nə dəxili var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala! Pressaya nə dəxili var ay oğul?!».

«ABİD ŞƏRİFOVUN AÇIQLAMALARI İQTİDARA HANSI DİVİDENT GƏTİRİR, ANLAMIRAM?»

Bunu deputat Fazil Mustafa modern.az saytına deyib. O bildirib ki, baş nazirin müavini Abid Şərifovun açıqlamalarının bu iqtidara hansı divident gətirdiyini heç cür anlaya bilmir: «Hacıbala müəllim, heç olmazsa, durub vətəndaşlarla bir-iki epizod ağlayır, izah edir ki, nəzarəti əlindən alıblar, sətiraltı deyir ki, hansısa qurumun da məsuliyyətinin nə olduğunu müəyyənləşdirmək çətindir. Arabir də öz üslubunda acı durumda olan vətəndaşa təsəlli və ümid verir. Abid müəllim isə fərqli bir üslub sərgiləyərək həbsxana jarqonu ilə vətəndaşların və jurnalistlərin suallarını geri çevirir.

Heç şübhəsiz ki, binalarda üzləməyə başlarkən biriləri etiraz edən vətəndaşlara demiş ki, «üzləməni mənim şirkətim aparacaq, hə, əcəb edəcəyəm, nə olsun». Bu «əcəb edirəmin», «kabadayılığın» sonu o olur ki, günahsız insanlar gözlərini açıb ağır faciə ilə qarşılaşırlar və həyatları alt-üst olur. Eyni ifadəni indi baş nazirin müavini ağır faciədən sonra ən azı təsəlli verməyə borclu olduğu vətəndaşa deyir: «Söküntünü aparan mənim şirkətimdir, nə sözünüz ola bilər?».

İndi izah edin görüm bu iqtidara yüksəkranqlı məmurların belə xidmətinin adına el arasında nə deyirlər?».

İŞADAMI RASİM MƏMMƏDOV: «BU QƏDƏR ARMATUR AZƏRBAYCANDA KİMƏ LAZIM İDİ?»

virtualaz.org işadamı kimi adı çəkilən, bir neçə zavodun sahibi Rasim Məmmədovla müsahibəsini davam etdirib. Rasim Məmmədov deyir ki, dövlətdən öz bizneslərinə maneələr də görürlər:

«Məsələn, elə Daşkəsən filizsaflaşdırma kombinatının acı aqibətini götürək. Biz bu kombinatı almaq istəyirdik. Şirkətimizin xammala kəskin ehtiyacı var idi. Ona görə də 2013-cü ildə inteqrasiya olunmuş metallurgiya istehsalını yaratmaq layihəsini hazırladıq. Bəs axırı nə oldu? Bu kombinatı bizə vermədilər. Qərara aldılar ki, ildə 1 milyon ton armatur istehsal edəcək daha bir metallurgiya zavodu tiksinlər. Balaca bir ölkədə hər biri 1 milyon ton armatur istehsal edəcək iki zavod olacaqdı! Axı bu, fantastika idi! Bu qədər armatur Azərbaycanda kimə lazım idi? Onu hara, kimə satacaqdılar?».

Rasim Məmmədov deyir ki, indi Azərbaycanda yeni - boru istehsal etmək təşəbbüsü ilə çıxış edirlər:

- Yeni boru-prokat zavodları tikilir. Yoldaşlar, biz ildə 200 min ton boru istehsal edirik. Bu qədər boru bizim nəyimizə lazımdır? Bu qədər zavod nəyimizə lazımdır? Poladı əritməyi bacaran peşəkar kadrları haradan tapacaqlar? Mənim oğurluğa, fırıldaqçılığa, işi bacarmadığına görə işdən qovduğum adamların hamısını yeni «Polad İstehsalat Kompleksi» zavoduna yığırlar. Metallurgiya sənayesi sahəsi oyuncaq deyil. Heç bir texniki-iqtisadi əsaslandırma aparmadan, bazardakı vəziyyəti təhlil etmədən yeni sənaye obyektinin təməlini necə qoymaq olar axı?!

Rasim Məmmədov
Rasim Məmmədov

-Yaxşı, «böyüklərdən» heç kim sizə himayədarlıq etmirsə, hətta problemlərlə də üzləşirsinizsə, bəs onda ölkə rəhbərliyi ilə sıx münasibətlərinizin olması barədəki şayiələr haradan qaynaqlanır?

- Aydın məsələdir ki, bəd ağızlar, yaman dillər silahdan da qorxuludur. Adamlar qeybət edir. Mənsə heç kimə nəyisə sübut eləməyə hazırlaşmıram.

-Bir vaxtlar sizin Ramiz Mehdiyevin oğlu ilə dost olmağınız haqda da danışırdılar...

- Eynulla, axı biz hamımız bir yerdə böyümüşük. Elə sən özün də Teymur Mehdiyevlə bir yerdə oxumusan. Hamımız bir yerdə böyüdük. Teymur da başqa yerdə yaşamırdı ki... O da bizimlə bir yerdə idi. Teymur 134 saylı məktəbdə oxuyurdu, səninlə mən isə 20 saylıda. Bir yerdə gəzirdik, oturub-dururduq, bir-birimizə qonaq gedirdik. Bu nə sərsəm söhbətdir axı?! Mənim kiminləsə ünsiyyət saxlamaq, dostluq etmək hüququm yoxdurmu? Teymur Mehdiyev gözəl insandır. Amma mənim onunla ümumi biznesim yoxdur.

NAZİM MƏMMƏDOV: RASİM MƏMMƏDOV «QOÇU DƏSTƏSİ» YARADIB

Rasim Məmmədov öz müsahibəsində keçmiş deputat, işadamı Nazim Məmmədovu hökumətə qarşı çıxmaqda, ağır metallurgiya sahəsindən uzaq olmaqda ittiham edir. Nazim Məmmədov ona «Bizim yol» qəzetində cavab verib: «Rasim Məmmədov bu dəfə lap qabağa gedib, guya biz kiçik sex sahibləri müxalifətçilərik, həmişəki kimi, kimin «dəsti-xətti» olduğu məlumdur. Keçməz bəy əfəndi, sən dövlətin qanunlarını ayaq altına salmısan, çeynəmisən, «qoçu dəstəsi» yaratmısan, zorla sahibkarları susdurmusan, sən və arxanda duranlar mütləq cəzalanacaq!».

Keçmiş deputat daha sonra belə deyib: «Rasim Məmmədovun bütün əməlləri TV-də, radiolarda, KİV-də kifayət qədər işıqlandırılıb. Mən, cənab Prezident İlham Əliyevin təbliğatını aparanda, təmsil olunduğum bölgədə H.Əliyev adına park salanda, onun büstünü qoyanda, H.Əliyev Fondunun tikdirdiyi məktəb binasına istilik sistemi çəkəndə, özümə mənəvi borc hesab edib müxtəlif layihələrə dəstək verəndə Rasim Məmmədov harada idi?

Büdcə vəsaitini oğurlayanları, prezident təyin etdiyi vəzifədən öz şəxsi məqsədləri üçün istifadə edib hakimiyyətin imicinə ciddi ziyan vuran məmurları tənqid etmək nə vaxtdan «müxalifətçilik» olub. Mənim kim və necə adam olduğumu cənab İlham Əliyev şəxsən bilir. Rasim Məmmədovun ola bilər, pulu çox olsun, müxtəlif PR kampaniyaları üçün «muzdlu jurnalistlər» tutub, özünü guya hakimiyyətə yaxın göstərsin, ancaq şəxsən 20-dən çox sexi «qoçu dəstəsi» vasitəsilə bağlatdırarkən, minlərlə insanı işsiz qoyaraq, monopoliya yaradaraq cənab prezidentə ən böyük müxalifətçiliyi o, edib. Təəssüf edirəm ki, hələ də bunu başa düşməyib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG