Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

Elnur Məcidli: “Məni hökumətə qarşı fikirlərimi dəyişmək müqabilində işə götürəcəklərsə...”


Elnur Məcidli

Elnur Məcidli

-

“İctimai-siyasi fəaliyyətlə məşğul olan hər kəs, məncə, real məhbusdur. Amma özümün belə tez həbs olunacağımı gözləmirdim”.

Müxalifət fəalı Elnur Məcidli ilə müsahibə

- Həbsə qədərki Elnur Məcidli və həbsdən sonrakı Elnur Məcidli – bir fərq varmı?

- Müəyyən qədər fərq o ola bilər ki, həbsdən öncə fikrimi ifadə edəndə daha emosional idim. Həbsdən sonra emosional yox, sakitəm. Həbs insanı düşünməyə, hərəkətlərini korrektə etməyə vadar edir.

- Bəs fikirlərinin mahiyyətində də dəyişiklik varmı?

- Yox, mahiyyətində dəyişiklik yoxdur. Həbsdən öncə hökumətə qarşı münasibətim necə idisə, indi də elədir. Sadəcə, müəyyən qədər emosionallığım azalıb.

Elnur Məcidli 1989-cu ildə Bakıda anadan olub. 2009-cu ildən AXCP-nin üzvüdür. 2011-ci il aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılıb, 2 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını çəkdiyi üçün buraxılması xahişi ilə Bakının Xəzər rayon Məhkəməsinə müraciət etdikdən sonra 2012-ci il mayın 15-də həbsdən azad edilib.

- Hazırda hardasa çalışırsan?

- Xeyr. Təhsilimi yenicə başa vurdum. Bildiyiniz kimi, həbsdən sonra universitetdən kənarlaşdırılmışdım. Təhsilimi müəyyən çətinliklərdən sonra başa vura bildim. Qərb Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsini bitirdim.

“ADIM QARA SİYAHIDADIR”

- Səncə, müxalif partiyanın fəali və həm də bu yolda həbs həyatı keçmiş birisinin iş tapması çətin olmayacaq ki?

- Düşünürəm ki, çətin olacaq. Artıq hara müraciət edirəmsə, qara siyahıda qalıram. Hər yerdə kim olduğum bilinir. Heç nə gizli qalmır. Müraciət etdiyim yerlərdən müsbət cavab almamışam.

- Belə olan halda nə etməyi düşünürsən?


- Məni hökumətə qarşı fikirlərimi dəyişmək müqabilində işə götürəcəklərsə, heç götürməsinlər.

- Yəni işsizlik problem deyil sənin üçün?

- Yəqin ki, müsbət bir dəyişiklik olar.

- Siyasi səhnədə hardasan?


- Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərirəm, partiyanın ali məclisinin üzvüyəm.

“BU QƏDƏR TEZ HƏBS OLUNACAĞIMI GÖZLƏMİRDİM”

- Həbsdə olduğun müddətdə bir peşmançılıq yaşadınmı?

Elnur Məcidli

Elnur Məcidli

- Yox, peşmançılıq olmadı. Siyasətə qoşulduğum ilk vaxtlardan bilirdim ki, bu yolda həbs oluna bilərəm. İctimai-siyasi fəaliyyətlə məşğul olan hər kəs, məncə, real məhbusdur. Amma özümün belə tez həbs olunacağımı gözləmirdim. Həbsdən əvvəl sosial şəbəkələrdə müəyyən təhdidlər olmuşdu deyə bunu hiss etməyə başlamışdım.

- Bundan sonra daha bir həbs qorxutmur ki səni?

- Açığı, həbsdən sonra da müəyyən təzyiqlər olub, həbs etmək istəyiblər. Qorxutmur və əgər bu yoldayamsa, hər şeyi göz önünə almışam.

- Həbsxana necə bir yerdir?

- Qapalı, dörd divar arasında bir yer. İstəklərin, fəaliyyətin məhduddur. Yalnız mütaliə və düşünmək.

- İndiki siyasi prosesləri necə dəyərləndirirsən?

- Düşünürəm ki, dörd il ərzində çox şey dəyişib. Hökumət daha da sərtləşib. Bizim tutulduğumuz vaxtlarda 2-3 il həbs cəzası verilirdi. İndi daha uzunmüddətli həbs cəzaları verilir. Yəni o vaxtla müqayisədə indi siyasi fəaliyyət daha çətindir. İndi demək olar ki, hər şey yasaqlanır. Onda ən azından QHT-lər fəaliyyət göstərirdi. Indi heç onlar da yoxdur.

“CƏMİYYƏTDƏ İNAMSIZLIQ YARANIB”

- Dörd il əvvəllə müqayisədə siyasi fəalların, elə sənin də fəaliyyətində dəyişiklik hiss olunur, sanki bir qədər sönüklük var. Razısan?

- Təbii ki, müəyyən qədər təsiri var reallığın. Hüquq müdafiəçilərinin də həbsi cəmiyyətdə müəyyən qədər inamsızlıq yaradıb.

- Səndə də bu inamsızlıq var artıq?

- Yox, mən hələ ki, gələcəklə bağlı optimistəm.

Elnur Məcidli

Elnur Məcidli

- Nə gözləyirsən gələcəkdən?

- Düşünürəm ki, hazırda həbsdə olan siyasi məhbusları uzun müddət orada saxlamaq mümkün olmayacaq. Təzyiqlərə, o cümlədən beynəlxalq təzyiqlərə sonadək tab gətirə bilməyəcəklər.

- Bu təzyiqləri yetərli sayırsanmı?

- Xeyr, yetərli deyil, xüsusən də beynəlxalq təzyiqlər. O ki qaldı bizə, bizim mitinqlərdən başqa yolumuz yoxdur, əlimizdə hətta müstəqil media imkanı belə yox səviyyəsindədir. Hökuməti yalnız etiraz aksiyaları, siyasi məhbusların məhkəmələrində kütləviliyi təmin etmək və ictimai dinləmələr keçirməklə qınaq obyektinə çevirə bilirik.

“YOLUN SONUNDA İŞIQ VAR”

- Belə çıxır ki, dörd il ərzində sizin də seçdiyiniz vasitələrdə, metodlarda bir yenilik yoxdur. Səncə bu cür yeniliyə ehtiyac varmı?

- Düzdür, AXCP-nin nə siyasətində dəyişiklik var, nə də taktikasında. Təkcə AXCP daxilində deyil, digər fəallarla da ortaq məxrəcə gəlib başqa bir taktiki gediş tapılmayıbsa, deməli, elə bu gedişlə getmək lazımdır.

- Bu gedişatın sonunda nə görürsən?

- Düşünürəm ki, yolun sonunda işıq var. Gec də olsa, çətinliklə də olsa, əsas odur hər şer yaxşı olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG