Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

-

Virtualaz saytı mətbuatda bəzi iş adamlarına qarşı «səlib yürüşü» aparan «Baku Steel Company» ASC Müşahidə Şurasının sədri Rasim Məmmədovun müsahibəsini yayımlayıb. Rasim Məmmədov özünün mətbuatda belə imic qazanmasının səbəbini anlaya bilmədiyini, Zülfüqarlı qardaşları işində heç bir təqsiri olmadığını deyir. Bildirir ki, Zülfüqarlı qardaşları şirkətdə 16 faizlik paya sahibdir:

- Zülfüqarlı qardaşlarının əlindən heç kim heç nəyi almayıb. Qardaşlar bu günə qədər də bizim «Bakı Poladtökmə» zavodunun səhmdarlarıdır. Onların orada 16 faiz səhmi var. Bundan əlavə, qardaşlar müəssisənin Direktorlar Şurasının üzvüdür. Soruşursunuz ki, bu müddətdə nə dəyişib. Əvvəllər zavod birbaşa qardaşlar tərəfindən idarə olunurdu, indi isə bu müəssisəni biz idarə edirik.

Daha bir fakt deyim. Bizim prokat dəzgahımız qardaşların Keşlədəki zavodunun ərazisindədir. Bu haqda indiyə qədər nə onlara, nə də ictimaiyyətə heç nə deməmişik. Onlar bizim avadanlıqlardan istifadə edərək müxtəlif məhsullar buraxırlar, amma biz qardaşları əmlakımızı qəsb etməkdə hələlik ittiham etmirik. Əvəzində Zülfüqarlılar bizi heç bir əndazəyə sığmayan şəkildə «Xəzərboru» zavodunu qəsb etməkdə günahlandırır. Yaxşı, bəs qardaşlar bizim həmin zavoddakı hissəyə, paya görə onlara nə qədər pul ödədiyimizi niyə demirlər? Bunu niyə dilə gətirmirlər?

-Onlara nə qədər pul ödəmisiniz ki?

-12.5 milyon manat. Qardaşlardan biri - Loğman Zülfüqarlı ayda azı üç dəfə yanıma gəlib məsləhətləşir, kömək etməyimizi xahiş edir. Mən onlara həmişə kömək etmişəm.

-Bəs Zülfüqarlı qardaşları nəyə görə yüksəkrütbəli dövlət məmurlarının adını hallandırır?

-Ona görə ki, Zülfüqarlı qardaşları müxalifətçidir. Onlar Fərhad Əliyevin irəli çəkdiyi adamlardır. Fərhad Əliyevin kim olduğunu və Azərbaycan dövlətçiliyi üçün nə dərəcədə təhlükəli olduğunu isə siz məndən də yaxşı bilirsiniz. Fikir verin, görün Zülfüqarlı qardaşlarının və Aslan İsmayılovun bütün ritorikası müxalifətin tənqidlərinə necə də oxşardır. Müxalifət özünün bütün tənqidlərini Ramiz Mehdiyevə, Bəylər Əyyubova və digər dövlət məmurlarına yönəldir. Zülfüqarlılar da məhz onları hədəfə alıb.

-Zülfüqarlılar Aslan İsmayılovla birgə sizi ölkənin bütün poladəritmə və metallurgiya sənayesini öz nəzarətinizə almaqda da ittiham edir. Deyirlər ki, rəqiblərinizi bu bazardan sıxışdırıb çıxarırsınız...

Əli Məsimli

Əli Məsimli

-Azərbaycanda bəyəm metallurgiya sənayesi varmı ki, onu da öz nəzarətinə alasan? Azərbaycanda «Baku Steel Company» şirkətindən başqa kim polad əridir? Kustar yolla armatur istehsal edən xırda sexlərdən başqa heç bir müəssisə yoxdur.

«ACGÖZLÜYÜN, SƏRVƏT HƏRİSLİYİNİN DƏ HƏDDİ OLMALIDIR»

«Belə şəraitdə əvvəlcə müqaviməti neytrallaşdırmaq, sonra islahatlar həyata keçirmək, lazımdır».

Bunu iqtisadçı, deputat Əli Məsimli «Yeni Müsavat»a müsahibəsində bildirib.

O deyir ki, demokratik yeniləşmənin magistral yolu beynəlxalq praktikadan bəlli olsa da, müxtəlif ölkələr buna öz spesifikliyindən asılı olaraq müxtəlif rənglər qatmaqla nəticənin effektini artıra bilirlər: «Məsələn, bir yapondan soruşurlar ki, heç bir təbii sərvəti olmayan kiçik bir ərazidə dünyanın möhtəşəm dövlətlərindən birini qura bilməyinizin əsas sirri nədədir? Yapon cavab verir ki, bunun sirri yaponların çoxunun üçdə bir Yaponiya, üçdə bir çalışdığı təşkilat, üçdə bir də özü üçün işləmək prinsipinə əməl etməsindədir. Yəni deyir ki, insan kapitalından səmərəli istifadə olunmalıdır».

Əli Məsimlinin fikrincə, Azərbaycanda bəziləri «oturduğu kreslonu» üstün tuturlar: «Hər şeyin bir həddi var və olmalıdır. Hətta sərvət hərisliyinin, sərvət xəstəliyinin, acgözlüyün də həddi var və olmalıdır. Amma bəzilərinın bu sahələrdə meyar hissini itirdiyindən acgözlüyün, harınlamanın hüdudsuzluğu insanların hüquqlarının pozulması halları ilə müşayiət olunmaqda davam edir. Deməli, həm də yeniləşmə mərhələsinə keçidə müqavimət davam edir. Belə şəraitdə əvvəlcə müqaviməti neytrallaşdırmaq, sonra islahatlar həyata keçirmək, ya da ki, qeyd etdiyimiz sistemli islahatlara başlayıb bu kontekstdə həmin müqaviməti də aradan qaldırmaq lazımdır».

Mərkəzi Bank

Mərkəzi Bank

MƏRKƏZİ BANK KAPİTAL BAZARINDA BİRBAŞA İŞTİRAKINI DAYANDIRDI

«Azadlıq» qəzeti yazır ki, Mərkəzi Banka məxsus dövlət qısamüddətli notlarının tədavülünə fasilə verilib:

«Bundan bir gün sonra isə Fond Birjasında hər birinin nominal dəyəri 100 manat olan 50 min not, yəni 5 milyon manatlıq, ümumi məbləği 30 milyon manatlıq, tədavül müddəti 28 gün olan qısamüddətli notlar hərraca çıxarılıb. Amma hərrac zamanı birja üzvləri tərəfindən sifarişlər təqdim olunmadığı üçün satış baş tutmayıb. Bundan sonra AMB not tədavülünü dayandırıb».

İqtisadçı-ekspert Oqtay Haqverdiyev «Azadlıq» qəzetinə bildirib ki, maliyyə sisteminə nəzər salanda, qiymətli kağızlar bazarı çox zəif bazar hesab edilir: «Misal üçün, «Azərenerji» qapalı tipli səhmdar cəmiyyətdir. Deməli, onun yalnız adı dəyişib. Qurumun səhmləri, maddiyyatı varsa, onun hamısı dövlətin əlindədir. Dövlət ondan necə istəsə, elə də istifadə edəcək. Bunu digər qurumlara da aid etmək olar. Bütün bunlara baxanda bizdə qiymətli kağızlar bazarının çox zəif olduğu görünür. Praktikaya nəzər salaq, büdcədə kəsir olanda dövlətin qarantiyasında olan qiymətli kağızlar buraxılır. Onu da sıradan kimsə deyil, Mərkəzi Bank alır. Yəni kəsiri bağlamaq üçün Mərkəzi Bankdan borc alınır. Bu, hər il olan məsələdir. Məsələnin digər tərəfi odur ki, qiymətli kağızlar bazarında iştirak baxımından digər ölkələrdən, hətta Rusiyadan belə çox geri qalmışıq. Bizim iqtisadiyyatın özü neft-qaz sektorundan asılıdır. Bu da dövlətin əlindədir. Qiymətli kağızlar bazarında islahatlar aparılmalıdır. Elə sektorlar var ki, onlar dövlətin əlində qalmalıdır, amma əksəriyyət, təxminən 70 faiz özəl olmalıdır. Azərbaycandaiqtisadiyyatın 82 faizinin özəl olduğu deyilir. Lakin ticarət, nəqliyyatın 80 faizi, xidmət və digər sektorları sayanda, bizdə təxminən 20 faiz özəl iqtisadiyyat var. Qalan hamısı dövlətin əlindədir».

«BİZ DÜNYA SƏVİYYƏSİNDƏ İŞLƏR GÖRƏN HƏR KƏSİ QORUMALIYIQ»

Qafqazinfo 51-ci Beynəlxalq «Qızıl Portağal» kinofestivalında 5 nominasiya üzrə ilin ən yaxşı ekran əsəri seçilmiş «Quzu» filmindəki roluna görə «Ən yaxşı aktrisa» mükafatına layiq görülən Türkiyə aktrisası Nəsrin Cavadzadədən müsahibə alıb.

Nəsrin Cavadzadə

Nəsrin Cavadzadə

Bu günlərdə Bakıda çəkildiyi «Son məktub» filminin təqdimetmə mərasimində iştirak edən aktrisa deyib ki, Azərbaycanda isti münasibət görəcəyini gözləmirmiş: «İnsanlar qəribədir. Sosial şəbəkədə, klaviatura qarşısında ağzına gələni yazırlar. Üz-üzə gələndə isə çox isti münasibət göstərirlər. Mən Bakıdakı qala gecəsində belə isti münasibət görəcəyimi təxmin etmirdim. Filmi hər kəs ayaq üstə alqışladı».

Daha sonra o, yazıçı Əkrəm Əylisli ilə bağlı dəstəyinə toxunub:

«Mənim hər sözüm səhv başa düşülə bilər. Mən bir məsələyə görə çox pis olmuşdum. Mən yazarımızƏkrəm Əylisliyə dəstək kampaniyasına qoşulmuşdum. Biz Fransanı müğənniləri, rəssamları, aktrisaları, yazarları ilə tanıyırıq. Sənətçilər, incəsənət nümayəndələri o ölkələrin vitrinidir. Bizi dünya səviyyəsində tanıdan hər kəsin arxasında durmalıyıq. Şərq caz musiqisinin atası Vaqif Mustafazadə, qızı Əzizə Mustafazadə, Rəşid Behbudov ilə qürur duyuram. Bir türk dostumla oturanda bu adlar çəkilən zaman qəlbim qabarır. Bunların hamısı bir potensialdır. Əkrəm Əylisli də bir incəsənət nümayəndəsi, yazardır. Kitablarının yandırılması, evinin qarşısında aksiyaların keçirilməsi yaşlı və dəyərli insana qarşı edilməməli idi. Bu mənim çox canımı yandırdı. Biz dünya səviyyəsində işlər görən hər kəsi qorumalıyıq. Mən həmişə sülh tərəfdarı olmuşam. Özümü dünya vətəndaşı hiss edirəm. İnsanların yaxşı dialoq quracağına inanıram».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG