Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:44

-

İyunun 17-də Qobustanda açıq səma altında Fərəc Qarayevin «Qobustan kölgələri» baleti göstəriləcək. Qobustan qayalıqlarında balet ilk dəfə oynanılacaq.

Xəbəri AzadlıqRadiosuna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı verib.

Bu nümayiş Opera və Balet Teatrının Avropa Oyunları ilə bağlı hazırladığı tamaşalardan biridir. Oyunlar zamanı teatrın repertuarındakı ən məşhur nümunələr səhnəyə çıxarılacaq. Bakıya gələn turistlərə görə tamaşaların libretto mətnləri ingilis dilinə tərcümədə təqdim olunacaq. Proqram və afişalar Azərbaycan, rus və ingilis dillərində çap ediləcək.

Teatr Avropa Oyunları müddətində «Leyli və Məcnun», «Trubadur», «Traviata» operalarını və «Yeddi gözəl», «Min bir gecə» baletlərini nümayiş etdirəcək. Teatrın rəhbərliyi aparıcı partiyaların ifası üçün məşhur opera və balet artistlərini də dəvət edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Bakıdakı digər mədəniyyət ocaqları da Avropa Oyunları ilə bağlı rəngarəng repertuar hazırlayıb.

Akademik Milli Dram Teatrı

Akademik Milli Dram Teatrı

MİLLİ DRAM TEATRI 15 TAMAŞANI 24 DƏFƏ GÖSTƏRƏCƏK

Akademik Milli Dram Teatrı həmin müddətdə tamaşaçı rəğbəti qazanan səhnə əsərlərinə üstünlük verəcək. Bu haqda teatrın rəhbəri İsrafil İsrafilov məlumat verib.

İyun ayında Milli Dram Teatrı 15 tamaşanın 24 dəfə nümayiş olunmasını nəzərdə tutub. Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları da daxildir. Repertuarda olan bir sıra əsərlər ingilis dilinə tərcümə olunub. Həmin nümunələr ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə nümayiş olunacaq.

TAMAŞALAR İNGİLİS DİLİNƏ TƏRCÜMƏ OLUNACAQ

Azərbaycan Dövlət Rus Dram Teatrının repertuarı da zəngin olacaq. Teatrın səhnəsində «Karamazov qardaşları», «Maskarad», «Müsyö Jordan və dərviş Məstəli şah», «Yeddi gözəl», «Yay gecəsində yuxu», «Büllur sarayda» tamaşaları oynanacaq. Teatrda premyeranın– «Şəhrizadla daha bir gecə» tamaşasının da nümayişi nəzərdə tutulub.

Gənc Tamaşaçılar Teatrı

Gənc Tamaşaçılar Teatrı

Gənc Tamaşaçılar Teatrının repertuarındakı tamaşalar da ingilis dilinə tərcümə olunacaq. Səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Teatrın iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Dünya dramaturgiyasının məşhur nümunələri ilə yanaşı, Azərbaycan milli dramaturgiyasından da klassik nümunələr – «Müsyö Jordan və dərviş Məstəli şah», «Pəri cadu», «Şeyx Sənan» kimi sanballı səhnə əsərləri təqdim ediləcək.

Azərbaycan Dövlət Kukla Teatrı isə tamaşaçılara klassik və müasir əsərlərin əsasında hazırlanmış tamaşalar göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG