Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:53

Kiçik sahibkarın ərzaq köşkünü abadlıq adı altında söküblər


Arxiv fotosu
Arxiv fotosu

-

Ağstafa rayonundan İldırım Hacızadə «Qaynar xətt»ə şikayət edib. Deyir, 4 il əvvəl rayonun mərkəzində yerləşən, ona məxsus olan ərzaq köşkü qanunsuz uçurulub. Köşkün içərisində olan əşyalar aparılıb.

«GÖZÜM BAXA-BAXA ƏMLAKIMI DAĞITDILAR»

«Mən o köşkü 1994-cü ildən işlədirdim. Sahəsi 35 kvadratmetr idi. bir tərəfində ərzaq, bir tərəfində qab-qacaq satırdım. İcra hakimiyyətinin işçiləri qəflətən başımın üstünü aldılar, dedilər bu köşk burdan götürülməlidir, sahəsi də bazarın sahəsinə qatılmalıdır. Elə həmin gün özləri köşkün içində nə vardısa mənə hələ də məlum olmayan yerə daşıdılar. Qaynaqçı gətirib köşkü hissələrə böldülər, hissələri gözümün qarşısında metal toplayanlara satdılar. Əlim heç yerə çatmırdı, yalnız Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edə bildim, ordan da tədbir görən olmadı».

Şikayətçi deyir, köşk və köşkün altındakı torpaq sahəsi çıxarışla ona məxsus olub. Ancaq bu sənədlərə icra hakimiyyətinin işçiləri kimi məhkəmə də məhəl qoymayıb.

«RUZİ MƏNBƏYİ OLAN O BALACA KÖŞK... »

«Ailəmin ruzisi o balaca köşkdən çıxırdı. İndi işsiz qalmışam. Mən əmlakımı geri qaytarmağa çalışarkən öz sağlamlığım əlimdən getdi».

İldırım Hacızadə məhkəməyə şikayət edib. Ancaq məhkəmə onun şikayətini təmin etməyib. Qərar çıxarıb ki, İldırım Hacızadə qanunsuz söküntü işlərində yerli İcra Hakimiyyətini günahlandırsa da, köşkün həmin qurum tərəfindən söküldüyünü sübut edə bilməyib. Buna görə də məhkəmə onun iddiasını təmin etməyib.

İcra Hakimiyyətinin nümayəndəsi isə məhkəmədə bildirib ki, başçının sərəncamı ilə rayonun mərkəzində yerləşən ərazinin yenidən planlanması və tikililərin müasir memarlıq üslubu ilə rekonstruksiyası zərurəti yarandığına görə bazarın fəaliyyətini dayandırmaq qərarına gəliblər. Bazarın rəhbərliyi orda rekonstruksiya işləri aparıb. İldırım Hacızadəyə məxsus köşkün sökülməsindən İcra Hakimiyyətinin xəbəri yoxdur. Ona da həmin köşkün sökülməsi barədə rəhbərlik tərəfindən heç bir göstəriş verilməyib. O ki qaldı köşkün doğranaraq satılmasına, icra başçısının birinci müavini bildirib ki, onda olan məlumata görə bunu elə köşkün öz sahibi edib.

İldırım Hacızadə isə qərardan apellyasiya şikayəti verəcəyini deyir:

«Əmlak hüquqlarımı ya qol, ya da qanun gücünə bərpa edəcəyəm».

XS
SM
MD
LG